“Hələ imkan var ki, ATƏT PA qəbul etdiyi qərara yenidən baxsın”
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etməkdən intina etməsi ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Bəs, təşkilatın bu qərarı Azərbaycan-ATƏT münasibətlərinə necə təsir göstərə bilər?
"Xeberinfo.com": Məlumata görə, Millət vəkili, ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev olaylar.az-a bununla bağlı müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
-Azay müəllim, siz həm də ATƏT-də yüksək vəzifədə təmsil olunursunuz. ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavinisiniz. Qurumun Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda keçiriləcək parlament seçkisini izləməkdən intina etməsini necə qiymətləndirisiniz?
- ATƏT-in Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə göndərməməsi tərəfimizdən kəskin şəkildə pislənildi. Mən bu barədə fikrimi həm Büro üzvlərinə, həm də yanvarın 1-dən vəzifəsinin icrasına başlayacaq yeni Baş Katibə bildirmişəm. Bu artıq ATƏT Parlament Assambleyasının qəbul etdiyi ən yanlış qərardır. Düzdür, bu qərar təşkilatla Azərbaycan arasında əməkdaşlığa hər hansı formada təsir etməyəcək. Ancaq onlar belə fikirləşirlər ki, bu, sadəcə bir texniki qərardır. Çünki, əgər ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkini müşahidə etmirsə avtomatik olaraq Parlament Assambleyası seçkilərdə iştirak etmir. Bununla Azərbaycanda siyasi anlam axtarmağın mənası yoxdur. Buna baxmayaraq hesab edirəm ki, hələ imkan var ki, ATƏT PA qəbul etdiyi qərara yenidən baxsın. Ən azı kiçik bir heyətlə də olsa, seçkilərə müşahidəçi missiyası göndərsin. Lakin, ATƏT seçkilərə gəlsə də, gəlməsə də bunun seçkinin nəticələrinə heç bir təsiri yoxdur. Ona görə ki, seçkini Azərbaycan xalqı, seçicilər keçirir, namizədlərə Azərbaycan seçkiləri səs verəcək. Nəzərə almaq lazımdır ki, seçkilərdə xarici ölkələrin və beynəlxalq qurumların mindən artıq müşahidəçisinin iştirakı gözlənir. Düşünürəm ki, bu qərar ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycana qarşı tətbiq etdiyi çox qərəzli bir mövqedir. Onu da anlayırıq ki, belə bir qərarın qəbul olunması bəlli dairələrin sifarişi ilə icra olunan məsələdir. Təəssüf edirik ki, bu gün bu qurumun rəhbəri müstəqil qərar qəbul etmir, o, hansı qərarın necə qəbul ounması haqqında verilən təlimata əməl edir. Bu da bizdə təəssüf hissi doğurur, bundan da uduzan Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun özü olacaq.
- Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri izləməkdən imtina etməsi ilə bağlı gətirdiyi arqumentləri əsaslı hesab etmək olarmı?
- Azərbaycan seçkiləri müşahidə etmək üçün həm Parlament Assambleyasını, həm də DTİHB-ni rəsmi dəvət etmişdi. Onlar 400-dən artıq müşahidəçi ilə təmsil olunmaq istəyirdilər. Biz isə təklif etdik ki, seçki ilə əlaqədar Azərbaycanda kifayət qədər xarici müşahidəçi olacaq, onların hamısını eyni şəkildə qəbul etmək müəyyən texniki çətinliklər yarada bilər, bəlkə müşahidəçilərin tərkibinə yenidən baxılsın. Lakin onlar bunu məqbul hesab etmədilər. Halbuki, belə qərarlar kollegial şəkildə qəbul edilməlidir. Ancaq qurum birtərəfli şəkildə belə bir qərar qəbul etdi. Digər tərəfdən, bilirdik ki, bu sifarişli bir qərardır, ölkəmizi qəbul etməyən antiAzərbaycan dairələrinin, xüsusilə erməni lobbisi tərəfindən maliyələşən qrupların Azərbaycana göstərdiyi növbəti təzyiq elementidir. Bütün hallarda belə bir mövqenin Azərbaycana qarşı sərgilənməsi ən azından haqsızlıq və ədalətsizlikdir.
- Bu qərar Azərbaycan-ATƏT münasibətlərinə hər hansı formada təsir imkanına malikdirmi?
- Biz ATƏT PA-da ən fəal nümayəndə heyətlərindən biriyik. Bu baxımdan bizim bu təşkilatla münasibətlərimiz davam edəcək. Amma məsələ orasındadır ki, biz həmişə ikili standartlarla qarşı-qarşıya qalmışıq. Təəssüflər olsun ki, qonşu ölkələrdə baş verən hadisələrə diqqət yetirilmir, hər hansı məsələ ilə bağlı ayrı-ayrı ölkələrin təklifləri nəzərə alınır, lakin çox vaxt Azərbaycanla bağlı mənfi münasibətin şahidi oluruq. Hesab edirəm ki, bundan sonrakı fəaliyyətimizdə də ATƏT PA-da öz sözümüzü açıq şəkildə deyəcəyik və bizə qarşı olan bu haqsızlığı qınamaqda davam edəcəyik. Bu gün bizim haqlı mövqeyimizi çatdırmaq üçün gözəl fürsət var və bu fürsətdən indiyə qədər olduğu kimi faydalanacağıq.
- Məlum olduğu kimi Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllində vasitəçi missiyasını yerinə yetirən Minsk qrupu ATƏT çərçivəsində fəaliyyət göstərir. Bu qrupun Qarabağ probleminin həllinə yanaşma tərzini məqbul hesab etmək olarmı?
- Biz bu məsələ ilə bağlı dəfələrlə bəyanat vermişik. Cənab Prezident də dəfələrlə Minsk qrupunun fəaliyyətini ciddi şəkildə tənqid edib. Minsk qrupunun sadəcə olaraq danışıqlar imitasiyası yaratdığını qeyd edib. Vəziyyət doğrudan da belədir və bu bizi ciddi narahat edir. Təsadüfi deyil ki, bu məsələni dəfələrlə Parlament Assambleyasında qaldırmışıq. Ancaq nəzərə almaq lazımdır ki, bu çox mürəkkəb bir məsələdir. Biz ədalətin bərpa olunması məqsədilə beynəlxalq qurumları və vasitəçi təşkilatları ciddi şəkildə tənqid etməklə yanaşı, mütəşəkkil ordu formalaşdırmışıq, artıq Azərbaycanın güclü ordusu var. Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı cənab prezident prinspial və güzəştsiz siyasət həyata keçirir. Bizə qarşı bütün qərəzli, çirkin kampaniyaların aparılmasına baxmayaraq dövlət başçısı milli maraqlarımızdan bir an da olsa geri çəkilmir. Ərazi bütövlüyünün təmin olunması, Qarabağın və ətraf rayonların işğaldan azad olunması qaçqın və köçkünlərimizin öz yurdlarına qayıtması istiqamətində dövlətimiz bütün mümkün variantlar üzərində ciddi çalışır. Əminəm ki, Minsk qrupu oldu-olmadı biz öz problemimizi həll edəcəyik, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Minsk qrupu ilə bağlı indiyə qədər səslənən əsaslı tənqidi fikirləri bir daha təkrar etmək istəmirəm, amma düşünürəm ki, bu qrup problemin həllinə yox, onun dondurulmasına, danışıqlar müddətinin uzadılmasına xidmət edir.
- Son vaxtlar belə fikirlər tez-tez səslənir ki, ATƏT PA, Avronest PA, Avropa Parlamenti, Avropa Şurası kimi beynəlxlaq təşkilatlarla əməkdaşlığa yenidən baxılsın. Ümumiyyətlə siz beynəlxalq təşkilatlarla əməkdaşlıqda yeni yanaşmaya ehtiyac görürsünüz?
- Beynəlxalq təşkilatlar bizə necə münasibət bəsləyirlərsə, biz də onlara eyni münasibət bəsləməliyik. Biz heç kimdən asılı olmayan suveren bir dövlətik. Əgər bizim bir dövlət kimi daxili işlərimizə qarışılırsa, hüququmuz pozulursa, maraqlarımız nəzərə alınmırsa, istər ATƏT olsun, istərsə də Avropa Şurası, Avropa Parlamenti olsun, bizim üçün fərq etməz, eyni mövqe sərgiləyəcəyik. Bir də ki, Avropa Parlamentinin bizə qarşı çirkin kampaniyasına, qərəzli mövqeyinə, sifarişli qətnaməsinə etiraz olaraq biz Avronest Parlament Assambleyasından çıxdıq, həmin qərarı bütün dünyaya bəyan etdik, öz sərt mövqeyimizi bildirdik. Sabah eyni münasibət başqa təşkilatlardan da davam etsə yenə də prinspial mövqeyimizi bildirəcəyik. Beynəlxalq təşkilatlar bilməlidirlər ki, Azərbaycanla təzyiq, basqı dilində, şantaj, qətnamə dilində danışmaq olmaz. Çünki biz suveren dövlətik, bizim milli və dövlət maraqlarımız var. Bizi hər hansı bir bloka cəlb etməklə milli maraqlarımızı kənara qoyub, özlərinin maraqlarını diktə etmək Azərbaycanda qəbul olunmur. Bunu nə Azərbaycan xalqı, nə də ki, ölkə prezidenti qəbul etmir. Burada söhbət onların irəli sürdükləri təkliflərə, onların maraqlarının Azərbaycan tərəfinin nə qədər qəbul edib-etməməsindən gedir. Ona görə də bu gün müstəqil və milli maraqlara uyğun siyasəti nə qədər ki, fasiləsiz və prinspial olaraq davam etdiririk, o qədər də bizə qarşı kampaniyalar olur. Amma antiAzərbaycan qüvvələri bilməlidir ki, bu gün Azərbaycan xalqı ilə hakimiyyət arasında anlaşma var. Azərbaycan prezidenti xalqın mütləq əksəriyyətinin dəstəyinə malikdir. Ona görə də biz dövlət olaraq hər bir şeyi insanların maraqları, vətəndaşların mənafeyi naminə həyata keçiririk. Əgər hansısa beynəlxalq qurum bizim ümumi maraqlarımıza zidd olan qərarlar verəcəklərsə, biz də ona qarşı adekvat yanaşacağıq. Həmin beynəlxalq qurumlar heç bir vaxt Ermənistanı işğalçı kimi tanımayıblar, onu işğalçı kimi qəbul etməyiblər. Həmin qurumlar 25 ildir ki, Azərbaycanın çətin vəziyyətdə olan vətəndaşlarının, qaçqın və köçkünlərin hüquqlarının bərpası istiqamətində bir addım belə atmayıblar. Bu baxımdan onların mənəvi haqqı yoxdur ki, hər hansı məsələ ilə bağlı bizə irad bildirsinlər. Bu gün onlar öz dövlətlərindəki problemlərə diqqət ayırmalıdırlar. Əgər Azərbaycanda problem axtarırlarsa ilk növbədə qaçqın və köçkünlərin problemlərini həll etsinlər.
- Siz həm də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilati Ölkələri QHT-ləri Forumunun prezidentisiniz. Nədənsə bu sahədə hər hansı irəliləyiş müşahidə olunmur. Sizcə, bu əməkdaşlığın inkişafı istiqamətində hansı prespektivlər mövcuddur?
- Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilati Ölkələrinin QHT-ləri arasında müəyyən əməkdaşlıq var. Ancaq bu əməkdaşlıq arzu edilən səviyyədə deyil. Bizim istəyimiz o idi ki, Qara Dəniz hövzəsi ölkələrinin qeyri-hökumət təşkilatları arasında çevik bir əməkdaşlıq mexanizmi yaradaq. Bu istiqamətdə Türkiyə və Azərbaycan tərəfindən birgə cəhdlər oldu, bir sıra təşkilati məsələlər həllini tapdı. Ümid edirik ki, gələcəkdə bu sahədə daha mütəşəkkil şəkildə işləyəcəyik.
- QHT-lərə Dövlət Dəstəyi Şurası “Şuşaya azadlıq” Beynəlxalq Kampaniyası çərçivəsində görülən işləri yetərli hesab etmək olarmı? Gələcəkdə bi istiqamətdə hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur?
- Biz bu kampaniyaya 47 ölkəni cəlb edə bilmişik. Minlərlə gənc bu kampaniyaya qoşulub. Əsas məqsədimiz o idi ki, Şuşanı bir daha dünyaya tanıdaq, dünya bilsin ki, Şuşa kimi şəhər bu gün işğal altındadır. Şuşa təkcə bir yaşayış massivi deyil, Şuşa Qafqazın konservatoriyasıdır. Şuşa dünya mədəniyyətinə, incəsənətinə böyük töhvələr vermiş, dahilər yetirmiş bir şəhərdir. Ona görə, Şuşanın işğalına təkcə bir şəhərin işğalı kimi yox, həm də ermənilər tərəfindən mədəniyyət beşiyinin dağıdılması, məhv edilməsi kimi baxılmalıdır. Hesab edirəm ki, biz bu kampaniyanı başlamaqla qarşımıza qoyduğumuz məqsədlərə nail olmalıyıq. Ona görə bu kampaniya daha da genişlənməli və daha çox ölkə cəlb edilməlidir.