Dövlətin Salyan rayonuna ayırdığı milyonları kimlər mənimsəyir? -Açıqlama
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar daha geniş vüsət almış və sosial-iqtisadi inkişaf sahəsində keyfiyyətcə yeni - davamlı inkişaf mərhələsinə keçidin təməli qoyulmuşdur.
Yenixeber.org: Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, regionlarda yerli sahibkarlığın inkişafı ölkə rəhbərinin apardığı iqtisadi siyasətin əsas prioritetlərindəndir. Regionlarda yerli sahibkarlığın inkişafı dövlət büdcəsinin artımına təkan verməklə yanaşı, həm də regionlarda yaşayan vətəndaşların sosial rifah hallarının yaxşılaşdırılmasına xidmət edir.
Cari ilin yanvar ayının 29-da Prezident İlham Əliyev cənablarının “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzaladığı fərman da məhz yuxarda qeyd edilən amillərin yüksək dinamikasını təşkil edir.
Ancaq təəssüflər olsun ki, bəzi rayonlarda icra hakimiyyətlərinin rəhbər vəzifəli şəxsləri birbaşa əhalinin maddi vəziyyətlərinin yaxşılaşdırılmasına, infrastruktur layihələrinin yenilənməsinə, abadlıq-quruculuq işlərinin görülməsinə hesablanmış dövlət budcəsi hesabına təmin olunan layihələri şəxsi maraqlarına qurban verirlər.
Daha dəqiq ifadə etməyə çalışsaq bəzi rayonlarda icra hakimiyyətləri yeni iş yerlərinin açılması və abadlıq-quruculuq işləri istiqamətində sifarişçisi olduqları katirovka və tenderlərdə maxinasiya hallarına yol verir, müvaqilələrdə nəzərdə tutulan işlər formal olaraq aparılır.
Araşdırmamıza görə sifaişçisi olduğu tenderlərdə şübhəli məqamlara yol açan rayonlardan biri də Salyan rayonudur.
İcra Hakimiyyətinin rəhbər şəxsləri ilə "işbirliyi"?
Salyan rayon İcra Hakimiyyətinin sifarişçisi olduğu tenderlərə nəzər yetirəndə görürük ki ciddi smetalı tenderlərin böyük əksəriyyətinin qalibi İlkin-N Məhdud Məsuliyyətli Cəmiyyətidir. Belə ki, Salyan rayon icra Hakimiyyəti ötən 2018-ci ildə İlkin-N MMC ilə 7 lot üzrə ümumi məbləği 2.180.748 (iki milyon bir yüz səksən min yeddi yüz qırx səkkiz) smetası olan tender müqaviləsi bağlayıb.
Şirkətlə İcra Hakimiyyəti arasında bağlanan tender müqavilələri aşağıdakılardır:
1.Salyan şəhərində yerləşən çoxmənzilli binaların dam örtüklərinin, fasad hissələrinin və zirzəmilərindəki kommunikasiya xəttlərinin əsaslı təmiri işləri - 491.500,
2.Salyan şəhərində aparılan abadlaşdırma işləri - 739.565,
3.Salyan şəhərinin yollarının əsaslı təmiri işləri - 495.558,
4.Kənddaxili avtomobil yollarına çınqıl örtüyünün sərilməsi işləri - 273.227,
5.Salyan şəhərində kommunal binaların həyətlərinə asfalt örtüyünün vurulması işləri - 54.697,
6.Salyan şəhərində 2 çoxmərtəbəli yaşayış binasının dam örtüklərinin dəyişdirilməsi işləri - 78.201,
7.Küçə işıqlandırma avadanlıqları - 48.000
Ötən il İcra Hakimiyyətinin sifarişçisi olduğu digər irirəqəmli tenderin qalibi isə "A VVM" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Bu şirkətin Salyan rayon İcra Hakimiyyətinin sifarişçisi olduğu "Mənzil fondundakı kommunal binaların əsaslı təmiri işləri" üzrə tenderin məbləği isə 159.048 manat olub.
Əlbəttə, bütün bunlar bəlkə də kimlərəsə normal görünə bilər. Ancaq məsələ budur ki, "Mənzil fondundakı kommunal binaların əsaslı təmiri işləri" üzrə tenderin qalibi olan "A VVM" MMC barəsinə internet üzərindən apardığımız araşdırma zamanı heç bir məlumata rast gəlmədik. Şirkətin yaşayış binasında təmir işlərini həyata keçirməyi üçün mövcud qanunvericiliyə uyğun olaraq tələb olunan sertifikatlara sahib olması barədə də bilgi yoxdur.
Görülən milyonluq işlər barədə hər iki tərəf niyə "susur"?
Salyan rayon İcra Hakimiyyəti il bu şirkətlər arasında bağlanan tender müqavilələrini şübhə altına alan digər məqam isə hər iki tərəfin görülən işlər barəsində hesabat verməməsidir.
Qeyd edək ki, "A VVM"-dən fərqli olaraq İlkin-N MMC-nin elektron saytı fəaliyyət göstərir. İlkin-N MMC-nin https://ilkin-n.az/ web ünvanlı saytına daxil olub Salyan rayonunda görülən işlərlə tanış olmaq istədikdə isə rast gəldiyimiz ən son materiallar 2008-ci ilə aiddir. Şirkət 2017-2018-ci illərdə Neftçala rayonunda "şəhərdaxili yolların əsaslı təmiri" barədə məlumat versə də, nədənsə Salyan rayonunda 2018-ci ildə qalib olduğu 2.180.748 manatlıq tender üzrə görülən işlər barədə "susur". Halbuki, dünyada bazar iqtisadiyyatının, rəqabət və reklam siyasətinin tələblərinə, eləcə də Azərbaycan respublikasının "satınalmalar Haqqında Qanunu"na görə şirkət həyata keçirdiyi işlər barəsində məlumat verməkdə maraqlı olmalı idi.
İlkin-N MMC-nin və eləcə də "laməkan" olan "A VVM" MMC-nin tenderlərdə qalib olduqları işlər üzrə hesabat xarakterli məlumat verməmələrinə görə yaranan şübhələri bir az da artıran məhz bu tenderlərin sifarişçisi olan Salyan rayon İcra Hakimiyyətidir.
Maraqlıdır ki, 2018-ci ildə Salyan rayonunun hansısa kəndində ən xırda bir işi - ya mavi qazın verilməsini, ya da rayon İcra Hakimiyyəti başçısının keçirdiyi səyyar qəbul-görüşləri rəsmi saytında işıqlandıran icra hakimiyyəti nədənsə il ərzində rayonda görülən 8 lot üzrə sifarişçi olduğu 2.339.796 manatlıq tender barədə heç bir məlumat vermir.
Sonda onu da qeyd edək ki, Salyan rayon İcra Hakimiyyətinin 2019-cu ildə sifarişçisi olduğu tenderlərin 2018-ci ildə olduğu kimi, yenə də böyük əksəriyyətinin qalibi İlkin-N MMC-dir.
Belə ki, 2019-cu ildə may ayının 8-nə qədər olan məlumatlara görə Salyan rayon İcra Hakimiyyəti ilə İlkin-N MMC arasında 4, Salyan rayon Bələdiyyəsi ilə 1, Salyan Suvarma Sistemləri İdarəsi ilə 1,- ümumilikdə 5 lot üzrə (ictimai işlərə cəlb olunmuş işçilər üçün iş ləvazimatlarınn və mal-materialların satın alınması - 72.076, "Bələdiyyə İstirahət Parkı"nın tikintisi - 372.150, kütləvi bayram tədbirlərinin keçirilməsi - 66.000, Təmir-tikinti işləri üçün tikinti materiallarının alınması - 174.928, ictimai işlərə cəlb olunmuş işçilər üçün iş ləvazimatlarınn və mal-materialların satın alınması - - 17124, ictimai işlərə cəlb edilmiş işçələr üçün xüsusi geyim paltarlarının satınalınması - 21525) 724.576 (yeddi yüz iyirmi dörd min beş yüz yetmiş altı) manatlıq tender müqaviləsi imzalanıb.
Məsələ ilə bağlı Salyan rayon İcra hakimiyyətinin münasibətini örgənməyə çalışdıq.İcra hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Şəmsəddin Əbilov sullarımıza cavab olaraq bildirdi ki, yazılanlar yalandır.(azfakt.com)