"Azərbaycan öz tarixini, mədəniyyətini, tolerantlığını, və idman tarixini dünyaya nümayiş etdirdi"
Gənclər və idman naziri, Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov “Azərbaycan” qəzetinə müsahibə verib.
"Xeberinfo.com": Həmin müsahibəni təqdim edirik:
- Azərbaycan I Avropa Oyunlarına çox yüksək səviyyədə evsahibliyi etdi. İstərdik ki, öncə ölkəmizin az bir zaman müddətində “Bakı-2015”ə hazırlığı və Avropa Oyunları Əməliyyat Komitəsinin yaradılması prosesi barədə məlumat verəsiniz.
- Öncə onu deyim ki, ilk Avropa Oyunları kimi böyük idman yarışlarını keçirmək üçün ən mühüm məsələlərdən biri idman infrastrukturlarının inşası prosesi idi. Biz 2 il yarım müddətdə idman infrastrukturlarını tam hazır vəziyyətə gətirdik. Ancaq nəzərə alaq ki, Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı verilən qərardan əvvəl Azərbaycanda Olimpiya Stadionu və Bakı Su İdmanı Sarayının tikilməsi ilə bağlı işlərə başlanmışdı. Yarışların keçirildiyi digər arenalar isə ölkəmizdə çoxdan mövcud olan idman infrastrukturları idi.
Həmin idman arenalarında yenidənqurma işləri aparıldı və onlar müasir standartlara cavab verən bütün texniki vasitələrlə təmin edildilər. Müvəqqəti idman qurğuları isə Avropa Olimpiya Komitəsinin “Bakı-2015”lə bağlı müsbət rəyindən sonra inşa edildi. Ona görə də Avropa Oyunlarının təşkilati işləri ilə bağlı məsələlər bizi narahat etmədi. Yarışları ən yüksək səviyyədə keçirmək üçün hər cür hazırlıqlar görüldü və uğurla da başa çatdırıldı.
Digər böyük məsələ isə əməliyyat işləri idi. Bunlar Azərbycana gələn idmançıların, nümayəndə heyətlərinin qarşılanması, Atletlər Kəndində yerləşdirilməsi, onların qidalanması, nəqliyyat vasitələri ilə təminatı məsələləri idi. Bütün bunlarla bağlı yaradılan komanda öz vəzifəsini layiqincə yerinə yetirdi və heç bir narazılıq yaranmadı. Avropa Oyunları Əməliyyat Komitəsi bütün işləri plan əsasında vaxtı-vaxtında həll etdi.
- Azərbaycan Avropa Oyunlarında öz təşkilatçılıq qabiliyyətini göstərməklə bir növ yeni standartlar da tətbiq etdi. Bu standartlar hansılardır?
- “Bakı-2015”lə bağlı Azərbaycan Prezidentinin qərarı ilə Avropa Oyunlarının Təşkilat Komitəsi yaradıldı və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva komitənin sədri təyin edildi. Bu işdə Təşkilat Komitəsi az vaxtda çox böyük işlər gördü. Əsas istiqamət isə qlobal məsələlərin həlli və digər təşkilati mövzular idi ki, komitə bu sahədə də öz işini layiqincə yerinə yetirdi. Təşkilat Komitəsinin qərarı ilə həm də Avropa Oyunları Əməliyyat Komitəsi yaradıldı və mən onun rəhbəri təyin olundum. Üzərimizə düşən öhdəlikləri vaxtı-vaxtında yerinə yetirməyə çalışır və ortaya çıxan hər bir problemli məsələləri isə Təşkilat Komitəsi ilə birgə müzakirə etdikdən sonra həll etməyə çalışırdıq.
Bu işdə Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın əməyini xüsusi qeyd etmək istərdim. O, bütün işlərlə maraqlanır, görülən hazırlıqlarla yerində tanış olur və öz tapşırıqarını verirdi. Ona görə də bütün hazırlıqlar, təşkilati işlər yüksək səviyyədə oldu.
Azərbaycanın yeni standartlar müəyyənləşdirməsinə gəlincə isə deyə bilərəm ki, istənilən məkanda ilk yarış, ilk oyun keçirilərkən insanlar tərəfindən maraqla qarşılanır. Çünki onun adının qarşısında ilk sözü var. Hər kəsə ilk dəfə həyata keçiriləcək layihə maraqlı gəlir. Sözsüz ki, ilk Avropa Oyunları da dünyada çox böyük maraq doğurdu və bütün diqqətlər Azərbaycana yönəlmişdi. Çünki dünyada idmana maraq böyükdür. Ona görə də beynəlxalq ictimaiyyət üçün ilk dəfə keçirilən Avropa Oyunlarına maraq çox yüksək idi.
Eyni zamanda bu, qitənin ilk beynəlxalq yarışı idi. Biz də çalışdıq ki, bu yarışla bağlı hər bir ölkəyə geniş məlumatlar verək. Bu məqsədlə də bir çox ölkələrdə “Bakı-2015”lə bağlı təqdimat mərasimləri keçirdik, xalqlara yarışlarla bağlı məlumatlar çatdırdıq. Nəticəsi yaxşı oldu.
Yay Olimpiya Oyunlarını keçirmək üçün müəyyən standartlar mövcuddur və bunun təlimatları da var. Ancaq qitədə ilk dəfə keçirilən Avropa Oyunlarının standartları yox idi. Bu standartları Azərbaycan müəyyənləşdirdi. Biz təlimatları özümüz yazdıq və gələcək Oyunlar üçün hazır meyarlar yaratdıq. Prezident İlham Əliyev də tapşırıq vermişdi ki, Avropa Oyunları Yay Olimpiya Oyunları standartları səviyyəsində keçirilməlidir və həqiqətən də belə oldu. Bütün yarış meydançaları, məşq zalları, idmançıların istirahət otaqları, onların qidalanması, Atletlər Kəndinin yaradılması və digər proseslər bu standartlara uyğun qurulmuşdu. Hər bir xarici idmançı da, nümayəndə heyətinin üzvü də indiyədək belə bir şəraitlə rastlaşmadıqlarını söyləyirdi.
Ümumiyyətlə, Azərbaycan idman yarışı hazırlığının ən mükəmməl standartlarını müəyyənləşdirdi.
- Sizcə, “Bakı -2015” Avropa Oyunlarında atletlərimizin 56 medal qazanması, Avropada 2-ci ölkə olacağımız gözlənilən idimi?
- Bu, gözlənilməz uğur idi. Hər kəs proqnoz verməyə çalışırdı. Ancaq nəticə çox müsbət oldu. Azərbaycan idmançıları ümidləri həqiqətən doğrultdular. Çünki bu yarış Azərbaycanda keçirilirdi və atletlərimiz ürəklə çıxış etdilər. Yeni rekordlar müəyyənləşdi. Hər çəkidə yarışmaq üçün idmançımız var idi.
291 atletimiz möhtəşəm idman yarışında Azərbaycanı layiqincə təmsil etdi. Bir daha dünyaya nümayiş olundu ki, Azərbaycan idman sahəsində də Avropada liderlərdən biridir. Bütün bunlar dövlətimizin idmana göstərdiyi diqqət və qayğının nəticəsi əsasında baş tutur və inanırıq ki, növbəti yarışlarda Azərbaycan idmançıları daha çox medal qazanaraq yeni rekordlar müəyyənləşdirəcəklər.
- I Avropa Oyunlarının rəsmi açılış və bağlanış mərasimlərinin təşkili ilə bağlı dünyanın bu sahədə böyük təcrübəyə malik aparıcı şirkətləri iştirak ediblər. Bununla bağlı nə deyə bilərdiniz.
- Avropa Oyunlarının həm açılış, həm də bağlanış mərasimi həqiqətən möhtəşəm oldu. Azərbaycan öz tarixini, mədəniyyətini, incəsənətini, tolerantlığını, qonaqpərvərliyini və idman tarixini dünyaya nümayiş etdirdi. Dünyanın bir çox dövlətlərinin KİV-i hər iki mərasimlə bağlı ətraflı yazılar dərc etdilər. İnanırıq ki, hələ uzun müddət Azərbaycanın bu uğuru ilə bağlı müzakirələr aparılacaq. Onu da deyim ki, biz komanda olaraq bu işin öhdəsindən gəldik. Hər şey uğurlu sonluqla yekunlaşdı.
Bu mərasimlərə cəlb olunan əcnəbi mütəxəssislərin hazırladıqları bütün layihələrə Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyeva nəzarət edirdi. Həmin mütəxəssislər müxtəlif layihələri, ideyaları təqdim etməmişdən öncə uzun müddət kitabxanalarımızda, muzeylərimizdə oldular, tarixi abidələrimizi ziyarət edib milli musiqilərimizi dinlədilər. İlk günlər onlar Qara Qarayevin, Fikrət Əmirovun kompozisiyalarını dinləyirdilər. Bakıda bütün mədəniyyət ocaqlarımıza baş çəkib özləri üçün faktlar toplayırdılar.
Sonra isə ideyalarını hazırlayıb Mehriban xanım Əliyevaya təqdim edirdilər. Təşkilat Komitəsinin rəhbəri öz əlavələrini, düzəlişlərini edirdi və ondan sonra səhnələr hazırlanırdı. Əminik ki, nümayiş olunan bütün səhnələr, şoular xalqımızın ürəyincə olub. Bir sözlə həm açılış, həm bağlanış mərasimi ilə Azərbaycan dünyaya öz gücünü, qüdrətini nümayiş etdirə bildi.
- Qazanılan uğurları gözü götürməyən antiazərbaycançı şəbəkə müxtəlif qarayaxmalarla məşğul idi. Atletlərimizin qazandıqları yüksək nailiyyətləri də bir çox ölkələrdən güclü idmançıların yarışa qatılmaması kimi əsassız iddialarla əlaqələndirirdilər. Buna necə baxırsınız?
- Qeyd etdiyim kimi, Azərbaycanda I Avropa Oyunlarının keçirilməsi ölkəmizin nüfuzunun artdığını bir daha sübuta yetirdi. Ötən dövr ərzində I Avropa Oyunlarının Təşkilat Komitəsi bu mühüm beynəlxalq idman tədbirinin yüksək səviyyədə təşkili üçün mühüm işlər görüb. Yeni idman qurğularının tikintisi, mövcud olan qurğuların yenidən bərpa olunması, sosial və nəqliyyat infrastrukturunun dünya standartlarına uyğun təkmilləşdirilməsi, qonaqların yerləşdirilməsi, təhlükəsizlik və digər bu kimi məsələlər yüksək səviyyədə həll olundu.
İdmanda olan nailiyyətlər də göz qabağındadır. Azərbaycan qazandığı medalların sayına görə Avropanın ən güclü 2-ci ölkəsi oldu. Bunları danmaq mümkün deyil. Bu sahədə həyata keçirilən siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda idmanla məşğul olmaq böyük amilə çevrilib. Avropa Oyunları Azərbaycanın milli, dövlətçilik maraqları baxımından böyük əhəmiyyətə malik idi. Azərbaycanın qüdrətli dövlət kimi dünyada öz layiqli yerini tutması antiazərbaycançı şəbəkədə böyük narahatlıq yaradıb. Kimsə I Avropa Oyunları ilə bağlı cəmiyyətdə mənfi rəy formalaşdırmağa çalışırsa, demək ki, o, Azərbaycan dövlətinə, onun milli maraqlarına qarşı çıxır.
Bu məsələ ilə bağlı fikir bildirənlər idman aləmindən uzaq olanlardır. Məlum olduğu kimi Avropa Oyunlarına daxil olan 16 olimpiya idman növündən 12-si lisenziya xarakterli idi. Bu fürsəti heç bir idmançı qaçırmaq istəməzdi. 100-dən artıq Olimpiya və dünya çempionu “Bakı-2015”də yarışdı. Üzgüçülükdə gənclər arasında dünya rekordu təzələndi. Zəif idmançı dünya rekordu qıra bilər? Bu haqda fikir səsləndirənlər bəlkə, heç bir dəfə də olsun idman yarışına baxmayıblar. İdmandan xəbəri olanlar belə fikirlərlə çıxış etməzlər. Heç bir qara qüvvə bizi qorxuda bilməz. Oyunları boykot etməyə, açılış mərasimi zamanı saytı dağıtmağa çalışdılar. Lakin qarayaxma kampaniyası aparan şəbəkə arzusuna çata bilmədi.
- Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib ki, ilk qitəmiqyaslı Oyunların təşkilatçısı olan Azərbaycan bundan sonrakı yarışların da rəmzi start nöqtəsi olacaq. Yəni növbəti Oyunlar zamanı yarışların məşəli Bakıda yandırılacaq. Bu məsələ tam rəsmiləşibmi?
- Hər 4 ildən bir keçiriləcək Avropa Oyunlarının məşəlinin Bakıda “Atəşgah”da alovlandırılması təklifi irəli sürüldü. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bu təşəbbüsü məmnuniyyətlə qarşıladı. Avropa Oyunlarını keçirəcək növbəti şəhərin adı açıqlanacağı zaman bu məsələ müzakirəyə çıxarılacaq. Yəqin ki, təsdiq olunacaq. Məşəlin Bakıdan götürülməsi həqiqətən də möhtəşəm olar.
- 2017-ci ildə Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Azərbaycanda bu yarışla bağlı yeni idman infrastrukturunun inşası gözlənilirmi?
- Azərbaycanın idman infrastrukturu çox yüksək səviyyədədir. Dövlət başçısı İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq federasiyaların seçim edərkən məhz ölkəmizə üstünlük verməsini təmin edib. Yəni Azərbaycan müasir idman və digər infrastruktura, dünya arenalarında böyük uğurlar qazanan idmançılara sahib dövlət kimi seçim zamanı bir addım öndə olur. Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və bu kimi digər beynəlxalq tədbirlərin keçirilməsi zamanı Azərbaycanın seçilməsi inkişaf və sabitlik göstəricilərinə görə ən əlverişli dövlətlərdən biri olan ölkəmizə qlobal səviyyədə inamın, etibarın təsdiqidir. Bu inam və etibarın arxasında isə məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. Bir daha vurğulamaq istərdim ki, Avropa Oyunlarında istifadəyə verilən idman obyektləri 2017-ci ildə ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına da yetərli olacaq. Bir sözlə, bu nüfuzlu yarış üçün yeni idman infratsrukturunun yaradılmasına ehtiyac yoxdur.
- Avropa Oyunlarında könüllülük fəaliyyətinin təşkili işində hansı təcrübədən istifadə olunub? Könüllülərin köməyindən sonrakı yarışlarda necə istifadə etməyi planlaşdırırsınız?
- Gənclərimizin, əcnəbi və yerli könüllülərin əməyi yüksək qiymətləndirilməlidir. “Bakı-2015” Avropa Oyunlarının reallaşmasında ölkə gəncliyinin iştirakını xüsusi olaraq qeyd etmək lazımdır. Biz könüllülərin layihələrini hər zaman dəstəkləyirik. Uğurla reallaşan möhtəşəm açılış və bağlanış mərasimlərində, 17 gün ərzində yarışlarda aktiv iştirak böyük zəhmət tələb edirdi. Azərbaycanın qonaqpərvərliyi, mehribanlığı könüllülərin simalarında daim hiss olunurdu.
Azərbaycanda formalaşan könüllülük hərəkatı özünü bir daha doğrultdu. Onlar möhtəşəm idman tədbirinin bir parçası olmaqla böyük bir missiyanın öhdəsindən uğurla gəldilər. Sevindirici haldır ki, artıq Azərbaycanda könüllülük mədəniyyəti formalaşıb. Onlar vətənini sevən, Prezidentinə sadiq olan böyük bir qüvvədirlər. Dövlət başçısı İlham Əliyev də bu xidməti çox yüksək qiymətləndirir. Onlara mükafat da təqdim olunacaq. İstəyirik onlarla gələcəkdə də birgə çalışaq. Böyük əzmlə çalışıb möhkəm iradə nümayiş etdirən könüllüləri də təbrik edir, onlara minnətdarlığımızı bildiririk.