Tutulan icra başçısı və müavini Bakıya başlarına torba keçirilərək gətirilib - Təfərrüatlar
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və onun birinci müavini Tatarov Ramiz Cahangir oğlu dekabrın 18-də axşam saatlarında xüsusi xidmət orqanları əməkdaşları tərəfindən külli miqdarda rüşvət alma ittihamı ilə saxlanılıb.
Yenixeber.org: Bu barədə hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbələr informasiya verib.
Məmurlar başlarına torba salınaraq həmin gecə Bakıya gətiriliblər. Hazırda saxlanılan şəxslər ətrafında araşdırmalar aparılır. Hələlik Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindən icra başçısı və onun müavinin saxlanmasına münasibət bildirilməyib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov oxu.az-a bildirib ki, göstərilən şəxslərlə bağlı informasiyaya malik deyil.
Lakin, ilkin məlumatlara görə, hüquq-mühafizə orqanlarında rüşvət alarkən cinayət məsuliyyətinə cəlb edildikləri iddia edilən N.Quliyev və R.Tatarova qarşı kifayət qədər sübut var.
Bəzi məlumatlara görə, Nizaməddin Quliyev hələ 10 ilə yaxın rəhbərlik etdiyi Goranboy rayonunun rəhbəri olarkən böyük rüşvətxor və tamahkar kimi tanınıb.
Ramiz Tatarova gəldikdə, Ağstafa rayonunun asayiş keşikçiləri üç il əvvəl icra hakimiyyətindən külli miqdarda vəsaitin oğurlanması ilə bağlı hadisəni yaxşı xatırlayırlar.
O zaman R.Tatarov mühafizə rəisini və onun işçilərini səhlənkarlıqda ittiham edərək büdcə vəsaitlərinin oğurlanmasının onların günahı olduğunu bildirdi. Bununla əlaqədar olaraq polis əməkdaşları işdən qovuldu. Lakin R.Tatarovun bu oğurluqda iştirak edə biləcəyini ehtimal etmək üçün əsaslar var.
Əldə edilən məlumata görə, N.Quliyevin tutulması həm də 2017-ci ildə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin və NATO-nun Dəstək və Təchizat Agentliyinin Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun “Ceyrançöl” layihəsi çərçivəsində təmizlənmiş torpaq sahələri ilə əlaqədardır.
İcra hakimiyyətinin rəhbəri şəxsi maraqları naminə bu ərazilərdən istifadə etmək istədiklərini bildirən sahibkarlara əngəl törədib. Bu barədə məlumat hakimiyyətin ən yüksək eşelonlarının nümayəndələrinə çatıb.
Mənbələr qeyd edir ki, istintaq orqanları hazırda son 10 il ərzində Goranboy Rayon İcra Hakimiyyətindəki kargüzarlıq işlərini yoxlayırlar.
Qeyd edək ki, N.Quliyevin bir oğlu - Ramin Quliyev Nərimanov rayonu məhkəməsinin hakimi, digəri isə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində vəzifə sahibidir. (oxu.az)