Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Rusiyanın Türkiyə və Qərbə “Şimal axını” layihəsinin pərdəarxası

 

Kreml qaz müharibələrində taktikanı dəyişir; TAP-ın yolu daha da açılır, ancaq... 

"Xeberinfo.com":   Rusiya prezidenti Vladimir Putinin saxta “erməni soyqırımı”nın 100-cü ildönümü ilə bağlı İrəvanda keçirilən tədbirə qatılmasını Türkiyə hələ də ona bağışlaya bilmir. Hər halda, bu addım iki ölkənin münasibətlərində soyuqluq yaratmaqda davam edir. Bunu Ankarada ötən bazar keçirilən Ümumdünya Krım Tatarlarının II Konqresi bir daha təsdiqlədi.

 
Söhbət toplantının Türkiyə paytaxtında keçirilmə faktının özündən, orada Krım tatarlarının lideri Mustafa Cəmiloğlu başda olmaqla, çıxışçıların Rusiya əleyhinə səsləndirdiyi kəskin və qıcıqlı fikirlərdən, prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlunun toplantı iştirakçılarına təbrik-müraciətlərindən gedir. Həmin müraciətlərdə Türkiyənin Krımı işğalı pislənilir və Ankaranın heç vaxt bu işğalla barışmayacağı bildirilir.
 
Yada salaq ki, Putinin 24 aprel İrəvan səfəri rəsmi Ankaranın sərt reaksiyasını doğurmuş, prezident Ərdoğan, həm baş nazir Davudoğlu və XİN səviyyəsində kəskin bəyanatlara səbəb olmuşdu. Bunun nəticəsi idi ki, Ərdoğan II dünya savaşında qələbənin 70 illik törəni ilə bağlı Moskvaya səfər dəvətini geri çevirmişdi. 
Ən önəmlisi, Putinin İrəvan yanlışı bəzi rusiyalı ekspertlərin və siyasətçilərin də etiraf elədikləri kimi, yüksəlişdə olan Moskva-Ankara iqtisadi-energetik əlaqələrə zərbə vurmuş oldu. Məhz 24 apreldən sonra qardaş ölkənin konkret olaraq “Türk axını” ilə bağlı şərtləri xeyli sərtləşdi. Nəticədə layihə ilə bağlı hökumətlərarası (“Qazprom”-BOTAŞ) ilkin sənədin imzalanması aylardır yubanır.
*    *    *
Maraqlıdır ki, Rusiya ilə Türkiyə arasında hay-küylü “Türk axını” qaz boru kəmərinə dair danışıqların düyünə düşdüyü vaxtda “Qazprom” Avropaya çıxış üçün yeni dəhliz açmağa çalışır. Məlum olub ki, “Qazprom”la Almaniyanın “Wintershall” şirkəti Baltik dənizinin dibindən keçən “Şimal axını” qaz kəmərinin buraxılış gücünün artırılmasına dair öz aralarında sakitcə memorandum imzalayıblar (virtualaz.org).
Memorandum barədə məlumatı alman tərəfinin yaydığı bildirilir. Söhbət “Şimal axını-2" yeni qaz kəmərinin tikintisindən gedir. Bu kəmərin marşrutu 90 faiz ”Şimal axını" kəmərinin marşrutunu təkrarlayır. Buraxılış gücü isə təxminən “Türk axını” kəmərinin buraxılış gücü qədər olmalıdır - ildə 55 milyard kubmetr.
Bundan əvvəl, iyunun 18-da Peterburqda keçirilən beynəlxalq iqtisadi forum çərçivəsində “Qazprom”  E.ON, “Shell” və OMV şirkətləri ilə “Şimal axını” kəmərinin ikinci hissəsinin tikintisinə dair anlaşma memorandumunu imzalamışdı. İndi bu anlaşmaya “Wintershall”ı cəlb etməklə Rusiya qaz nəhəngi nümayiş etdirir ki, layihəni həyata keçirməkdə niyyəti ciddidir və Türkiyənin “Türk axını” kəmərinə dair ağır şərtlər irəli sürməsi rus qazının Ukraynadan yan ötməklə Avropaya ötürülməsinə dair planlara mane olmayacaq.
***
Bəs Kreml “Cənub axını” layihəsini Avropa Komissiyanın yaratdığı əngəllərə görə dayandırmağa məcbur olandan, Avropa Birliyinin və ABŞ-ın əleyhinə olduğu “Türk axını” layihəsinə dair danışıqlar dalana dirənəndən sonra üçüncü dəfə uğursuzluğa düçar olmayacaq ki?
 
Məsələ ondadır ki, “Şimal axını-2" qaz boru kəmərinin tikintisi artıq fəaliyyət göstərən ”Şimal axını" kəmərinin genişləndirilməsi layihəsi kimi nəzərdə tutulduğundan Avropa Komissiyasının razılığı tələb olunmur. Bu layihəni həyata keçirmək üçün Almaniyanın dövlət dağ-mədən, geologiya və təbii resurslar idarəsinin, habelə energetika nazirliyinin razılığı kifayətdir. Və “Şimal axını” konsorsiumunun operatoru olan E.ON şirkəti üçün belə razılığı almaq çətin olmayacaq.
Həmçinin ABŞ-ın bu layihəyə mane olmaq imkanları məhduddur. Doğrudur, amerikalılar qaz məsələlərində intriqa yaratmağın ustasıdırlar və artıq sübut ediblər ki, “Qazprom”un planlarını poza bilirlər. Lakin “Qazprom” bu dəfə planlarını elə qurub ki, amerikalıların müdaxiləsi mümkün olmasın.
 
Digər maraqlı detal odur ki, “Şimal axını-2" kəmərini 2019-cu ildə istismara vermək nəzərdə tutulur. ”Qazprom" dəfələrlə elan edib ki, nə olur-olsun, həmin müddətdən Ukraynadan Avropaya qaz tranzitini dayandıracaq. Əgər “Şimal axını-2" layihəsinə dair işləri irəli aparmaq mümkün olsa, o zaman ”Qazprom" Türkiyə ilə “Türk axını” kəmərinə dair danışıqlarda güclü kozır əldə etmiş olacaq. 
 
Məlum olduğu kimi, Türkiyə bu layihəyə dair mövqeyini bir neçə dəfə dəyişib, “Qazprom” tikinti işlərinə başlamaq üçün tələssə də, hökumətlərarası razılaşmanı imzalamaq mümkün olmayıb. Buna bir tərəfdən Türkiyədə AKP-nin parlamentdə hakim çoxluğu əldən verməsi və koalision hökumət danışıqlarının nəticəsiz qalması səbəb olub. Digər tərəfdən, Türkiyə kəmərin yolunu açmaq üçün maksimum mənfəət əldə etməyə çalışır, təkcə tranzit ölkə statusu ilə kifayətlənmək istəmir.
Ancaq indi ruslar nümayiş etdirir ki, Türkiyənin nazı ilə hərəkət etməyəcəklər və Avropaya yeni dəhliz açmaq üçün şansları var. Bu, Rusiyanın “Türk axını” layihəsində ağır şərtlər irəli sürən Türkiyəyə qarşı “atla gedişi” də hesab edilə bilər. Böyük ölçüdə siyasi mahiyyət daşıyan “Türk axını” kəmərinə nisbətən “Şimal axını-2"nin dəfələrlə ucuz başa gələcəyi də ”Qazprom"un Ankara ilə danışıqlarda mövqelərini gücləndirəcək.
Belə ki, Baltik dənizinin dibindən yeni kəmərin çəkilməsi üçün 9 milyard avro tələb olunur, “Türk axını” isə bundan 3 dəfə baha başa gələcək. Lakin “Qazprom” bu layihəni irəli sürməklə “Türk axını”ından imtina etməz. Rusiya hər iki layihəni həyata keçirməkdə və beləliklə Avropanın qaz bazarında mövqelərini daha da möhkəmləndirməkdə maraqlıdır.
*    *    *
Xatırladaq ki, “Türk axını”nın marşrutu Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Cənub Qaz Dəhlizini (TAP) təkrarlayır. Rusiya bu layihəni irəli sürəndən etibarən Yunanıstanda və İtaliyada (Hər iki ölkədə Kremlin mövqeləri güclüdür) TAP kəmərinin tikintisini ləngitmək meylləri müşahidə olunurdu. İndi “Türk axını” danışıqlarının qeyri-müəyyən müddətə dayanması Cənub Qaz Dəhlizinə maneələri də aradan qaldıra bilər. 
Əlavə edək ki, bugünlərdə “Türk axını” ilə bağlı Moskva ilə Ankara arşında danışıqların təxirə salındığı təsdiqlənib. Rusiyanın baş naziri Dmitri Medvedyev, Kremlin mətbuat katibi Dmitri Peskov bunu Türkiyədə yeni hökumətin hələ də formalaşmaması ilə əlaqələndirsələr də, səbəb əlbəttə ki, təkcə bu deyil. 
Birinə toxunuldu - Türkiyə bu layihəyə təkcə iqtisadi proje kimi baxmır və yalnız tranzit ölkə qismində çıxış eləmək niyyətində deyil, həm də Avropa üçün əsas xab rolunda iddia edir və paralel olaraq qazın qiymətində güzəşt tələb edir. Ankaranın buna siyasi haqqı da çatır. Çünki sanksiyalar altında olan Rusiya ilə iqtisadi-energetik iş birliyinə razılıq verməklə özünü Qərbin, ələlxüsus Vaşinqtonun hədəfinə gətirmiş olur. Ərdoğan iqtidarının isə hazırda İŞİD, PKK problemləri ilə bağlı Qərbin, NATO-nun dəstəyinə ciddi ehtiyacı var. 
Belə görünür, qarşıdakı payıza nəzərdə tutulan Putin-Ərdoğan görüşündə ikitərəfli münasibətlərdə açıq qalmış bu və başqa məsələlərin hamısına aydınlıq gələcək. Hər ikisi Amerikanın basqısını hiss edən Ankara və Moskvanın yolları birləşəcək, yoxsa ayrılacaq? Bir qədər gözləyək. 
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam