Putin Ukraynanın tam işğalı üçün vəd verdi
Rusiyanın tezliklə Ukraynanın şərq regionlarını da tutmaq üçün hərəkətə keçəcəyinə və bu prosesin devrilmiş prezident Viktor Yanukoviçin növbəti müraciəti ilə başlayacağına dair mediaya sızdırılan xəbərlər təsdiqlənib
"xeberinfo.com":Bu gün İTAR-TASS agentliyi Yanukoviçin Ukrayna xalqına müraciətini yayıb.
Müraciətdə Yanukoviç Ukraynanın hər bir regionunu öz statuslarını müəyyən etmək üçün ayrıca referendum keçirməyə çağırıb.
“Qəlbimlə və düşüncəmlə sizinlə bir yerdə olan prezident kimi Ukraynanın sağlam düşüncəli hər bir vətəndaşına müraciət edirəm "bu qondarma hakimiyyətin sizlərdən istifadə etməsinə yol verməyin! Hər bir regionun Ukraynanın tərkibindəki statusunu müəyyən etmək üçün ayrıca referendum keçirilməsini tələb edin” - deyə Yanukoviç bildirib.
Devrilmiş prezident hesab edir ki, növbədənkənar prezident seçkiləri deyil, ancaq ümumukrayna referendumu ölkənin suverenliyini və bütövlüyünü saxlaya, siyasi sabitliyi təmin edə bilər. Yanukoviç həmçinin Regionlar partiyasına müraciət edərək onu partiya sıralarından xaric etməyi xahiş edib.
Gözlənilir ki, Yanukoviçin bu müraciətinin ardınca Ukraynanın şərq regionlarında Rusiyaya birləşmək çağırışlarının yeni dalğası başlayacaq. Kremlin ssenarisinə görə, Rusiyanın Ukrayna sərhədinə cəmləşdirdiyi qoşunlar “öz iradəsini ifadə etmək istəyənlərə” dəstək üçün sərhədi keçəcək, şərq regionlarını nəzarət altına almaqla kifayələnməyən Rusiya qoşunları paytaxt Kiyevi də tutacaq və Viktor Yanukoviç rus tanklarının üstündə yenidən hakimiyyətə qaytarılacaq.
Ukrayna hakimiyyəti bildirir ki, Rusiya ölkə sərhədləri boyu qoşun cəmləşdirməkdə davam edir. Ötən sutka ərzində Rusiya Ukrayna ilə sərhədə yeni hərbi birləşmələr yerləşdirib. Rostov vilayətindən Ukrayna ilə sərhədlərə 400 avtomobildən, 150 BTR-dən ibarət hərbi kalonun hərəkət etdiyi bildirilir. Həmçinin Rosttov dəmir yol stansiyasına 8 “Uraqan” reaktiv yaylım atəşi sistemi və onların 12 nəqliyyat-yükləyici maşını, onlarla tırtıllı mühəndis texnikası, benzindolduran maşınlar, BTR-lər və digər hərbi texnika daxil olub. Hərbi texnikanın platformalardan boşaldıldıqdan sonra Ukrayna istiqamətində hərəkət edəcəyi gözlənilir.
Ukraynanın milli təhlükəsizlik və müdafiə Şurasının katibi Andrey Parubiy bildirib ki, Rusiya mayın 25-nə təyin edilmiş prezident seçkilərini pozmaq üçün öz qüvvələrini göndərib. Onun sözlərinə görə, Rusiyanın planı budur ki, münaqişə yaratsın və ölkənin cənub-şərq regionlarında rusiyameylli qüvvələrin tam dəstəkləndiyini nümayiş etdirsin. Bununla da qoşun yeritmək üçün bəhanə əldə etsin. “Onlar Ukraynadakı situasiyanın destablizasiyasına yönəlmiş taktikanı davam etdirirlər. Məqsəd prezident seçkilərinin keçirilməsinə imkan verməməkdir” deyə Parubiy bildirib. Onun sözlərinə görə, Rusiya Ukrayna ilə sərhədə 100 minlik qoşun qruplaşması cəmləşdirib və onlar döyüşə tam hazır vəziyyətdə gözləyirlər.