Binəqədi və Sabunçu “göllər”i: icra başçıları hara baxır? – FOTOLAR
Bakı «küləklər şəhəri» kimi tanınır. Amma son illərdə Bakı həm də «çaylar», «göllər» şəhəri kimi də tanınmağa başlayıb.
Xeberinfo.com: Bəhs etdiyimiz «göllər» və «çaylar» hər dəfə yağış yağandan sonra yaranır, sonra növbəti yağışa qədər yoxa çıxır. Söhbət hər kəsin anladığı kimi, kanalizasiya sistemlərinin bərbad olması nəticəsində yaranan su gölməçələrindən gedir.
Bakıda tıxacların yaranması, küçələrin, bəzi evlərin su altında qalması üçün sadəcə 1 saat yağışın yağması kifayət edir. Belə yağışlardan biri 2 gün öncə yağdı və nəticədə Bakıda həyat iflic oldu.
Belə hallarda Bakının ən çox diqqəti çəkən iki rayonu olur – Sabunçu və Binəqədi… Bu iki rayonda nədənsə, illərdir ki, yaranan eyni problem heç cür həll edilmir.
Hər iki rayona dövlət büdcəsindən milyonlarla manat vəsaitlər ayrılıb. Nəticədə isə dəyişən bir şey yoxdur. Bir az yağış yağan kimi evlərin zirzəmiləri su ilə dolur. Küçələr keçilməz hala düşür.
Sabunçuda artıq el arasında, «Sabunçu gölü» adı almış yer var. Bu göl hər yağışdan sonra yaranır. Bütün avtomobillər su altında qalır, sakinlər o yolu keçə bilmir. Eyni hal illərdir ki, davam etsə də, dəyişən bir şey yoxdur. Əgər bir hadisə hər il təkrar baş verirsə və heç bir tədbir görülmürsə, deməli, insanların çəkdiyi əziyyət, təmiz və rahat kreslosunda əyləşən bəzi şəxslərin heç vecinə də deyil.
Yazının əvvəlində bəhs etdiyimiz kimi, belə vəziyyətdə olan ikinci rayon Binəqədidir. Bu rayondakı problemlərlə bağlı dəfələrlə musavat.com saytında yazılar dərc etmişik.
Binəqədidə yağış sularından əziyyət çəkən minlərlə vətəndaşımız arasında məşhur jurnalistlər, ictimai xadimlər də var. Onlar da sakin olaraq hər dəfə yaranmış vəziyyətə etiraz etsələr də, bərbad vəziyyəti fotolarla, videolarla sübut edib, yazı yazsalar da, faydası olmayıb.
Binəqədi rayon İcra Hakimiyyəti uzun zamandır ki, “Təmiz Binəqədi” layihəsinə start verib. Layihə əsasında görülməli işlər siyahısında “Rayonun bütün ərazisində su, qaz, elektrik, kanalizasiya, rabitə və s. xətlərin çəkilişi” nəzərdə tutulsa da, yağışdan sonra küçələr keçilməz olur. Beləcə “Təmiz Binəqədi” layihəsini yağışın suları yuyub, aparır.
“Vertu Signature Pure Black” markalı, qiyməti 15 min avro olan telefon işlədən icra başçısının gərək rayonunda heç bir problem olmasın. Olmasa ağıllara bu telefonun hansı pulla alınması sualı gələcək, elə deyilmi?
Bir neçə gün öncə yağan yağışın fəsadları ilə bağlı yetərincə məlumat dərc edilib.
İndi isə sizə FHN-nin rəsmi məlumatını təqdim edirik:
“Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin 21 ədəd texnikası və 78 nəfərlik şəxsi heyətinin iştirakı ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsində həyətyanı ərazilərin su ilə dolması nəticəsində fərdi yaşayış evlərindən çıxmaqda çətinlik çəkən 14 nəfər, Sabunçu rayonunda 22 nəfər, ümumilikdə 17 nəfəri azyaşlı olmaqla 36 nəfər təhlükəsiz əraziyə çıxarılıb, suçəkəmə işləri aparılıb. Mülki müdafiə qoşunlarının 16 texnika və 44 nəfərlik şəxsi heyəti isə Sabunçu rayonu, Sabunçu qəsəbəsindəki Dəmiryolu stansiyasının yaxınlığında yağışların törətdiyi fəsadları aradan qaldırıb.
Sentyabrın 28-də yağan intensiv yağışlar nəticəsində ümumilikdə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 9 ədəd texnika və 33 nəfərdən ibarət şəxsi heyəti Bakı şəhərinin Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Zevin küçəsində, Abşeron rayonu, Qobu qəsəbəsindəki Yeni məhəllədə, Xəzər rayonu, Qala qəsəbəsində, Binəqədi rayonu Beynəlxalq avtovağzalın ətrafı və Əlizadə küçəsində, Babək prospektində suçəkmə işləri aparıb”.
Hadisənin üzərindən 4 gün keçib. İcra hakimiyyətləri nə tədbir görüblər? Məsələn, Binəqədi rayon İcra Hakimiyyətinin rəsmi saytında yağışın fəsadları ilə bağlı bir cümlə də yazılmayıb. Sanki bu yağışlar Binəqədiyə yox, Afrikaya yağıb. Afrikanın küçələrini su basıb, camaat su içində qalıb. BRİH-nin rəsmi saytında həmin tarixlərdə ancaq YAP-ın təşkil etdiyi tədbirlər haqqında xəbərlər yazılıb.
Sabunçu İcra Hakimiyyətində də vəziyyət eynidir. Lakin SRİH-nin rəsmi saytında olan “infrastruktur” bölməsində, “Gələcəkdə görüləcək infrastruktur layihələri” başlığının altında belə bir cümlə var: “Rayonun bütün qəsəbələrinin içməli su, təbii qaz və elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması, kanalizasiya sisteminin yenidən qurulması üzrə geniş miqyaslı işlər davam etdirilir”.
Nədənsə bu geniş miqyaslı işləri Sabunçu sakinləri hiss etmirlər. Bu “gələcək” nə zaman gələcək?
Sanki hər iki icra başçısı gözlərini yumub, qulaqlarını bağlayıb. Heç bir problemi görmürlər, narazılığı eşitmirlər. Yəqin ki, bu, qısamüddətli olar. Aidiyyəti üzrə “həkimlər” icra başçılarının gözlərini açar və qulaqlarının eşitməsini təmin edərlər.(musavat.com)