Bakıda sahibsiz itlər sakinlərə hücum edir- CANLI TƏHLÜKƏ
Son zamanlar Bakı şəhərində və xüsusilə də kəndlərdə sahibsiz itlərin sayı həddən artıq çoxalıb. Sahibsiz itlər tərəfindən əsasən uşaqlara hücum edilməsi, onların dişlənməsi halları sayı artmaqdadır.
Yenixeber.org: Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumatına görə, ötən il 15 mindən artıq adamı sahibsiz heyvan dişləyib ki, onlardan da 13 mini it dişləməsi olub.
Bu problemlə paytaxt sakinləri hər gün üzləşirlər, sahibsiz itlər günün-günorta çağı qarşınıza çıxır, yollarda sərbəst gəzişir, gecələr itlərin boğuşmasından göz yummaq mümkün olmur. Hətta Xəzər rayonunda bir həyətdə 300 it saxlanılması halı da var.
Sahibsiz heyvanları Bakının mərkəz küçələrinədək gətirən səbəblər də var. Adətən onlar özlərinə natəmiz ərazilərdə, ictimai iaşə mərkəzlərinin, sallaqxanaların yaxınlığında, ərzaq məhsulları tullantılarının daha çox atıldığı zibilxanalarda məskən salır. Problemlərdən biri də zibil qutularının yaşayış binalarının yaxınlığında yerləşdirilməsidir. Günün müxtəlif saatlarında bu qutuların yanında siçovul, it, pişik kimi heyvanlara rast gəlinir.
Bundan ən çox narahat olan isə valideynlərdir. Ən təhlükəlisi də hücum edən itin quduz olmasıdır. Ekspertlər qeyd edir ki, it dişləməsindən sonra insanda quduzluq qeydə alınarsa, ciddi müalicə olunmazsa, ölümlə nəticələnir.
Azyaşlıların sahibsiz itlərin hücumuna məruz qalması halları Qaradağ, Binəqədi, Xəzər, Yasamal, Sabunçu, Suraxanı, bir sözlə demək olar ki, bütün rayonlarda qeydə alınıb. Çoxsayda KİV nümayəndələrinin yaşadığı 20-ci sahə, Yeni Salyan yolu 22 ünvanındakı "Jurnalistlər binaları”nın yaxınlığında da xeylı miqdarda sahibsiz itlərin gəzdiyini gündəlik olaraq öz gözlərimizlə müşahidə edirik.
Nazirlər Kabinetinin qərarına əsasən, sahibsiz heyvanlara qarşı mübarizə tədbirlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Sahibsiz heyvanlar insanlara problem yaratdıqları halda əziyyətlərə, ağrılara məruz qoymayan üsullarla onların sayının azaldılması üçün zəruri tədbirlər həyata keçirilir. Sahıbsiz heyvanlar üçün son illərdə yaradılan sığınacaqlar isə azlıq təşkil edir.
Müəyyən vaxtlarda bəzi heyvanların sayının böyük dərəcədə atrması hallarına Avropanın bəzi ölkələrində də rast gəlinir. Bununla əlaqədar dövlət qurumlarının göstərişlərinə əsasən burada sayı xeylı artan canavarların, maralların və digər vəhşi heyvanların vurulması həyata keçirilir.
Bakıya gəldikdə isə son illərdə sahibsiz itlərin həddən artıq atrması vətəndaşlarımız üçün təhlükəyə çevrilib, həmçinin küçələrdə cıddı antisanitar vəziyyət yaradır. Bununla əlaqədaq dövlət qurumlarının və xüsusilə kommunal xidmətlərin üzərinə böyük məsuliyyət düşür. Sahıbsiz heyvanlarının sayının ciddi şəkildə tənzimlənməsi tələb olunur. Görünür aidiyyəti qurumların hərəkətə keçməsi üçün kimlərinsə itlərin hücumuna məruz qalıb parçalanmasını gözləyirlər.
Paytaxt sakinləri isə əlaqədar dövlət qurumlardan cavab gözləyir.