Füzulidə Milli Qəhrəmanlar yad edildi
"Xeberinfo.com": Torpaq qəhrəmanlar yetişdirir. Azərbaycanın mayasında yaşayır bu qəhrəmanlıq, şəhidlik zirvəsi. Bu torpaq üçün torpağa düşmüş insanlar şəhidliyin ən yüksək zirvəsində qalibiyyət nəğməsi ilə Milli Qəhrəman adına layiq görülərək dünyaya vida söyləmişlər. Əgər şəhid varsa, demək, vətən var. Şəhidlik Allah hökmü deyil. O, ürəyin hökmüdür, damarda axan qeyrətin əmridir. Hər kəs canından keçərərk şəhid ola bilmir. İnsan uğrunda can verdiyi həqiqətə inanmasa, məqsədinə yetişə bilməz. Bu fikirlər Horadiz şəhərində Azərbaycanın suverenliyi, torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olmuş füzulili Milli Qəhrəmanların ailələri ilə keçirilən görüşdə bildirilmişdir.
Milli Qəhrəmanlara göstərilən diqqət və qayğının, ehtiramın bariz nümunəsi kimi Horadiz şəhərində Qəhrəmanlar Parkı salınmış, Parkda 6 nəfər Milli Qəhrəmanın şərəfinə abidə kompleksi ucaldılmışdır.
Noyabrın 28-də havanın yağışlı olmasına baxmayaraq, yüzlərlə füzulili Horadiz şəhərinin giriş hissəsində- Bayraq meydanının yaxınlığında salınmış Qəhrəmanlar Parkına toplaşmışlar.
Qəhrəmanlar parkının açılış mərasimində Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, idarə, müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Qəhrəmanların ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri abidə önünə gül-çiçək dəstələri qoymuş, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sonra Parkın açılış mərasimi keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin Başçısı Alı Alıyev Milli Qəhrəmanlara Azərbaycan Prezidenti cənab İlham Əliyevin, diqqət və qayğısından danışmış, şəhidlərin torpaqlarımızın müdafiəsi yollundakı şərəfli xidmətlərinin heç zaman yaddan çıxmayacağını bildirmişdir.
Tədbir əsas hissəsi Heydər Əliyev Mərkəzində davam etmişdir.
Görüşü rayon İcra Hakimiyyətinin Başçısı Alı Alıyev açmış, 6 nəfər Milli Qəhrəmanın keçdikləri ömür yolu barədə ətraflı məlumat verilmişdir.
Alı Alıyev qeyd etmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində rayon üzrə 1000 nəfərə yaxın füzulili şəhid olmuş, 1340 nəfər yaralanmış və girov götüülmüşdür. Şəhidlərdən 6 nəfəri Azərbaycan Respublikasının Milli Qəhramanı adına layiq görülmüşdür. İşğal nəticəsində rayonun madii-mədəniyyət abidələri məhv edilmiş, rayona ümumilikdə 6 milyard dollara yaxın ziyan dəymişdir.
Alı Alıyev bildirmişdir ki, bu gün hər bir füzulilinin ən böyük arzusu işğal olunmuş torpaqlarımızın azad olunması və bayrağımızın Dağlıq Qarabağda dalğalanmasıdır:
“Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik”.
Görüşdə Milli Qəhrəmanların ailə üzvləri, Qarabağ müharibəsi iştirakçıları çıxış etmiş, şəhidlərə hörmət və ehtiramlarını bildirmişlər.
Rayon İcra Hakimiyyətinin Başçısı Alı Alıyev tədbirə yekun vurmuş, bu cür görüşlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyyə olunmasında xüsusi rol oynadğını qeyd etmiş, ölkədə, rayonda baş verən yeniliklər, ölkə başçısının həyata keçirdiyi tədbirlərdən, Füzuliyə və füzulililərə göstərdiyi diqqət və qayğıdan bəhs etmişdir.
Milli Qəhrəmanların ailələrinə Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr verilmişdir.
Tədbir rayonun mədəniyyət kollektivlərinin rəngarəng konsert proqramı ilə tamamlanmışdır.