Borçalı İctimai Birliyinin sədrindən bəyanat
Xeberinfo.com: 8 oktyabr 2016-cı ildə Gürcüstan parlamentinə seçkilər günü Marneuli rayonunun Qızılhacılı kəndində baş vermiş qarşıdurma və bəzi sakinlərin həbsi ilə bağlı Borçalı İctimai Birliyinin sədri Kərəm Məmmədovun Gürcüstanın dövlət rəhbərliyinə və ictimaiyyətinə müraciət edib.
Müraciəti olduğu kimi təqdim edirik:
Oktyabrin 8-də keçirilən parlament seçkiləri Gürcüstanda yaşayan bütün millətlərin həyatında tarixi səhifə açmışdır. Bu seçkilər qardaş ölkənin yeni inkişaf mərhələsinə qədəm qoyacağına böyük ümidlər verir
Təəssüf ki, azərbaycanlıların sıxyaşadıqları Marneuli rayonunun ən böyük kəndlərindənolan Qızılhacılıdakı 48 saylı seçki məntəqəsində seçkinin nəticəsinə etirazlar zamanı baş vermiş qarşıdurma və bu hadisəyə görə 6 nəfərin həbsi narahatlığımıza səbəb olmuşdur.
Seçki kampaniyası dövründə Gürcüstan dövlətinin rəsmiləri xalqı fəal olmağa və verdikləri səsin məsuliyyətini daşımağa çağırırdılar. Qızılhacılıdakı 48 saylı seçki məntəqəsində səsvermə zamanı baş verən qarşıdurma secki prosesində baş verən neqativ hallara qarşı etirazdır. Hesab edirik ki,Gürcüstan dövlətinin və bölgədə yaşayan soydaşlarmızın maraqlarına ziddir. Gürcüstanın hüquq-mühafizə orqanlarını daha təmkinli davranmağa, yaranmış qarşıdurmanın böyüyərək, seçkilərin üzərinə kölgə salmasına imkan verməməyə, seçiciləri öz hüquqları uğrunda qanun çərçivəsində mübarizə aparmağa, düşmən dəyirmanına su tökə biləcək təxribatlara uymamağa çağırırıq.
Borçalı İctimai Birliyi Gürcüstanda demokratik prosesləri, insan hüquq və azadlıqlarının tam təmin olunması istiqamətində atılan bütün addımları dəstəkləyir və yaranan qarşıdurmanın hüquq müstəvisində, ədalətli həll olunacağına dərin ümid bəsləyir.