"Yeni rektor bütün bu vəzifələrin öhdəsindən gəlməlidir"
"xeberinfo.com": Ölkə başçısının sərəncamı ilə İqtisad Universitetinin rektor vəzifəsindən azad olunan millət vəkili, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev Modern.az-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Şəmsəddin müəllim, “Elm siyasəti haqqında” qanun layihəsi parlamentin yaz sessiyasında müzakirəyə çıxarılmalı idi. Ancaq bu barədə bir xəbər yoxdur.
- Bu qanun böyük maliyyə tutumlu sənəddir. Bu qanun layihəsinin maliyyə məsələsi Maliyyə Nazirliyi tərəfindən araşdırılır. Ümumi bir məxrəcə gələn kimi sənəd müzakirəyə çıxarılacaq.
- Sənəd sessiyanın gündəliyində var idi. Ola bilərmi ki, ümumiyyətlə müzakirəyə çıxarılmasın.
- Gündəlikdə var, müzakirəyə də çıxaracayıq.
- Azərbaycanda uşaq baxçaları Təhsil Nazirliyinə tabe deyil. Bu isə pərakəndəlik yaradır. Yaxın zamanlarda uşaq baxçalarının Təhsil Nazirliyinin tabeçiliyinə verilmə məsələsi gözlənilirmi?
- Artıq bununla bağlı işlər gedir. Təbii ki, bağçalar Təhsil sistemində cəmləşsə daha yaxşı olar. Həm nəzarət mexanizmi, həm oradakı tədrisin təşkili daha effektli olar.
- Milli Məclisin ən böyük komitələrindən birinə rəhbərlik edirsiniz. Rektor vəzifəsindən azad olunmağınızı necə qarşıladınız?
- Mən bu sərəncamı çox normal qarşıladım. Tam səmimi deyirəm. 9 il 4 ay Universiteti demək olar ki, dəyişdik. Tamamilə başqa Universitet yaratdıq. İqtisad Universiteti “Narxoz” adını üzərindən birdəfəlik atdı. Artıq İqtisad Universiteti Avropa səviyyəsində olan ali təhsil ocağıdır. Yeni tələblər, istiqamətlər var. Yeni rektor bütün bu vəzifələrin öhdəsindən gəlməlidir və gələcəkdir də. Yeni rektoru da çox gözəl tanıyıram. Yaxşı təhsil alıb, elmi işini Kiyevdə müdafiə edib. İqtisad Universitetində iqtisadçının rektor olması tamamilə təbiidir. Mən də bundan sonra bütün potensialımı yalnız qanunvericiliklə və elmi fəaliyyətimlə davam etdirəcəyəm.
- Universitetdə yarımçıq qalan işləriniz oldumu?
- Təbii ki, çox işlər var idi ki, başlanılmışdı, amma başa çatdırılmamışdı. Biz yeni rəhbərlə bir neçə dəfə görüşmüşük, məsləhətləşmişik. O, işlər nəinki axıra çatdırılacaq, hətta yenilərinə başlanılacaq. Bu elə bir sahədir ki, daim inkişaf etməlidir.
- Universitetdə müəllim olaraq fəaliyyətinizi davam etdirə biləcəksinizmi?
- Əlbəttə. Mən kafedra müdiriyəm.