"Azərbaycana qarşı riyakar, heç bir məntiqə sığmayan kampaniyalar həyata keçirirlər"
Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov AZƏRTAC-a müsahibə verib.
"Xeberinfo.com": Həmin müsahibəni təqdim edirik:
- Azər müəllim, son zamanlar Azərbaycana qarşı ayrı-ayrı ölkələr, beynəlxalq təşkilatlar, kütləvi informasiya vasitələri tərəfindən hücumların şahidi oluruq. Avropa Şurası Parlament Assambleyasının son qətnaməsi, BMT-də aparılan müzakirələr, ABŞ Dövlət Departamenti tərəfindən verilən bəyanatlar və illik hesabatda Azərbaycanla bağlı deyilən qərəzli fikirləri nəzərdə tuturuq. Sizcə bunların səbəbi nədir?
- Ən başlıca səbəb ondan ibarətdir ki, Azərbaycan tam şəkildə müstəqil siyasət yürüdən nadir ölkələrdən biridir. Eyni zamanda, biz regional əməkdaşlığı gündən-günə möhkəmləndiririk, ölkədə ictimai-siyasi sabitlik tam təmin olunub. İqtisadi inkişaf uğurla davam edir, Azərbaycan artıq çox nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib. Əlbəttə ki, özlərini dünyanın sahibi hesab edən ölkə və ayrı-ayrı qüvvələr bütün bunları həzm edə bilmir. Onlar hər vəchlə Azərbaycana qarşı riyakar, ikili standartlara söykənən, heç bir məntiqə sığmayan kampaniyalar həyata keçirirlər.
Azərbaycana qarşı qara piar kampaniyası həyata keçirən qərb və Avropa ölkələri hazırda dərin böhran içərisindədir. Xüsusən Avropa ölkələrinin özləri çoxdandır ki, müstəqil siyasət həyata keçirə bilmirlər. Onlar birmənalı olaraq dünyaya hakimlik etmək iddiasında olan ölkə və qüvvələr tərəfindən tam şəkildə idarə edilir. Sizin yuxarıda sadaladığınız qətnamə, müzakirə və bəyanatlara qayıdıram. Avropa Şurası Parlament Assambleyasında bir neçə il çalışmış insan kimi deyə bilərəm ki, burada fəaliyyət göstərən bir qrup deputat onlara verilən komanda ilə hər hansı bir ölkəni hədəf seçir və həmin ölkəyə qarşı bütün vasitələrlə çirkin kampaniyanı həyata keçirməyə başlayırlar. Bəzən bu qüvvələr demokratik ab-hava şəraiti yaratmaq məqsədilə onlara göstəriş verən ayrı-ayrı böyük dövlətlərə də tənqidi münasibət bildirirlər. Lakin sonra yenidən bütün qüvvələrini hədəf seçilmiş ölkəyə çevirirlər. Adıçəkilən qətnamə də yuxarıdan gələn əmrləri yerinə yetirən və mən deyərdim ki, hətta öz ölkələrinin maraqlarına məhəl qoymayan bir qrup deputat tərəfindən qəbul edilmişdir. Ona görə də bu cür sənədlərin qəbulu bizim üçün heç bir mahiyyət daşımır.
Birləşmiş Millətlər Təşkilatında aparılmış müzakirələrə fikir verin: İrlandiya guya 25 ölkənin adından çıxış edir, burada Azərbaycana qarşı böhtan dolu məlumatlar verilir. Yenə də eyni ssenari - məlum ölkə və qüvvələr tərəfindən guya neytrallıq və obyektivlik nümayiş etdirmək məqsədilə regiona aid olmayan hər hansı bir ölkəyə, bu misalda İrlandiyaya göstəriş verilir və o da hərəkətə başlayır. Sizi tam əmin etmək istərdim ki, orada çıxış edən İrlandiya nümayəndəsindən soruşsanız ki, Azərbaycan dünya xəritəsində harada yerləşir bilməyəcək. Dərin iqtisadi böhran və insan haqlarının kobud şəkildə pozulduğu bir ölkə olan İrlandiya nümayəndəsi hansı haqla ölkəmizə münasibətdə belə qərəzli mövqe nümayiş etdirir. Əgər onun adından danışdığı ölkələrin siyahısına baxsaq, olduqca maraqlı mənzərə yaranacaq. Həmin ölkələrin özləri arasında böyük ziddiyyətlər mövcuddur və bu ölkələrin hamısında insan haqlarının kütləvi şəkildə pozulması ilə bağlı kifayət qədər məlumat var. Necə oldu ki, belə bir şəraitdə 25 ölkə Azərbaycana qarşı dırnaqarası yekdil mövqe göstərdilər? Bu ölkələrin adlarına nəzər salsaq “obkom”dan göndərilən siyahıya oxşayır və bunun qurama bir kampaniya olduğu aydın görünür.
Həmin müzakirələr zamanı Latviya nümayəndəsi Avropa İttifaqı adından Azərbaycanla bağlı qərəzli fikirlər söyləmişdir. Məlum faktdır ki, Latviyanın özündə insan haqlarının pozulması halları olduqca acınacaqlı vəziyyətdədir. Başqa millətlərin nümayəndələrinə qeyri-vətəndaş münasibəti, televiziya kanallarının bağlanması, söz və fikir azadlığına görə həbslər və digər insan haqlarının pozulması elə həddədir ki, hətta Avropanın əksər dövlətləri də bunu etiraf edir. Bildiyiniz kimi, Avropa İttifaqının özü həm struktur həm də iqtisadi baxımdan dərin böhran yaşayır, üzv dövlətlərdə insan haqlarının kütləvi şəkildə pozulması adi hala çevrilib. Belə bir şəraitdə bu təşkilatın adından özü də Latviyanın, guya Azərbaycanda insan haqlarının pozulması ilə bağlı nümayiş etdirdiyi mövqe olduqca gülünc görünür. Avropa İttifaqında mərkəzləşdirilmiş idarəetmə sisteminin heç sosialist düşərgəsi dövründə belə mövcud olmadığını nəzərə alsaq, Latviya nümayəndəsinin bu mövqeyinin tam diqtə altında həyata keçirildiyi də özünü büruzə verir.
ABŞ Dövlət Departamentinin Azərbaycanda guya insan haqlarının pozulması ilə bağlı bəyanatlarına, illik hesabatına gəlincə isə bir daha bildirmək istəyirəm ki, heç bir dövlətə ayrılıqda götürülmüş şəkildə digər dövlətlərdə insan haqlarının təminatı ilə əlaqədar rəsmi mühakimə yürütmək icazəsi verilməyib. ABŞ-ın özündə insan haqlarının çox kobud şəkildə pozulması halları, dinc insanların polis tərəfindən öldürülməsi, irqi zəmində toqquşmalar, kütləvi həbslər, söz azadlığının pozulması və digər bu cür mənfi hallar elə sürətlə baş verir ki, hətta bunları izləmək belə artıq çətin olmuşdur.
Maraqlısı ondan ibarətdir ki, anti-Azərbaycan kampaniyasına qoşulan ölkə, siyasi dairələr, kütləvi informasiya vasitələrinin rəsmi nümayəndələri ilə görüşlərimiz zamanı demək olar, onların hamısı etiraf edirlər ki, bu cür qara piarın aparılması dünyaya hakimlik iddiasında olan ölkə və siyasi qüvvələrin ciddi təzyiqi altında həyata keçirilir.
Bir daha qeyd etmək istəyirəm, Azərbaycana qarşı iftira, böhtan, qərəzli kampaniya aparan ölkələr və ayrı-ayrı qüvvələr bilməlidirlər ki, bütün bunlar Azərbaycanın gələcəkdə də müstəqil siyasət həyata keçirməsi, regional əməkdaşlığın və ölkədə sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində tutduğu mövqedən döndərə bilməz.