ÇİN VİRUSUNUN AZƏRBAYCAN ÜÇÜN TƏHLÜKƏSİ -Ekspert mümkün təsirləri açıqladı
Yer kürəsində qloballaşma, insanların yerdəyişmə imkanları, dövlətlərarası əlaqələr, inteqrasiya prosesləri və s. artması özü ilə müsbət cəhətlərlə yanaşı, bəzən böyük təhlükələr də gətirir.
Yenixeber.org: Hazırda Çində müşahidə olunan və heç cür qarşısının alınması mümkün olmayan koronovirusun bütün dünyada yaratdığı təşviş bunun bariz nümunəsidir.
Artıq son məlumatlara görə, bu viris 80-dən çox insanın ölümünə səbəb olub və ölənlərin sayı durmadan artmaqdadır. Virusa yoluxanların sayı isə 2000 nəfəri çoxdan keçib.
Hələ ki, mütəxəssislər bu virusa qarşı təsirli tədbir görməkdə acizdirlər, hətta onun mənşəyinin tapılmasında belə çətinlik çəkirlər. Həmçinin, koronovirusa artıq ABŞ-da və Avropada da rast gəlindiyinə dair məlumatlar yayılır.
Çinlə sərhəd olan ölkələr xüsusi təhlükəsizlik tədbirləri görməyə başlayıblar. Qazaxıstan və Rusiya Çinlə gediş-gəliş və mal idxalı sahəsində sərt nəzarət tədbirləri və məhdudiyyətlər tətbiq etməyə başlayıblar.
Sözsüz ki, müasir dünyanın bir parçası olan Azərbaycan da bu təhlükənin yarada biləcəyi fəsadlardan sığortalanmayıb. İstər birbaşa olaraq virusun buralara qədər yayılmasının mümkünlüyü, istərsə də onun bütünlükdə dünya iqtisadiyyatında yaratdığı neqativ tendensiya Azərbaycana da təsirsiz ötüşməyə bilər.
Artıq koronovirus qlobal iqtisadiyyata ağır zərbələr vurmağa başlayıb. Bir çox ölkələr Çinlə mal dövriyyəsində məhdudiyyətlər tətbiq etməyə başlayıb. Çinin özündə iqtisadi fəallıq xeyli dərəcədə azalır və s.
Bütün bunlar dünyanın ən nəhəng iqtisadiyyatlarından olan Çinin enerji daşıyıcılarına, xüsusilə də neftə olan tələbatına mənfi təsir göstərir ki, bu da dünya bazarında “qara qızılın” ucuzlaşmasına səbəb olur.
Artıq dünya bazarında ötən ilin payızından bu yana ilk dəfə 1 barrel neftin qiyməti 60 dollardan aşağı enib. Bu isə Azərbaycanın əsas gəlir mənbəyinə mənfi təsir göstərən tendensiyadır.
Xatırladaq ki, 2020-ci ilin dövlət büdcəsində neftin qiyməti 55 dollar səviyyəsində nəzərdə tutulub. Qiymətin bu həddən aşağı enməsi büdcə gəlirləri və ümumilikdə ölkə iqtisadiyyatı üçün ciddi çətinliklər yarada bilər.
Məsələ ilə bağlı tanınmış iqtisadçı Qubad İbadoğlu da maraqlı status paylaşaraq, bir çox mətləblərə toxunub və xəbərdarlıq edib: “Hazırda Çində yayılan ölümcül koronovirus epidemiyası ilə əlaqədar bəzi şəhərlərdə karantin elan edilməsi, yalnız Çində bu virusun qurbanlarının artması və digər ölkələrə də yayılması Azərbaycanla Çin arasında əlaqələrin bütün sahələrinə təsirsiz ötüşməyəcək.
İlk və daha ciddi təsir ticarət münasibətlərində hiss olunacaq. Çünki, 2019-cu ildə Çin Azərbaycanın idxalda 3-cü böyük ticarət təfərdaşı olub. Ötən il Azərbaycandan Çinə 752,2 milyon dollarlıq mal göndərilib, 1,432 milyard dollarlıq mal gətirilib.
Çinin payı idxalda 10,5 faizə çatıb. Əgər epidemiyanın yaxın zamanlarda qarşısı alınmazsa, Azərbaycanda Çin mənşəli malların qıtlığı yarana və bu da heç şübhəsiz ki, istehlak bazarında qiymətlərin bahaşmasına gətirib çıxara bilər.
İkincisi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında sazişə uyğun olaraq, hazırda 100-dən çox Azərbaycan vətəndaşı Çinin ali məktəblərində təhsil alır. Hesab edirəm ki, onların təhlükəsizliyi ilə əlaqədar olaraq, təcili və təxirəsalınmaz işlər görülməlidir. Onlar müvəqqəti olaraq ölkəyə qaytraılmalıdırlar.
Üçüncüsü, bu proseslər son illər Çində yavaşayan iqtisadi artımı daha da aşağı salacaq, məcmu tələbi və təklifi azaldacaq. Təbii ki, bu da Çində alıcılıq qabiliyyətinin azalmasına gətirib çıxaracaq. Bu səbəbdən də Çində enerji daşıyıcılarına tələb azalacaq və dünya bazarında neftin, qazın qiymətləri aşağı düşəcək. Azərbaycan iqtisadiyyatı da bundan mənfi yöndə təsirlənəcək.
Nəhayət, Çindən Azərbaycana səfər edənlərin sərhəd keçid məntəqlərində tibbi yoxlamaları təşkil edilməlidir ki, virusun Azərbaycana girişinin qarşısı alınsın.
Bununla yanaşı, bu ərəfədə Azərbaycandan Çinə səfəri planlaşdırılan iş adamlarını səfərləini təxirə salmağa çağırıram. Risk etməyə dəyməz!”(azpolitika)