“Azərbaycan və Ermənistandan cavab gözləyirik”
“Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı çərçivə sazişi ilə bağlı anlaşmanın əldə edilməsi üçün perspektivlər mövcuddur”.
Xeberinfo.com: APA-nın xəbərinə görə, bu barədə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov “İnterfaks” agentliyinə müsahibəsində deyib.
İ. Popov bildirib ki, Vyanada prezidentlər əsas məsələlər üzrə danışıqlar prosesinin yenilənməsinə dair razılığa gəliblər.
“Ümid edirəm ki, konstruktiv yanaşma üstün gələcək. İnsidentlərin araşdırılması mexanizmi üzərində işin tamamlanması ilə bağlı məsələdə ən yüksək səviyyədə razılıq əldə edilib və hazırda ATƏT mütəxəssisləri bu məsələnin həlli ilə məşğuldur. Ötən həftə bu məsələ ilə bağlı ekspert qiymətləndirmələrini Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə vermişik. Tərəflərin cavablarını gözləyirik”.
İ. Popovun sözlərinə görə, sülhməramlıların göndərilməsi ilə bağlı məsələ ancaq Dağlıq Qarabağ münaqişəsi üzrə əsas razılıqların əldə edilməsindən sonra mümkün ola bilər.
Səfir həmçinin bildirib ki, müəyyən mərhələdə Dağlıq Qarabağın danışıqlar prosesində iştirak etməsi imkanı nəzərdən keçirilə bilər: “Güman edirəm ki, çərçivə sazişinin imzalanmasından sonra onların danışıqlar masasında qayıtması imkanı nəzərdən keçiriləcək”.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.