Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Terrora və dini ekstremizmə qarşı mübarizəyə start verildi

 

 

Parlamentdə Nardaran, dini bayraq, dini təhsil müzakirələri aparıldı, qərarlar verildi 

 

Xeberinfo.com:   Milli Məclisin növbəti plenar iclası parlament sədrinin 1-ci müavini Ziyafət Əsgərovun sədrliyi ilə davam edir. İclasda əvvəlcə “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsi müzakirə olundu. 
Qanun layihəsi barədə məruzə edən İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirdi ki, Azərbaycanda dini modelin ən düzgün forması mövcuddur:“Azərbaycanda dövlət həmişə dinin yanında olub və yanındadır. Başqa ölkələr bu sahədə bizə qibtə edə bilər. Lakin bəzi hallarda görürük ki, dini pərdə altında bəzi dövlətlərin ideologiyaları Azərbaycana ixrac olunmaqdadır. Qanunun əsas məqsədi bu ideologiya ixracının qarşısının alınması, Azərbaycanda klassik İslam modelinin saxlanmasıdır. Əvvəllər insan hüquqları adı altında müxtəlif ölkələrdə məkrli niyyətlər həyata keçirməyə çalışıblar. İndi isə bəziləri din pərdəsi altında bunu həyata keçirməyə çalışırlar. Bu qanunla belə hərəkətlərinin qarşısını almağa çalışırıq”. S. Novruzov dedi ki, belə bir qanun xeyli əvvəldən qəbul edilməliydi: “Xaricdə oxuyanlardan bəziləri sonradan Azərbaycana qayıdıb dini ekstremizmlə məşğul olurlar. Belə halların qarşısı alınmalıdır”. Komitə sədri Azərbaycanda min nəfərə qədər gəncin xaricdə ayrı-ayrı ekstremist qruplaşmalarda iştirak etdiyini də vurğuladı. S.Novruzovun sözlərinə görə, dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasından dəqiqləşdirilməmiş məlumat yayan jurnalistlər də məsuliyyətə cəlb olunacaq: “Jurnalistlər bu məsələdə məsuliyyətli olmalıdırlar”. Komitə rəhbəri Nardaran hadisələrindən bəhs edərkən bildirdi ki, vətəndaşlar ayıq-sayıq olmalıdır: “Heç kimə imkan vermək olmaz ki, qanundan kənar hansısa dini idarəetmə yaratsın. Azərbaycan vətəndaşları səs verərək, dövlət quruluşunu müəyyən ediblər. Ancaq hardasa dini təlim keçmiş insanlar ayrı-ayrı yerlərdə dövlət quruluşumuzun pozulması yönündə açıq-aşkar fəaliyyət göstərirlər. Biz dünən Qafqaz Müsəlmanları İdarəsində də Nardaran hadisələri ilə bağlı bir toplantı keçirdik. Ayrı-ayrı dövlətlərin ərazisində təlim keçən insanlar bu işləri görürlər”.
Millət vəkili Zahid Oruc çıxışında bildirdi ki, dini ayinlər zamanı yığılan vəsaitlərin hesabatını aparmaq lazımdır: “Dünyada terrorizmlə fəal mübarizə gedir və terrorizmin maliyyələşdirilməsi özü bir cinayətdir. Düşünürəm ki, bütün ziyarətgahlarda toplanan ianələrin hesabatı aparılmalıdır. Nə qədər vəsair yığılır, nə qədər xərclənir, məlum deyil. Deyilənlərə görə, təkcə Nardaranda dini ayinlər zamanı bir milyon manata yaxın pul yığılıb. Göründüyü kimi, bu vəsait qəsəbənin inkişafına deyil, terrorizmin maliyyələşdirilməsinə və silah alınmasına sərf edilir". Z.Oruc Nardarandakı pirə toplanan vəsaitlərdən bu kəndə bir manat da xərclənmədiyini xatırladıb bu vəsaitlərin hara sərf olunması barədə araşdırmaya da ehtiyac olduğunu qeyd etdi. 
Musa Qasımlı isə dedi ki əgər vaxtında tədbirlər görülməsə, bir gün cümə namazından çıxdıqdan sonra radikal dini qüvvələrin arasında çox ciddi qarşıdurmaların şahidi olarıq. Deputat vaxtilə Marqaret Tetçerin “Şah niyə devrildi” sualına özünün verdiyi cavabını xatırlatdı. Tetçer Şahın devrilməsinin birinci və əsas səbəbi kimi məscidlərin siyasiləşməsini göstərib: “Ona görə də məscidlərin siyasiləşməsinə qətiyyən yol vermək olmaz, məscidlər dini ibadət yerləridir”.
Millət vəkili Fazil Mustafa dedi ki, gərək bu qanunu vaxtında qəbul edəydik: “Dövlət üçün ekstremizmin təhlükəli üç növü var: siyasi ekstremizm, etnik separatizm və dini ekstremizm, sonuncu ən təhlükəlidir. Təklif edirəm ki, yaxın zamanlarda siyasi, etnik və dini ekstremizmə qarşı mübarizə barədə qanunu qəbul edək”.   
Fəzail Ağamalı dedi ki, bu qanunun İslamla bağlılığı barədə söylənilənlər yolverilməzdir: “Məgər İŞİD-i İslam yaradıb? Tale Bağırzadənin İslama nə aidiyyatı var? Xahiş edirəm ki, kimlərsə bu qanunun guya İslama qarşı olması barədə yozmalar aparmasınlar”. 
Deputat Qüdrət Həsənquliyev isə bildirdi ki, kimsə bizi öz dinimizə qarşı çıxmaqda ittiham edə bilməz: “Mən hakim partiyanın təklif etdiyi bu qanunu dəstəkləyirəm. İndiyədək həm ölkə prezidenti, həm də birinci xanım səviyyəsində İslam və dinimizin qorunması istiqamətində böyük addımlar atılıb. Bu addımlar ölkədə yüksək qarşılanıb. Hesab edirəm ki, biz İslamı gözdən salanları ifşa etməliyik və dinimizi qorumalıyıq. Nardaranda gizlənmiş bir qrup şəxslər dinimizi gözdən salmağa çalışırdı”. Deputat təklif etdi ki, qanunun müvafiq bəndində jurnalistlərin hüquq-mühafizə orqanları tərəfindən operativ şəkildə lazımı məlumatlarla təmin olunması da əks olunmalıdır: “Çünki jurnalist hər hansı keçirilən əməliyyatla bağlı dəqiq bilə bilməz ki, hansı məlumat dövlət sirridir, hansı məlumat isə yox. Bunu yalnız hüquq-mühafizə orqanlarının aidiyyatı şəxsləri bilə bilər. Ona görə də hesab edirəm ki, jurnalistlər lazımı məlumatlarla operativ olaraq təmin olunmalıdır”. 
Vitse-spiker Bahar Muradova bildirdi ki, bu qanun və bundan sonra da qəbul olunacaq bu kimi qanunlar İslama qarşı deyil: “Deputatlarımızdan xahiş edirəm ki, yeni hazırlanan “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsini yalnız Nardaranda baş verən hadisə ilə əlaqələndirməsinlər. Kimsə bu qanunu İslama qarşı olmaqda ittiham edə bilməz. Avropada da terror hadisələri baş verir. Bunu açıq şəkildə dinlə əlaqələndirirlər. Burada əsas məsələ din deyil, siyasətdir”. B.Muradova dedi ki, Nardaranda baş verən hadisələr hər kəsi narahat edir: “Məsələyə daha geniş və qlobal baxmalıyıq. “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsində günün tələblərini əks olunur. Bəzi dövlətlər Azərbaycanda insanları din pərdəsi altında və ya başqa yolla şirnikləşdirirlər və öz ideyalarını həyata keçirmək istəyirlər. Azərbaycan vətəndaşları öz dini inanclarını yerinə yetirərkən, həm də fikirləşməlidirlər ki, Azərbaycan dünyəvi dövlətdir. Din mədəniyyətimizin bir hissəsidir. Dövlət vətəndaşlarının yanındadır və onları bundan sonra bu qanunla daha yaxşı qoruya biləcək. Çalışırıq ki, insanlar dini ekstremizmə yuvarlanmaqdan xilas edək”.   
 
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə məscidlərdə siyasi müzakirələrin aparılmasının yolverilməz olduğunu bəyan etdi: “Nə vaxtdan məscid siyasi diskussiya meydanı olub? Hər birimizin dindən az-çox məlumatımız var. Dindarın siyasətlə nə işi var? Dindar məscidə gedib namaz qılmalıdır, siyasi diskussiyalar, dövlət əleyhinə kampaniyalar aparmalı deyil. Nardaranda hara baxırdın, qara bayraqlar asılıb. Dində bu cür bayraq anlayışı varmı? Burada Quran oxuyan insanlar əyləşib. Onlara müraciət edirəm, Quranda belə hallar varmı? Azərbaycanda yalnız bir bayraq dalğalana bilər, o da üç rəngli Azərbaycan bayrağıdır. Bura müstəqil Azərbaycan dövlətidir və onun öz bayrağı var. Bu bayrağı bizə ötən əsrin 90-cı illərinin əvvəlində ulu öndər Heydər Əliyev qazandırıb”. 
Qüdrət Həsənquliyev vətəndaşlıqdan məhrumetməni konstitusiyaya zidd adlandırdı və konkret maddəni oxudu. Lakin Z.Əsgərov dedi ki, söhbət vətəndaşlığın itirilməsindən gedir. 
Bundan sonra yalnız 2 nəfər əleyhinə olmaqla qanun qəbul edildi. 
“Dini etiqad azadlığı” haqqında qanuna əlavə və dəyişikliklərin müzakirəsi zamanı deputat Fazil Mustafa dedi ki, layihədə əksini tapan dini bayraq anlayışı yolverilməzdir: “Sən niyə başqa bayraqdan istifadə etməlisən? Bu dövlətin bir bayrağı var, xoşun gəlmir, çıx get bu ölkədən!”
Millət vəkili Qənirə Paşayeva dedi ki, qanunda yalnız İslam dinindən söhbət getməməli, bu sözü dini ayin və mərasimlər ifadəsi ilə əvəzləmək lazımdır: “Qanundan bayraq ifadəsini isə ümumiyyətlə çıxartmaq lazımdır”.
Deputat Tahir Kərimli müzakirələr zamanı konkret təklifi olanların da dinlənilməsinin arzuolunan olduğunu dedi və əvvəlki qanunun müzakirəsində ona söz verilməməsindən şikayətləndi. Xaricdə dini təhsil alan şəxslərə qadağa qoyulmasını xatırladaraq bildirdi ki, bəs, qanunvericilikdə dini təhsil hüququnun verilməsi barədə müddəanı nə edək?“3 minə yaxın vətəndaşımız xaricdə təhsil almağa göndərilib. Dövlətə qarşı kim təbliğat aparırsa, ona qarşı mübarizə aparılmalıdır, xaricdə təhsil alıb-almamasına baxmayaraq”.  
İclasda iştirak edən Dini Komitənin sədri Mübariz Qurbanlı dedi ki, İslamda yaşıl rəngdən söhbət gedir, o da bizim bayrağımızda əksini tapıb. Bu mənada, biz də qanuna dini ibadətgahların qarşısında başqa atributların asılmasını qadağan edən müddəa əlavə edə bilərik.    
Dəyişikliklərdən sonra dini ayin və mərasimlərin aparılmasının yalnız Azərbaycanda dini təhsil almış şəxslərə həvalə edilməsi barədə dəyişiklik qəbul edildi.  
Bundan sonra “Polis haqqında” Qanuna əlavələr təsdiqləndi.  Dəyişikliklər terrorçuluq və ya dini ekstremizm, yaxud dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındığı zaman polisə silahdan birbaşa istifadəyə imkan verilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam