Prezident: "Əlavə xərclərə yol verməyin, pula qənaət edin..."
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
"Xeberinfo.com": Məlumata görə, Prezident İlham Əliyev bu il dünyada davam edən böhrana, neftin qiymətinin kəskin düşməsinə, ölkəmizə qarşı əsassız təzyiqlərə və bəzi hallarda təxribatlara baxmayaraq ötən 9 ayda Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini bildirib.
Bu dövrdə iqtisadiyyat 3,7 faiz, sənaye istehsalı 2,1, qeyri-neft sənayesi 10 faizdən çox, kənd təsərrüfatı istehsalı 6,7 faiz artıb. İlin 9 ayında inflyasiya 3,7 faiz təşkil edib, əhalinin pul gəlirləri 5,8 faiz artıb, ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollar sərmayə qoyulub.
Dövlət başçısı sosial sahədə icra olunan layihələrdən danışarkən qeyd edib ki, ötən dövrdə ölkədə 34 məktəb, 26 uşaq bağçası, 11 tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı xeyli iş görüldüyünü deyən prezident İlham Əliyev xüsusilə ünvanlı sosial yardımın verilməsində şəffaflığın təmin edildiyini vurğulayıb və bildirib ki, indi 500 min insan, yəni 114 min ailə ünvanlı sosial yardım alır.
Yeni iş yerlərinin yaradılması istiqamətində dövlət siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində 9 ayda ölkədə 87 min yeni iş yerinin açıldığını, bunun da 67 mininin daimi olduğunu deyən prezident İlham Əliyev qazanılan uğurları ölkəmizin müstəqil siyasət aparması və Azərbaycanda sabitliyin və təhlükəsizliyin təmin olunması, vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi ilə əlaqələndirib.
Dövlət başçısı bu il ölkəmizin tranzit imkanlarının genişləndirilməsi üçün əlamətdar hadisələrin baş verdiyini, Çindən Azərbaycana ilk konteyner qatarının gətirildiyini, Bakı-Tiflis-Qars dəmir yolunun Azərbaycan hissəsinin tikintisinin başa çatdığını bildirib. “Cənub” qaz dəhlizinin yaradılması ilə bağlı bu ilin 9 ayında xeyli iş görüldüyünü, “Şahdəniz-2” yatağının işlənməsi, TANAP layihəsinin icrası ilə bağlı ciddi addımların atıldığını diqqətə çatdırıb.
Ordu quruculuğu ilə bağlı da ölkədə mühüm işlərin görüldüyünü, bu sahənin gələn il də prioritet olacağını, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlərin görüləcəyini vurğulayan prezident İlham Əliyev təmas xəttində Azərbaycanın tam üstünlüyə yiyələndiyini, düşmənin bütün təxribatlarının qarşısının alındığını, ötən ay təmas xəttində düşmənin təxribat qrupunun məhv edildiyini, onların ağır itkilər verdiyini bildirib.
“Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsipləri əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır” - deyən prezident İlham Əliyev Ermənistandakı kriminal diktatura rejiminin Dağlıq Qarabağın Ermənistanın ayrılmaz hissəsi olması ilə bağlı verdiyi bəyanata toxunaraq bildirib ki, dünya birliyi və beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır.
“Bu gərgin psixoloji durumda verilən bəyanat Ermənistan rəhbərliyini ifşa və biabır edir” - deyən dövlətimizin başçısı xunta rejimindən bundan artığını gözləməyin mümkün olmadığını diqqətə çatdırıb.
“Azərbaycan güclü ölkədir, iqtisadi və siyasi sahədə böyük uğurlara imza atıb və regional məsələlərdə mühüm rol oynayır, ölkəmizin iştirakı və razılığı olmadan bölgədə heç bir layihə icra oluna bilməz” - deyən prezident İlham Əliyev iqtisadi və hərbi potensialın Azərbaycanın gücünü daha da artırdığını bəyan edib.
Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, səhiyyə naziri Oqtay Şirəliyev, təhsil naziri Mikayıl Cabbarov bu ilin 9 ayında görülən işlərlə bağlı məruzə ediblər.
Yekun nitqində prezident İlham Əliyev bildirib ki, qlobal rəqabətlilik qabiliyyətinə görə Davos İqtisadi Forumu ölkəmizi 40-cı yerdə qərarlaşdırıb. Bununla da Azərbaycanın MDB-də birinci yerdədir, beynəlxalq reytinq agentlikləri də ölkəmizin reytinqlərini yüksəldib.
Ölkədə maliyyə intizamının gücləndirilməsinin, izafi xərclərə yol verilməməsinin vacibliyini deyən dövlət başçısı bildirib ki, prioritet təşkil etməyən layihələrə vəsaitin ayrılması dayandırılmalı, büdcə xərclərinin strukturuna yenidən baxılmalı və büdcə vəsaiti qənaətlə işlədilməlidir. Bundan əlavə, sahibkarlar vergiləri vaxtında ödəməli, onların qarşısında əsassız ödəmələrlə bağlı tələb qoyulmamalıdır.
Korrupsiya ilə mübarizə hallarının daha da gücləndirilməsinin, bu sahədə sistem xarakterli islahatların davam etidirilməsinin, “ASAN xidmət”in fəaliyyətinin genişləndirilməsinin zəruri olduğunu deyən prezident İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ictimai nəzarətin də gücləndirilməsinin əhəmiyyətindən danışıb.
Dövlət başçısı deyib ki, ölkədə dayanıqlı inkişafın təmin olunması üçün bundan sonra da sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılmalı, xarici sərmayələr daha çox qeyri-neft sektoruna cəlb olunmalı, biznes mühiti yaxşılaşdırılmalı, yoxlamaların tənzimləmə mexanizmləri hazırlanmalı, yoxlamaların və lisenziyaların sayı kəskin şəkildə aşağı salınmalıdır.
Prezident İlham Əliyev kənd təsərrüfatının və sənayenin inkişafı, meliorativ tədbirlərin görülməsi, yeni əkin sahələrinin yaradılması, bundan əlavə, dərman bazarında vəziyyətə nəzarətin daha da gücləndirilməsi, metronun yeni stansiyalarının tikintisinin davam etdirilməsinin də vacibliyini diqqətə çatdırıb.
Birinci Avropa Oyunlarının ölkəmizə marağı daha da artırdığını, turizm sektorunun inkişafına təkan verdiyini deyən dövlət başçısı gələn illərdə keçiriləcək idman tədbirlərinin də bu baxımdan əhəmiyyətli olacağını bildirib.
Prezident İlham Əliyev “Cənub” qaz dəhlizinin tikintisi ilə bağlı tədbirlərin vaxtında həyata keçirilməsinə dair tapşırıqlarını verib, ilin sonuna qədər nəzərdə tutulan bütün tədbirlərin uğurla reallaşacağına əminliyini ifadə edib.