Təhsil Nazirliyi Ağcabədi Pedaqoji Kollecində yoxlamalara başladı
Bu yoxlamalar rayonun bəzi vəzifə sahiblərinin “yuxusuna haram qatıb”
“xeberinfo.com”: Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən bir neçə gündür ki, Təhsil Nazirliyinin əməkdaşlarından ibarət komissiya Ağcabədi Pedaqoji Kollecində geniş yoxlamalara başlayıblar. Məlum olduğu kimi, fevral ayında Ucar rayon sakininin Ağcabədi Pedaqoji Kollecinin direktor əvəzi Sahib Hüseynovun qanunsuz hərəkətlərə yol verməsi barədə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə daxil olmuş müraciəti üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir. Kollecin direktor əvəzi Sahib Hüseynovun qış imtahan sessiyası zamanı imtahanlardan müvəffəq qiymətlər alması üçün ona müraciət etmiş 4-cü kurs tələbəsindən 11 fevral 2013-cü il tarixdə 450 manat məbləğində rüşvəti təhsil müəssisəsinin inzibati binasında vasitəçidən istifadə etməklə özü üçün alarkən cinayət başında yaxalanmasında və qeyd edilən əməli törətməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır.
Aparılmış əməliyyat tədbirləri zamanı S.Hüseynovun üzərindən müxtəlif əskinaslarla ümumilikdə 5.432 manat nağd pul, xidməti otağına baxış zamanı kollecdə təhsil alan tələbələrin adları və soyadlarının qeyd edildiyi siyahı və qarşılarında pul məbləğləri yazılmış jurnal, 59 ədəd plastik ödəmə kartı və həmin kartlara aid açılmamış vəziyyətdə pin-kod vərəqləri, şəxsiyyət vəsiqələri, “Ədalət və Qanun” qəzetinin redaktoru işləməsi barədə özünə aid vəsiqə və digər sənədlər, eyni zamanda yaşadığı evdən istintaq üçün əhəmiyyət kəsb edən sənədlər aşkar edilərək götürülmüşdür. S.Hüseynov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Sahib Hüseynovun həbs edilməsinə baxmayaraq Ağcabədi Pedaqoji Kolleci ilə bağlı söz-söhbıtlər səngimək bilmədi. Ağcabədidəki mənbəmizin “xeberinfo.com”ya verdiyi məlumatla görə, Sahib Hüseynov həbs olunmamışdan bir qədər əvvəl Kollecinin maliyyə hesabından 200 min manat pul çıxarıb və həmin pulu Ağcabədi rayonunun rəhbər şəxslərindən birinə verib. Məlumata görə, Sahib Hüseynov 200 min manatı Kollecin mühasibinin imzası olmadan bankdan çıxarıb. Bu məlumat Təhsil naziri Mikayıl Cabbarova çatıb və nazir Ağcabədi Pedaqoji Kollecində ciddi, irimiqyaslı yoxlamaların həyata keçirilməsinə dair əmr verib. Artıq bir neçə gündür ki, davam edən yoxlamalar bütün sahələri əhatə edir. Kollec müəllimlərindən birinin əməkdaşımızla söhbətdə verdiyi məlumata görə, çox ciddi nəzarət altında həyata keçirilən bu yoxlamaların əhatə etmədiyi sahə qalmayıb. Ən adi məsələləri də yoxlayan komissiyanın ciddi qanun pozuntuları üzə çıxarması haqqında Kollecin pedaqoji kollektivi arasında söz-söhbət yayılıb.
Məlumata görə, Ağcabədi Pedaqoji Kollecində həyata keçirilən yoxlamalar Ağcabədi rayonundakı vəzifəli şəxslərin də ciddi narahatçılığına səbəb olub. Bu isə 200 min manat haqqındakı söhbətlərin əsassız olmadığını düşünməyə imkan verir.
Bu məlumatla bağlı həqiqəti üzə çıxarmaq üçün aidiyyatı qrumlara sorğu ilə müraciət etməklə lazımı araşdırmaları aparmağa çalışacağıq.
Xosrov