"Metsamor AES-də "Çernobıl" tipli reaktora malikdir"
Ermənistan digər dövlətin ərazisini işğal edib, indi də bütün dünyaya izah etməyə cəhd edir ki, belə də olmalıdır.
Xeberinfo.com: Bunu “Moskovski Komsomolets” qəzetinə müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın onun barəsində dediklərini şərh edən diplomat Ermənistan XİN başçısına acıdığını söyləyib: “Hər şeydən əvvəl mən, Nalbandyana acımaq istəyərdim. Sovet diplomatiyası məktəbini keçən Nalbandyan başa düşə bilmir ki, haqq qazandırmağa çalışdığı mövqe əvvəldən zərərlidir və kökündən BMT Nizamnaməsinə və beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Qaranın ağ olduğunu sübut etmək mümkün deyil. Ermənistan digər dövlətin ərazisini işğal edib, indi də bütün dünyaya izah etməyə cəhd edir ki, belə də olmalıdır. Bu ki, absurddur!
Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü mövcud olduğu sərhədlərdə tanıyır. BMT Təhlükəsizlik Şurası, hansı ki, qərarları imperativ xarakter daşıyır, hələ 1993-cü ildə dörd qətnamə qəbul edib: 822, 853, 874, 884. Bu qətnamələrdə BMT TŞ Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təsdiq olunub, Azərbaycanın işğal altındakı rayonlarından işğalçı qüvvələrin birtərəfli çıxarılması tələb olunub.
2008-ci ildə BMT Baş Assambleyası 62/243 saylı qətnamə qəbul edib. Bu qətnamədə də növbəti dəfə Azərbaycanın işğal altındakı ərazilərindəki vəziyyət barədə dünya ictimaiyyətinin mövqeyi qeyd olunub. Burada, necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur. Hər şey aydındır. Bütün dünya tərəfindən tanınan xəritələr mövcuddur və orada hər şey dəqiq görünür. Azərbaycan və onun işğal altındakı ərazilər və özgə ərazisini qanunsuz işğal edən aqressor var. Azərbaycan heç bir zaman ona qarşı həyata keçirilən aqressiya ilə barışmayacaq. Özünümüdafiə-BMT Nizamnaməsinə görə hər bir ölkənin hüququdur. Bu, qədim zamanlardan bu günə qədər hər bir xalqın müqəddəs borcudur.
Mən Azərbaycan vətəndaşı, ata-baba yurdu Şuşada işğal altında olan əslən bir qarabağlı kimi bir daha bəyan edirəm ki, vətənimin torpaqlarının işğalçılardan azad olunması üçün şəxsən vətən müharibəsində iştirak etməyə hazıram. Aqressiyaya məruz qalan ölkənin səfiri kimi Rusiya və dünya ictimaiyyətinə real vəziyyəti izah etmək üçün bütün imkanlardan istifadə etmişəm, edirəm və bundan sonra da edəcəm”.
Münaqişə zonasında vəziyyyətin monitorinqini aparan ATƏT missiyasının gücləndirilməsinin perspektivləri barədə sualı cavablandıran səfir P.Bülbüloğlu qeyd edib ki, hər şeydən əvvəl nizamlanma prosesində real proqressə ehtiyac var: “Bu proqress Ermənistan silahlı qüvvələrinin çıxarılmasının həyata keçirilməsi ilə başlaya bilər. Məhz bu əsasda beynəlxalq monitorinqin gücləndirilməsi mexanizmini müzakirə etmək olar. İlk növbədə yerinə yetirilməli məsələ münaqişənin mərhələli nizamlanma planı əsasında həll edilməsidir. Bunun nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunmalıdır. Ermənistan silahlı qüvvələri işğal etdikləri ərazilərdən çıxarılmalıdır. Ancaq bu halda beynəlxalq monitorinqin gücləndirilməsinin vacibliyi yaranacaq. Beynəlxalq vasitəçilərin mandatı da bundan ibarətdir.
P.Bülbüloğlu Ermənistandan gələn və bütün regionu narahat edən nüvə təhlükəsi barədə də danışıb: “"Metsamor AES-də "Çernobıl" tipli reaktora malikdir. Bundan başqa bu AES yüksək seysmik zonada yerləşir. Təsadüfi deyil ki, 1989-cu ildə Spitakdakı zəlzələdən sonra Sovet İttifaqı hakimiyyəti Metsamor AES-in fəaliyyətinin dayandırılmasını məqsədəuyğun hesab edib".
"Metsamor AES-də qəza olarsa,bundan hər şeydən əvvəl ən çox Ermənistanın özü əziyyət çəkəcək. Gürcüstan, İran, Türkiyə və təbii ki, Azərbaycan əziyyət çəkəcək. Məz ona görə də, biz, beynəlxalq ictimiayyəti və Rusiyanı yaranan təhlükəni neytrallaşdırmaq üçün həqiqi tədbirlər görməyə çağırırıq. Bəyəm hamı susmalıdır? Yəqin ki, Yaponiyada hər şey az təhlükəsiz və texnoloji deyildi. Lakin bu baş verdi ki! Bəli, orada sunami olmuşdu. Burada isə zəlzələ ola bilər. Tarix baxımından Spitakdakı dəhşətli zəlzələ elə də çoxdan baş verməyib. Biz hamımız bunu xatırlayırıq", - deyə səfir qeyd edib.
Polad Bülbüloğlu erməni deputat və hərbçilərinin Ermənistanın nüvə silahına malik olmaları ilə bağlı səsləndirdikləri iddialara da münasibət bildirib. Səfir Ermənistanın bir sıra hərbçi və deputatlarının, o cümədən keşmiş baş nazirin məsuliyyətsiz bəyanatlarından narahat olduğunu söyləyib: "Onlar nüvə silahının yaradılma imkanına və ya "çirkli bomba"ya sahib olduqlarını bəyan edirlər. Düşünürəm ki, Metsamor AES-in cəlb etməklə radioaktiv komponentlərlə təchiz edilmiş döyüş vasitələrinin yaradılması üzrə bu cür eksperimentlərin bütün dünyada hansı fəsadlar yarada biləcəyini sübut etməyə ehtiyac yoxdur”.