“Nazir özünü sığortalamaqdan ötrü şairi qurban verib”
Vergilər nazirinin sponsorluğu ilə ərsəyə gələn kitabda hakimiyyət tənqid olunub
Xeberinfo.com: Şair Saday Şəkərlinin həbsinin pərdəarxası məqamları üzə çıxıb. Şairin Hüquqlarının Müdafiə Komitəsinin təşkilatçılarından biri kinorejissorEldəniz Quliyev Azadlıq Radiosuna müsahibəsində Saday Şəkərlinin həbsinə sonuncu kitabının səbəb olduğundan danışıb. Məlum olub ki, S.Şəkərlinin həbsində vergilər naziri Fazil Məmmədovun da adı keçir. E.Quliyevlə həmin müsahibəni təqdim edirik.
– Eldəniz bəy, Saday Şəkərliyə qarşı Vergilər Nazirliyinin vəzifəli şəxsinin müraciəti əsasında hədə-qorxu ilə pul tələb etmə maddəsi ilə ittiham irəli sürülüb. Siz bu ittihamla razılaşmırsız, o zaman şairin həbsinə səbəb nəyi görürsüz?
– Saday Şəkərlinin ötən ilin dekabrında çap edilən “Qurd ürəyi” adlı kitabı onun həbsinə səbəb olub. Kitab avtobioqrafikdir. Ancaq son hissəsi hakimiyyətin tənqidinə həsr edilib. Nəyə görə deyirik ki, məhz hakimiyyəti tənqidlə bağlı fikirlər onun həbsinə səbəb olub? Çünki dərhal gəlib evdən kitabın bütün nüsxələrini müsadirə ediblər. İttiham da absurddur. Vergilər Nazirliyinə hər kim istəsə, rahatlıqla girib kiməsə hədə-qorxu gəlib pul tələb edə bilərmi? Absurd ittihamdır və həbs kitabına görədir. Biz Müdafiə Komitəsi olaraq bunu ictimaiyyətə çatdırmışıq. Rusiya Yazıçılar İttifaqı da müraciət edib, amma onlar bu saxta ittihamdan geri çəkilmək istəmirlər. İstedadlı bir adamı uzun müddət cəmiyyətdən təcrid etməklə nəyə nail olmaq istəyirlər, anlamıram. (Ardı aşağıda)
– Eldəniz bəy, barəsində danışdığınız kitab satışa buraxılıbmı?
– Kitabın 50 siqnal nüsxəsi çap olunub. Saday Şəkərli kitabları gətirib evə. Ondan sonra Vergilər Nazirliyindən zəng eləyib şairi kitaba “şirinlik vermək” üçün nazirliyə çağırıblar. Bundan əvvəl də Vergilər naziri Fazil Məmmədov Saday Şəkərlinin əvvəlki kitablarının bəzilərinə sponsorluq edib. Ona görə də Saday Şəkərli nazirliyə gedib. Ona pul təklif ediblər, şair götürməyib, onda deyiblər ki, “bu, sponsorun puludur, götürün, kitabı satarsız, qaytararsız”. Saday Şəkərli də həmin pulu götürəndə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları onu həbs ediblər, həmin günü də gəlib evində axtarış aparıblar. “Qurd ürəyi” kitabının siqnal nüsxəsini müsadirə ediblər, daha doğrusu, 49-nu götürüblər, ailə üzvləri birini gizlətməyi bacarıb. Hazırda kitabın bu nüsxəsi əlimizdədir.
– Eldəniz bəy, Azərbaycanda sosial şəbəkələrdə, bəzi qəzet və saytlarda hakimiyyəti tənqid edən fikirlər yer alır. Saday Şəkərlinin kitabında tənqid dozası aşıbmı ki, onun həbsinə səbəb olsun?
– Əslində yerində verilmiş sualdır. Kitabda hakimiyyəti tənqid edən fikirlər heç də sosial şəbəkələrdə, qəzet və saytlardakından sərt deyil. Əslində, Saday Şəkərli həmin hissədə bəzi müxalifət liderlərinin fikirlərindən sitatlar gətirib. Sadəcə, burda bir incə nüans var. Kitabın titul səhifəsində nəşrin Vergilər naziri Fazil Məmmədovun dəstəyi ilə çap olunduğu göstərilib. Təbii ki, içində tənqidi fikirlərin yer aldığı kitaba sponsorluq hakimiyyətin yuxarı qatında oturan bir adama baha başa gələ bilərdi. Saday Şəkərli də təmiz qəlbliyindən düşünməyib ki, içində hakimiyyəti tənqid edən fikirlər olan bir kitabın bir nazirin sponsorluğu ilə buraxıldığını yazmaq olmaz. Fazil Məmmədov özünü sığortalamaq üçün Saday Şəkərlini qurban verib, məsələ bundadır. Bayaq mən Saday Şəkərlinin xanımı ilə danışdım, dedi ki, müsadirə olunan netbuk, telefon geri qaytarılıb, amma kitablar qaytarılmayıb.
– Saday Şəkərli kitabının mətnini əvvəl də, indi də sponsoru ilə razılaşdırırdımı?
– Bu suala şairin özü cavab verə bilər. Fazil Məmmədovun sponsorluq elədiyi nəşrlər şeir kitabı olub. Bu kitab da avtobioqrafik əsərdi, şairin uşaqlıqdan indiyə kimi yaşadığı hadisələrdən bəhs edir. Bircə sonuncu hissədə hakimiyyəti tənqid edən fikirlər var.
– Kitab nə zaman çapdan çıxıb?
– Həbsindən bir gün əvvəl. Dekabrın 22-də. İnanın, ən yaxın dostları olan biz kitabın üzünü görmədik, gəlib evindən apardılar.
– Siz Müdafiə Komitəsi olaraq nə etmək niyyətindəsiz?
– Biz Baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşmək istəyirik. Hərçənd iş artıq məhkəməyə gedir. Şairin azadlığa buraxılmasından ötrü əlimizdən gələn hər şeyi edəcəyik.