“Xeberinfo.com”un yazdıqları təsdiqləndi
MTN Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi generel-mayor Nizami Şirinov da həbs oluna bilər
"Xeberinfo.com": Bu gün MTN Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi generel-mayor Nizami Şirinov da vəzifəsindən azad edilərək sərəncama götürülüb. Yaxın saatlarda qərarın rəsmən elan ediləcəyi də gözlənilir.
Biz bu gözlənti ilə bağlı ayın 20-də “xeberinfo.com”da yazmışdıq. “MTN-nin daha bir generalının həbs olunmaq təhlükəsi var!: ÖZƏL” sərlövhəli yazıda Nizami Şirinovun vəzifə səlahiyyətlərindən sui-istifadəsi və digər fəaliyyəti haqqında məlumat vermişdik...
"Milli Təhlükəsizlik Nazirliyində həbs dalğasının davam edəcəyi ilə bağlı məlumatlar özünü doğrultmaqdadır. Həm də aşağı rütbəli deyil, yüksək vəzifə sahiblərinin-generalların həbsi davam edəcək. Redaksiyamıza Milli Təhlükəsizlik Nazirliyinin daha bir generalının nəzarətə götürülməsi ilə bağlı məlumat daxil olub. Məlumata görə Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-kəşfiyyat Baş İdarəsinin rəisi general-mayor Nizami Şirinov artıq nəzarətdədir... O sabiq nazirə yaxınlığı ilə seçilməklə, küllü miqdarda maliyyə maxinasiyalarının iştirakçısı və bəzi hallarda rəhbərlik edəni olub. Təkcə bir fakt: “xeberinfo.com”a daxil olan məlumata görə idarə üçün inzibati binanın tikintisi prosesində onun tərəfindən 8 milyon manat mənimsənilib. İş icraçısı Hacı adlı şəxs isə bugünə qədər də haqqına sahib ola bilmir.
Məlumata görə nəzarətə götürüldüyündən duyuq düşən general ayın 19-da gecə saat 3-də xidməti otağından bütün lazımı əşyalarını çıxarıb. Hətta bu əşyaların 3 maşınla aparıldığı da deyilir. Bundan sonra isə onunla bağlı ən yüksək instansiya məlumatlndırılıb və anındaca da qərar qəbul olunub. Artıq general-mayor Nizami Şirinov nəzarətdədir.
Xatırladaq ki, Nizami Şirinov Eldar Mahmudovun kadrı sayılır və məhz onun təqdimatı, cənab prezidentin 27 mart 2007-ci il tarixli sərəncamı ilə bu rütbəyə yüksəlib. Bu vəzifədən əvvəl isə o polis orqanında sıradan zabit olub. Təyinatının ilk günlərindən o rəhbərlik etdiyi idarədə 69 təcrübəli çekisti qanunsuz olaraq işdən çıxarıb. Görünür bu çekistlər Nizami Şirinov kimi diletant idarə rəisinin kerçəkləşdirməyə planlaşdırdığı özəl maraqlarının qurbanı olublar. Onun idarəçilkidə qeyri-peşəkarlığı ilə bağlı çoxlu məlumatlar var.
Cənab Şirinovla bağlı əldə etdiyimiz digər məlumatlar isə onun var-dövlət hərisliyi ilə bağlıdır. Məlumata görə ölkə daxilindən əlavə generalın Almaniyada və Türkiyədə topdağıtmaz daşınmaz əmlakları var. Türkiyədəki villasının isə yüksək qiymətə terrorçu qruplardan birinə kirayə verildiyi də deyilir. Bu səbəbdən də Nizami Şirinovun Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) da nəzarətində olduğu məlumdur. Bu haqda qardaş ölkə mətbuatında da xəbərlər səslənib.
Daşınmaz əmlak silsiləsindən başqa, Nizami Şirinovun bahalı maşınlar kolleksiyası haqqında da məlumatlar var. Bu kolleksiyada ən bahalı son model maşınlar yer alıb...
Qarşı tərəfi də dinləməyə hazırıq".
Tofiq