Rusiya Liviyadan geri çəkilir? –Haftar daha bir hərbi-hava bazası üzərində nəzarəti itirdi
Rusiya və Türkiyə Liviyada atəşin dərhal dayandırılmasına və BMT-nin başçılığı altında siyasi tənzimləmənin başlanmasına çağırıblar. Bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi verib.
Yenixeber.org: Xəbər agentlikləri diqqəti belə bir məqama çəkirlər ki, Moskva, Liviyada hərbi əməliyyatların dayandırılmasına bu münaqişənin tərəflərindən biri – Xəlifə Haftarın Liviya Milli Ordusu mayın 18-də paytaxt Tripolinin 140 kilometrliyindəki hərbi-hava bazası üzərində nəzarəti itirdikdən dərhal sonra çağırıb.
Bu hərbi baza Türkiyənin dəstəklədiyi Milli Barışıq Hökumətinin qoşunları tərəfindən geri alınıb. Bir çox məlumatlara görə feldmarşal Haftarın tərəfində mindən çox rusiyalı muzdlu döyüşçü vuruşur.
Bunlar Rusiyada “Putinin aşpazı” kimi tanınan Yevgeni Prixozinə bağlı “Vagner” özəl hərbi şirkətinin müqaviləli əsgərləridir. Rusiya belə bir şirkətin mövcudluğunu son zamanlaradək israrla inkar edirdi.
Liviyada 2011-ci ildən bəri vətəndaş münaqişəsi gedir. Bu münaqişədə Liviyanın BMT tərəfindən tanınmış başçısı Faiz Sərrac hökumətinin qoşunları Abdullah Əbdürrəhman əl-Qaninin Tobruk şəhərində mənzillənən hökumətinin hərbi qüvvələrinə qarşı döyüşür. General Haftar bu münaqişədə Tobruk hökumətinin tərəfindəçıxış edir. Onun qoşunları 2019-cu ilin yazından bəri qanuni hökumətin paytaxtı Tripolini ələ keçirməyəçalışır.
Ankara tam rəsmi qaydada Sərracın hökumətini dəstəkləyir və Liviyaya qoşun göndərib. Beləliklə bu münaqişədə Ankaranın dəstəklədiyi hökumət qoşunları Moskvanın dəstəklədiyi Haftar qüvvələrinə qarşı döyüşür. Liviyada Rusiya hərbçilərinin olmasını dəfələrlə Türkiyə prezidenti Rəcəp TayyipƏrdoğan da bildirib.
Rusiya prezidenti Vladimir Putin yalnız son vaxtlarda Liviyada Rusiya vətəndaşlarının olduğunu, lakin ora rəsmi Moskva tərəfindən göndərilmədiklərini demişdi. Rusiya münaqişədə iştirakını inkar etsə də “Bloomberg” agentliyinin verdiyi məlumata görə Liviyaya Suriyadakı Rusiya hərbi bazasından azı 8 təyyarə gəlib.
Bəzi xəbərlərə görə Suriyanın Hmeymim bazasından gətirilmiş bu təyyarələr Haftarın qoşunlarını havadan dəstəkləməli idi.Türkiyənin Anadolu xəbər agentlyinin məlumatına görə hazırda Haftarın ordusu Türkiyə əsgərlərinə qarşı Liviya tarixindəən böyük əməliyyata başlayıb.
Son həftələr ərzində Liviya hökumət qoşunları Türkiyə hava hücumundan müdafiə sistemlərinin və dronlarının köməyi ilə Haftar ordusuna öldürücü zərbələr endirib.(azadliq.org)