Xəbər verdiyimiz kimi, dünən Azərbaycanda 6 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində ölkənin bəzi bölgələrində dağıntılar baş verib, xəsarət alanlar olub.
Yenixeber.org: Məlum olduğu kimi, Bakı da aktiv seysmik zonada yerləşir. Paytaxtda son böyük zəlzələ 2000-ci ildə baş verib. Həmin ilin noyabr ayının 25-də saat 21:30-da Bakıda 6,8 bal gücündə (bəzi məlumata görə, 7,9 bal) zəlzələ qeydə alınıb. Güclü təkanlar iki dəfə olmaqla 22 saniyə çəkib. Bilavasitə zəlzələnin gücündən deyil, qorxaraq yaşadıqları binalardan özlərini atıb dünyasını dəyişmiş insanlar olub. Təkanlar nəticəsində Bakıda köhnə evlər zədələnib. Həmin gün gecəni küçədə keçirən insanların yaddaşına həmişəlik həkk olunub. 
Bakı aktiv seysmik zonada yerləşdiyindən güclü zəlzələlərin olması istisna deyil. Bəs paytaxtda son illərdə tikilən yeni binalar və Sovet dövründən qalma köhnə tikililər zəlzələyə nə qədər davamlıdır?
Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmologiya və geodinamika şöbəsinin müdiri Tahir Məmmədli 6 bal gücündə zəlzələnin Bakı üçün heç bir təhlükə olmadığını, lakin 8 bal gücündə zəlzələ olarsa, sadəcə 20-ci sahə ərazisindəki tikililərdə dağıntıların ola biləcəyini vurğulayıb:
 
"Belə bir zəlzələ paytaxtda baş versə, düşünürəm ki, ciddi dağıntı baş verməz. Çünki 6 bal zəlzələ Bakı üçün elə də təhlükəli deyil. Yadınızdadırsa, 2000-ci ildə Bakıda 6 bal gücündə zəlzələ baş verdi. Həmin vaxt paytaxtdakı binalarda çox kiçik zədələr meydana gəldi və köhnə, demək olar ki, sadəcə 100 il əvvələ aid tikililərin bəzi hissələri uçdu.
Tikinti üzrə mütəxəssislər bina tikilərkən onun seysmoloji göstəricilərini nəzərə alırlar. Təəssüf ki, 60-cı illərə qədər təkcə Azərbaycanda deyil, bütün SSRİ məkanında belə bir iş aparılmayıb. Çünki lazımi tikinti materialları yox idi və seysmologiya elmi də bir o qədər inkişaf etməmişdi. 60-cı ildən 70-ci ilə qədər müəyyənləşdirilmişdi ki, Bakıda maksimum 6 bal gücündə zəlzələ ola bilər. Hətta bununla əlaqədar seysmik rayonlaşdırma xəritəsi də tərtib olunmuşdu. Lakin bu özünü doğrultmadı və alimlər araşdırdıqdan sonra öyrəndilər ki, əslində Bakıda 7 bal gücündə də zəlzələ ola bilər və 80-ci ildə həmin xəritə yenidən tərtib olundu. Nəhayət 1991-ci ildə baş verən Spitak zəlzələsindən (9-10 bal) sonra seysmoqraflar başa düşdülər ki, yenə səhv ediblər və Bakıda daha da güclü zəlzələ ola bilər. Bu səbəbdən də 1991-ci ildə Bakı 8 ballıq zəlzələ zonası kimi qəbul edildi. Ona görə belə bir zəlzələ olsa, 60-cı illərə qədər tikilən binalarda müəyyən çatlar əmələ gələ bilər. Amma dediyim kimi, 6 ballıq zəlzələnin dağıntı yaradacağına inanmıram. Düşünürəm ki, Bakıda sadəcə 20-ci sahə adlandırılan ərazidə gecəqondu kimi tikilən binalar 8 bal gücündə zəlzələ olarsa, dağıntıya məruz qala bilər. 
Hamı deyir ki, Bayıl sürüşəcək, ora təhlükəlidir və s. Qeyd edim ki, orada dəfələrlə sürüşmə olub. Bunun dəqiq tarixlərini də bilirəm. Amma inanmıram ki, Bayıl sürüşəcək. Dəfələrlə çıxışımda da qeyd etmişəm ki, əgər 8 bal gücündə zəlzələ baş verərsə, o zaman sürüşmə zonası aktivləşə bilər.
Ümumiyyətlə binaların hansı ərazidə tikilməsindən asılı olaraq xüsusi tədbirlər görülür. Seysmoloji baxımdan daha təhlükəli hesab edilən ərazilərdə tikilən binaların təhlükəsizliyinin təmin edilməsi baha başa gəldiyindən, o ərazilərdəki evlər də digər yerlərdə tikilənlərlə müqayisədə baha qiymətə satılır. Təsəvvür edin ki, zəlzələ zonasının göstəricisi 1 bal artdıqda, tikinti xərcləri də 40 faiz artır, yəni 9 ballıq zonada tikilən bina təhlükəsizlik tədbirlərinin görülməsi baxımından 8 ballıq zonada tikiləndən 40 faiz baha başa gəlir".
 
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnsitutunun mühəndisi, memarlıq və tikinti işləri üzrə qocaman ekspert Cahangir Qocayev isə paytaxtdakı binaların vaxtaşırı yoxlanmaya ehtiyacı olduğunu bildirib:
"Əvvəla ümumi şəkildə heç nə demək olmaz. Amma 2000-ci il zəlzələsi göstərdi ki, binalar davamlıdır. Amma binanın təhlükəli və təhlükəsizliyini öyrənmək üçün vaxtaşırı yoxlamalar aparılmalıdır. Bina qida məhsulu deyil ki, vaxtı keçəndə atasan. Əgər vəziyyət qənaətbəxş deyilsə, cari təmir olunur, əsaslı təmir olunur, hətta yenidən qurulur".(qaynarinfo)
 
Çingiz Səfərli