Pambıqçılıqda axırıncı olan Neftçala başçısı işdən qovula bilər
Prezident İlham Əliyev Bərdədə keçirdiyi müşavirədə pambıq yığımında məhsuldarlığın ən aşağı olduğu bölgənin adını çəkdi

Yenixeber.org: Dövlət başçısı qeyd etdi ki, siyahının sonunda birinci yeri Neftçala tutur. Xəbərə görə, bu rayonda məhsuldarlığın çox aşağı olması idarəçiliklə əlaqədardır.

Neftçalanın icra başçısı İsmayıl Vəliyev bu bölgənin nə kənd təsərrüfatı, nə rayonun inkişafı ilə maraqlanır. Bir qrup fermer müşavirədən sonra prezidentə müraciət edib. 

Müraciətdə deyilir ki, İ.Vəliyevin pambıqçılığın inkişafı adı altında gördüyü bütün işlər gözdən pərdə asmaq və şəxsi gəlir əldə etmək məqsədi daşıyıb. Bunu onun əməlləri sübut edir.

İ..Vəliyev nə edib? O, rayon ərazisindəki qış otlaqlarını başdan başa şumlatdıraraq yararsız, su çıxmayan yerlərə pambıq əkdirib. Nəticəsi isə belə oldu: 11 111 hektar pambıq sahəsindən 8000 ton pambıq məhsulu əldə edilib.

İndi icra başçısı iradlara qarşı iddia edir ki, bizim rayonda pambıq əkinin prespektivi yoxdur. Halbuki sovet dönəmində Neftçala rayonu pambıqçılıq sahəsində böyük uğurlar əldə edirdi. 

İ.Vəliyevin pambıqçılıqdan heç nə anlamadan verdiyi qərarlar sahibkarlara və dövlət büdcəsinə külli miqdarda ziyan vurdu. 

Qeyd edək ki, pambıq əkini altına alınaraq şumlanmış qış otlaq sahələrini icarəyə götürmüş şəxslərin ödədikləri icarə haqqları hesabına rayon büdcəsinə yüz min manatlarla vəsait daxil olurdu. 

Lakin İ.Vəliyev Neftçalanı bu gəlirlərdən məhrum etməklə yanaşı, heyvandarlıqla məşğul olan fermerlərə də külli miqdarda ziyan vurub.

Rəsmi statistikaya əsasən Neftçala rayonu pambıqçılıq sahəsində ölkə üzrə sonuncu yeri tutub və hektara 8,2 sentner məhsul toplanılıb.

Bundan əlavə, Neftçala camaatının böyük narazılığına səbəb olmuş rayon mərkəzi bazarının yerinin öz şəxsi mənafeyi xatirinə dəyişdirilməsinə edilən cəhdlər onun hansı bir məqsədə xidmət etməsinin əyani sübutudur.

Dia.az-a istinadən məlumata görə, İ.Vəliyevin rayonda yürütdüyü uğursuz kadr siyasəti nəticəsində heç bir şəxsi təsəbbüşü ilə fərqlənməyən şəxslər irəli çəkilir, iş bacaranlar isə öz vəzifələrindən uzaqlaşdırılırlar. 

Yerli özünüidarə orqanları olan bələdiyyələr yazıq hala salınmış, onlara məxsus torpaqlar yeni peyda olmuş Əlihüseyn adlı şəxs vasitəsi ilə “hərraca” qoyularaq, ona-buna satılmaqdadır.

İsmayıl Vəliyev ötən il “pambıqçıdığın inkişaf etdirilməsi” adı altında 3 milyon manat qazanıb, amma buna baxmayaraq Neftçala hələ də bayquşların uladığı xarabalığı xatırladır.

Neftçaladan ünvanlanan məktubda rayonda baş alıb gedən sosial problemlərdən və icra başçısı İsmayıl Vəliyevin bu problemlərə rəğmən ancaq özünün pul kisəsini doldurmaqla məşğul olmasından bəhs olunur.

Qeyd edək ki, İsmayıl Vəliyev 7 ilə yaxındır ki, Neftçala rayonuna rəhbərlik edir. Rayona yeni təyin olunduğu vaxtlar İsmayıl Vəliyev Neftçalada böyük abadlıq işlərinə start verib. 

Lakin bir müddət sonra bütün işlər yarımçıq qalıb. Hazırda isə Neftçalada beş il əvvəl aparılan abadlıq işləri də bərbad vəziyyətə düşüb. 

Neftçalada gəzən söz-söhbətə görə bu abadlıq işlərindən icra başçısı özünə əməlli-başlı sərvət də toplayıb. 

İcra başçısı dövlətin pabıqçılığı inkişaf etdirmək siyasətindən də yararlanmağı unutmayıb. 

2016 və 2017-ci illərdə rayonda pambıqçılığın inkişaf etdirlməsi ilə bağlı dövlət proqramının həyata keçirilməsi isə İsmayıl Vəliyev üçün göydəndüşmə fürsət olub. Və icra başçısı sahibkarlara olan təzyiqlərini daha da artırıb. 

Misal üçün şikayət məktubunda bildirilir ki, İsmayıl Vəliyev bəzi kəndlərin əkin sahələrini zorla alaraq şumlatdırıb və həmin sahələrə pambıq əkdirib. 

Lakin pambıqdan əldə olunan bütün gəlirləri idə icra başçısı öz cibinə qoyub. Şikayət məktubunda qeyd olunur ki, onlarla belə misallar çəkmək olar.

Belə görünür ki, prezidentin narazı qaldığı İ.Vəliyev vəzifəsindən azad olunacaq.(fia.az) 

Qarşı tərəfi dinləməyə hazırıq.