Eldar Mahmudova bağlı “Körpü - Bina - Tikinti” işçilərin pulunu yeyib
“Cənab prezident, Lerikdə su və kanalizasiya sisteminin yenidən qurulmasında fəaliyyət göstərən “Körpü- Bina - Tikinti” MMC vətəndaşları iki il saxta əmək müqavilələri ilə işlədərək maaşlarını mənimsəyib”.

Yenixeber.org: Bunu bir qrup Lerik sakini redaksiyamıza göndərdiyi şikayət məktubunda yazıb və prezidentdən kömək istəyib. 


2016-cı ilin noyabrından bu ilin oktyabrına qədər məzuniyyət pullarını və son ayın maaşını mənimsəyiblər. Şirkət saxta müqavilələrlə onları işlədib, sonra təhdid edərək könüllü ərizə yazmağa məcbur edərək işsiz qoyub. 

Şirkətin rəhbəri Xəlil Göyüşov Lerikdəki nümayəndəsi Vaqif Fərziyev Söhbət oğluna əmr edib ki, işçilərə bir qəpik də ödəmədən onları uzaqlaşdır. 

“Cənab prezident, bu adamlar bizi də, dövləti də aldadaraq vergidən yayınıblar. Həmçinin sığorta şirkətindən, əmək müfəttişliyindən gizli iş görüblər.

Bizi iki il işlədərək istismara məruz qoyublar. İndi də pullarımızı vermirlər”,-deyə fəhlələr bildirirlər.

Xəlil Göyüşovun şirkətinə də çata bilər. Çünki belə məhdud məsuliyyətli cəmiyyətlərdən biri olan "Körpü Bina Tikinti" MMC-nin adı qaranlıq maliyyə əməliyyatlarında hallandırılır.

Qeyd edək ki, sözügedən MMC 2001-ci ildə təsis edilib və nəzdində Asfalt Zavodu, Balka sexi, Beton zavod, Çınqıl karxanası, Beton boru zavodu, Körpü istehsalat zavodu və Beton qovşaqları adlı istehsalat müəssisələri fəaliyyət göstərir.

Müxtəlif yollarla varlanan Xəlil Göyüşovun rəhbəri olduğu MMC artıq ölkənin ən varlıları sırasındadır. Hər il milyonlarla manat vəsait xərclədiyi deyilsə də, görülən işlərə görə rəqəmlərin şişirdilməsi də istisna deyil. 

Belə ki, Bakıda inşa edilən tunel və ya körpülərin xərc hissəsinə diqqət yetirdikdə bu MMC-nin rəqəmləri hansı səviyyədə şişirdiyi açıq şəkildə görülür.

Məsələn, ümumi dəyəri 10 milyon manat olan hansısa körpü üçün 20 milyon manatlıq bir smetanın hazırlanması və həmin məbləğdə pulun büdcədən alınması yetərli qədər şübhə üçün əsaslar verir. 

İri tenderlərin əsas "qənimi" kimi ad çıxarmış Xəlil Göyüşovun bu işləri necə həyata keçirdiyi də kifayət qədər təəccüblüdür.

Qeyd edək ki, "KBT" MMC-nin rəhbəri yuxarılarla bağlı olan biri kimi tanınmaqla yanaşı, həm də konkret nazirlərdən biri ilə şərikli şəkildə işləyən şəxs kimi ad çıxarıb. Elə bu səbəbdəndir ki, onun bütün nəqliyyat sektoruna aid layihələri asanlıqla ələ keçirməsi mümkünləşib. 

Xəlil Göyüşovla bağlı xoşagəlməz faktların ortaya çıxdığı bir vaxtda "Körpü-Bina-Tikinti" (KBT) Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) mənfi halların bitib-tükənmək bilmədiyi barədə informasiyalar cəmiyyətə ötürülür. 

Şəhərin əksər yerlərində salınan körpülərin, yeraltı və yerüstü keçidlərin tikinti işlərini həyata keçirən bu şirkətin adı bir sıra xoşagəlməz məsələlərdə hallanır. 

Hətta dəfələrlə mətbuatda "Körpü-Bina-Tikinti" MMC-nin rəhbəri Xəlil Göyüşovun qanundan kənar maliyyə əməliyyatları, dövlət sifarişli layihələrin icrası zamanı yol verdiyi ciddi nöqsanlarla bağlı silsilə yazılar dərc edilib.

Cahan.info mediaya istinadla xəbər verir ki, “Körpü-Bina Tikinti" MMC rəhbəri Xəlil Göyüşovun "MTN işi" ilə bağlı ölkədən qaçan iş adamı "Akula" ləqəbli Akif Mustafayevlə ciddi əlaqələri olub. 

Paytaxtın müxtəlif yerlərində həyata keçirilən milyonluq layihələrdə Xəlil Göyüşovun əsas şəriklərindən biri məhz keçmiş MTN naziri Eldar Mahmudovun ən yaxın adamlarından biri olan və ölkədən qaçan Akif Mustafayev olub. 

Məlumatda qeyd etmişdik ki, Xəlil Göyüşova məxsus olan "Körpü-Bina Tikinti" MMC-nin Bakı şəhərində həyata keçirdiyi milyonluq layihələri məhz "Akula"nın dəstəyi ilə əldə edib və bu işdə onun əsas ortaqlarından biri MTN keçmiş rəhbərliyi olub. 

Bir müddər öncə hərbi xidmətdə ola-ola Bakı şəhərində avtoşluq edən və hər gün müxtəlif barlarda kef məclisi quran Xəlil Göyüşovun oğlu əslində MTN-nin hərbi hissələrindən birində qulluq edirmiş. 

Ramiz Göyüşovun MTN hərbi hissəsində qulluq etməsini Xəlil Göyüşovun şəriki, "Akula" ləqəbli Akif Mustafayev təşkil edib. Məlumatda bildirilir ki, Ramiz Göyüşov "Akula" əmisinin sayəsində bir il boyunca 10 ZZ-040 dövlət nömrə nişanlı avtomobillə Bakı küçələrini gəzib dolaşıb. 

Göyüşovlar ailəsinin Eldar Mahmudov və onun əhatəsinə aid olan qruplaşma ilə yaxınlığını sübut edən dəlillər hələ bununla bitmir. Qarşı tərəfi dinləməyə hazırıq.(cahan.info)

Pulu verilməyən və işsiz qalan şikayətçilər isə bunlardır:

Rüstəmov Anar Şamil oğlu 
Məmmədov İlham İlqar oğlu
Abbasov Seymur Şahmar oğlu
Rzayev Baləddin Sərhəng oğlu
Qənbərov Baldadaş Bəbir oğlu
Rzayev Rasim Həmzə oğlu
Mövlanov Fikrət Xanış oğlu