Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 100 illik yubileyinə həsr olunan parlament komandaları arasındakı beynəlxalq turnirdə qızıl medal qazanmış Azərbaycan komandasının üzvü, veteran futbolçu Mehman Yunusovun müsahibəsi...
Yenixeber.org:
- Necə oldu ki, deputatların turnirində oynadınız?
- Məni final oyununa çağırmışdılar. Həlledici görüşədək bizim komanda Latviya və Türkiyəni məğlub etmişdi. Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məndən xahiş etdi ki, final oyununda iştirak edim. Zəng edərək, kömək istədi. Azərbaycan futbolu naminə heç bir problem olmadığını söylədim. Ukrayna komandasına qarşı oynadıq. Mənimlə birgə veteran futbolçulardan Musa Qurbanov, Əli Abışov, Hüseyn Məhəmmədov və Vasif Haqverdiyev çıxış edirdi. Digərləri isə deputatlarımız idi. Onlar da oynamaq istəyirdilər. Ona görə də Oqtay müəllim tez-tez dəyişikliklər edirdi. Mən bizimkilərə kömək etmək üçün getdim. Oynadıq və çempion olduq. Finalda 2:1 hesablı qələbə qazandıq. Turnir haqda qısaca bunları deyə bilərəm. Dəvət elədilər, mən isə oynamağa qərar verdim.
- Buna görə mukafat aldınız?
- Mükafat var idi. Medal verirdilər. Amma mən bir az tələsirdim. Başqa oyunum da var idi. Ona görə mükafatlandırma mərasiminə qalmadım. Millət vəkilləri mükafatları aldı.
- Pul mükafatı oldumu?
- Xeyr. Mən almamışam. Məncə, pul mükafatı yox idi. Medal və kubok təqdim olundu. Mən isə tələsdiyimdən, mükafatlandırmada iştirak etmədim.
- Azərbaycan futbolu naminə iştirak etdiyinizi dediniz. Lakin veteran futbolçuların oynamaları deputatların qələbəsinə bir qədər kölgə salır...
- Rəqibin heyətində də cavan uşaqlar var idi. Ukrayna komandasının 7 nömrəli futbolçusu "Şaxtyor"da oynayıb, futbolçu olub. O, deputat deyildi. Təqdimatda isə yazılıb ki, Radanın üzvüdür. Halbuki, o, deputat deyil. Rəqib komandadakıların çoxu millət vəkili deyildi. Cavan oğlanlar idilər. Bizdə isə 5 veteran futbolçu var idi. Dəyişikliklər də olurdu. Məsələn, Əli Abışov 10-15 dəqiqə oynayıb çıxırdı. Oyundan çıxıb sonradan daxil olmağa icazə var idi. Kim yoruldusa, dincəlib yenidən oyuna qayıdırdı.
- Deməli, deputatlarımız halal qələbə qazanıb?
- Final oyununda qolları veteran futbolçular vurdu. Bizim komandadan Əli Abışıovla Musa Qurbanov fərqləndi. Rəqibin heyətində isə dediyim "Şaxtyor"un oyunçusu fərqləndi. Veteranların xidmətindən hər bir ölkədə istifadə edirlər. Xaricdə də turnirlər olub. Həmişə gətirib başqalarını oynadıblar. Azərbaycan Televiziyasının jurnalistləri ilə də turnirlərdə olmuşuq. Bu yarışlar Rusiyanın müxtəlif şəhərlərində keçirilirdi. Azərbaycanda da təşkil olunub. Hamsında da futbolçular oynayıb. Belarus bizim veteranları finalda 2:1 hesabı ilə məğlub etdi. Orda da hamısı futbolçu idi. Soçidə isə biz çempion olduq.
- Bu oyunlarda xarici komandaların heyətində veteran futbolçuların iştirak etdiyini nədən bilirsiniz?
- Oyuna baxanda bilinir. Türkiyə komandasında da köhnə futbolçu var idi. O da oynayırdı. Özüm görməsəm də, belə eşitdim. Digər rəqiblərdə də var idi. Üstəlik, onların heyətində cavanlar oynayırdı. Bizdə isə, məsələn, mənim 50 yaşım var. O birisinin 48, digərinin isə 45. Əminliklə deyə bilərəm ki, hər bir komandada 4-5 köhnə futbolçu oynayıb.
- Onlar niyə güclü futbolçu gətirmədilər ki, siz onları məğlub etdiniz?
- Onların da güclü futbolçuları var idi. Əsas liqada oynayan futbolçuları gətirsinlər (gülür - red.)? Açığı, mənə də zəng edib "Məgər deputatsan ki, gedib onlarla oynayırsan?" deyə soruşurlar. Mən isə cavabında rəqib komandada da futbolçuların oynadığını söyləyirəm. Biz oynamasaydıq, komanda uduza da bilərdi. Mənsiz iki oyunu udmuşdular. Bu, o demək deyil ki, mən gəldim, oyunu udduq. Məndən xahiş etdilər, gəldim, finalda iştirak etdim və qalib gəldik.
- Veteranların köməyi olmasaydı, bizim komanda qələbə qazana bilərdi?
- Çətin olardı.
- Böyük hesabla uduzardıq?
- Ola bilərdi. Onlarında heyətində "yekəqarınlar" oynasaydı, bizimkilər qalib gələrdi. Öz millət vəkillərimizdən yaxşı oynayanlar var idi. Mahir Abbaszadə yaxşı oynadı. Fuad Muradov hücumda yaxşı idi. Adları yadımda qalmadı, amma yaxşı oynayanlar çox idi. Biz oynamasaydıq, onlar da futbolçularsız meydana çıxsaydılar, bizimkilər udardılar. Baxan kimi görünürdü ki, onlarda futbolçular oynayırdı. Ötürmə verəndə, topa açılanda hiss olunurdu. Bilinirdi ki, futbolçudur. Gizlətməyin mənası yoxdur.
- Onların sayları bizimkilərdən çox idi?
- Çox görsənirdilər. Müdafiədə 1.90 metr boyunda futbolçu var idi. Cavan oğlanlar idilər. Onlarda 33-34 yaşlı oyunçular var idi. İki qolu da uzaqdan vurduq.
- Yəqin qapıçıları deputat olub...
- (gülür) Onu dəqiq bilmirəm. Yaxşı dayana bilmirdi. Üstünə gələn top qol oldu.