Bayram ürəyi sindromu- Həkim məsləhəti
Bayram günləri, toy, şadlıq və şənliklərdə doyunca yeyib, tost deyib, alkoqolun dozasını artıranda “bayram ürəyi sindromu” deyilən bir klinik vəziyyət yarana və kimsə gözünü xəstəxanada aça bilər. Adı ingilis dilindəki ədəbiyyatda “Holiday heart syndrome” olaraq keçir
Yenixeber.org: “Bayram ürəyi sindromu” ifadəsi tibbdə ilk dəfə 1978-ci ildə işlədilib. Doktor Filip Edinqer adlı amerikalı həkim 24 nəfər xəstədə onların əvvəllər bilinən ürək xəstəsi olmadıqlarını, 1-2 gün əvvəl içki məclislərində, bayramlarda həddən artıq alkoqol qəbul etdiklərini və ritm problemləri ilə xəstəxanaya yerləşdirildiklərini müşahidə edibr. Edinqerin müşahidələrinə görə, belə hal Yeni il bayramında pik səviyyədə olur.
Bayram ürəyi sindromunda təqsirləndirilən faktorlar həddən artıq alkoqol, həddən artıq yemək, xüsusilə yağlı yeməklər, artıq duz, stress və sairdir. Birdən-birə həddən artıq alkoqol qəbul etmək qanda stress hormonlarının yüksəlməsinə, qanda natrium, kalium, maqnezium ionlarının azalmasına, sərbəst yağ turşularının artmasına səbəb olur, beləliklə, ürəyin elektrik sistemində dəyişikliklər baş verir. Nəticədə ürəyin ahəngi pozulur, xaotik , sürətli, qeyri-müntəzəm döyünür, tibb dilindəki adıyla, aritmiya əmələ gəlir. Bir oturuşda həddən artıq yemək mədə və bağırsaqları genişəndirir və gərir, mərkəzi sinir sistemi qıcıqlanır, ürək döyüntüləri artır. Duzlu yemək isə təzyiqi qaldırır. Əlavə olaraq bayram ərəfələri kimsə üçün stresli vaxtlar sayıla bilər. Çünki bir alış-verişə yetişmə qaçaqaçı, işləri mümkün qədər tez eləyib qurtarmaq həyəcanı, qısa müddətdə ziyarətlərə getmək kimi “xoş təlaşlar”, bəziləri üçün də bayram ərəfələrində hiss edilən tənhalıq, hüzn, depresiya ürək-damar sistəmini yükləyir.
Bayram ürəyi sindromunda xəstə ən çox ürək döyüntüsündən şikayət edir. Ürək davamlı olaraq, ya da aradabir sürətlə döyünür. Özündən getmə halı, təngnəfəslik, sinədə ağrı şikayətləri də ola bilər. Tədqiqatlara görə insanların ən çox ürək infarktı keçirdiyi günlər Yeni il bayramı ərəfəsidir. Belə şikayətlər yaranarsa Təcili Tibi Yardım Stansiyasının “103” çağırış nömrəsinə zəng vurmaq lazımdır. Xəstəliyin gedişatı və proqnozu ürək xəstəliyinin dərəcəsinə və alkoqolizm olub-olmamasına görə dəyişir. Uzun müddət həddən artıq alkoqol qəbul edənlərdə ürək əzələsi zəifləyir, alkoqolik qaraciyər xəstəliyi, mədə-bağırsaqdan qida əmilməsinin pozulması, xərçəng xəstəliyi, sinir sistemi xəstəlikləri və s. əmələ gəlir.
Alkoqolun ürək-damar sistemi üzərində kompleks təsiri var. Ağır alkoqoliklərdə ürək-damar sistemi xəstəliklərinə bağlı ölüm göstəricisi artır. Yüngül dozada alkoqol qəbul edənlərdə isə əksinə, ürək infarktı, insult, damar xəstəliyi, qəfləti ürək ölümü, şəkər xəstəliyi riski və ürək-damar xəstəliklərinə bağlı ölüm göstəricisi azalır. Tövsiyə edilən alkoqol dozası kişilər üçün gündə 2 standart qədəh, qadın üçün 1 standart qədəhdir. Məsləhət görülən alkoqollu içki şərabdır və yeməklə birlikdə içilməlidir. Tövsiyə edilən doza həddi aşılanda risk də paralel olaraq yüksəlir. Bu yerdə İsveç kimyagəri Paraselsusun (1493-1541) bir kəlamı yada düşür: “Bütün maddələr zəhərdir. Zəhərlə dərmanı bir-birindən fərqləndirən onun dozasıdır”
Vüsal Vəliyev, kardioloq