Xoşqədəmin ATV-dəki rüsvayçılığı - VİDEOLAR
“Kişiyə yarım kub iynə vuraq durmasın…”
Xeberinfo.com: Azərbaycan teleməkanında ən reytinqli hesab edilən verilişlər insan taleləri ilə bağlı layihələrdir.
Uzun illər ATV kanalında yayımlanan “Səni axtarıram”, “Ümid var” kimi verilişlər ölkə telekanallarının reytinq göstəricisində öndə olub. Verilişboyu göz yaşı tökən tamaşaçılar əslində bu layihələrin hansı şəkildə gerçəkləşməsindən xəbərsiz olublar.
Meydan TV Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni axtarıram” proqramının çəkilişlərindən birinin görüntüsünü əldə edib. Həmin görüntülər proqramın ATV kanalında yayımlandığı dövrdə baş verənlərdir.Görüntülərdən belə bəlli olur ki, verilişin çəkilişi zamanı real faktlar yox, quraşdırılmış səhnələrdən istifadə edilir. Bu zaman efirə çıxarılacaq “qəhrəmanlar” başqa formada təqdim olunur və tamaşaçı aldadılır. Görüntülərdən bəlli olur ki, efir zamanı yardım məqsədilə çəkiliş meydançasına dəvət edilmiş həkim belə “qəhrəman”ı xərəkdə gətirmək üçün ona iynə vurulmasını təklif edir.
Məlumat üçün deyək ki, Xoşqədəm Hidayətqızı ATV-ni tərk etdikdən sonra veriliş ətrafında qalmaqal yaşanmışdı.
Telekanalın rəhbəri Vüqar Qaradağlı layihənin ATV-yə məxsus olduğunu deyirdi. Ancaq Xoşqədəm Hidayətqızı mətbuat konfransı keçirərək, layihənin müəllifi olduğunu, Müəllif Hüquqları Agentliyindən qeydiyyatdan keçdiyini bildirmişdi.
Bundan sonra Müəllif Hüquqları Agentliyi məsələ ilə bağlı açıqlama verdi.
Agentlikdən Trend-ə verilən məlumata görə, “Azad Azərbaycan” Müstəqil Tele-Radio Kompaniyası ilə Baxşəliyeva Xoşqədəm Hidayət qızının (Xoşqədəm Hidayətqızı) birgə məhsulu olan “Səni axtarıram” televiziya verilişinin dövlət qeydiyyatına alınması ilə bağlı 2013-cü il 09 sentyabr tarixində ATV-nin prezidenti Vüqar Qaradağlı Müəllif Hüquqları Agentliyinə məktubla müraciət edib.
Məsələnin hüquqi aspektləri ilə bağlı Agentlikdən bildirilib ki, əlaqəli hüquqlar obyekti olan “Səni axtarıram” televiziya verilişi Agentlikdə şərikli əsər kimi dövlət qeydiyyatına alınıb, ondan müstəsna istifadə hüquqları şərikli olaraq ATV-yə və Xoşqədəm Hidayətqızına məxsusdur. Tərəflərə 2013-cü il 11 oktyabr tarixində qeydiyyat haqqında müvafiq nömrəli Şəhadətnamələr verilib.
Müəllif-hüquq qanunvericiliyinə görə, şərikli əsərlərdən (obyektdən) bütövlükdə istifadə hüququ onu birgə yaratmış müəlliflərə məxsusdur. “Səni axtarıram” verilişi parçalanmayan, bölünməyən şərikli obyektdir və bu səbəbdən, qanunvericiliyə uyğun olaraq, hüquq sahibləri arasında mübahisə yarandığı halda onların aralarında bağlanılan müqavilədə başqa hal (şərtlər və ya razılaşma) nəzərdə tutulmadıqda, tərəflərin heç birinin digərinə qarşı verilişdən istifadəyə qadağa qoymaq haqqı yoxdur.
“Səni axtarıram” layihəsi 2014-cü ilin ortalarında ATV-də yayımını dayandırdı. Bundan sonra veriliş ANS-dəişıq üzü gördü. Hazırda isə “Xəzər” TV-də yayımlanır.
Meydan TV “Səni axtarıram”-ın kadrlarda görünən “qəhrəman”ı ilə əlaqə saxlaya bilməyib. Verilişin aparıcısı və müəllifi Xoşqədəm Hidayətqızı isə deyib ki, telekanal rəhbərliyinin icazəsi olmadan heç bir iş görməyib: “Açığı bilmirəm söhbət hansı görüntülərdən gedir. Çünki mən o görüntüləri görməmişəm. Amma istəyirəm biləsiz ki, ATV-də işlədiyim dönəmdə hansı addımlar atmışamsa, hansı işlər görmüşəmsə, hər birindən rəhbərliyin xəbəri var. Ümumiyyətlə, rəhbərliyin izni olmadan mən heç bir addım ata bilmərəm”.
Meydan TV həmin kadrların efirə getməsində bilavasitə cavabdeh olan ATV kanalının prezidenti Vüqar Qaradağlı ilə də əlaqə saxlayıb. Dəfələrlə edilən zənglərdən və göndərilən mesajlardan sonra Vüqar Qaradağlı bu mövzuda danışmaq istəmədiyini bildirib.