RUSİYA İQTİSADİYYATI HƏRBİ VƏZİYYƏT REJİMİNƏ KEÇİR! –Putin özünün offşor zonasını yaradıb
Ukraynadakı təcavüzə və Suriyadakı hərbi fəaliyyətlərinə görə Qərblə sərt münaqişədə olan Putin Rusiya iqtisadiyyatını müdafiə etməkdə davam edir. Hal-hazırda sanksiya zərbələrinə dirəniş gətirmək üçün bütün diqqətlər inflyasiyanın önünün alınmasına yönəlib.
Yenixeber.org: Moskva, həmçinin xarici bazarlardakı maliyyə vəsaitinin Rusiyaya cəlb olunmasının mürəkkəbliyini yaxşı anlayaraq, xaricdəki rus pullarını ölkəyə qaytarmağa can atır. Diplomatik sferadakı qarşıdurmayla yanaşı Rusiya iqtisadiyyatı da hərbi vəziyyət rejiminə keçir.
17 apreldə Putin özünün Moskva yaxınlığındakı iqamətgahında Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiulina və maliyyə naziri Anton Siluanov ilə müşavirə keçirib. Bundan əvvəl – 6 apreldə ABŞ, rusiyalı oliqarxların və həmçinin də hökumət məmurlarının kapitallarını dondurmaqla yanaşı, onlara qarşı yeni sanksiyalar tətbiq etdi. Putin müşavirə keçirdiyi həmin məmurlarla tətbiq olunmuş bu sanksiyaların yaratdığı nəticələrin səbəbindən valyutanın məzənnəsinin, səhmlərin və dövlət istiqrazlarının qiymətinin düşməsi məsələsini müzakirə edib.
Xarici təsiri azaltmaq üçün Rusiya hökuməti qiymətlərin qalxmasının əngəllənməsinə xüsusi diqqət verir. Mərkəzi Bankın önləyici tədbirləri və idxal qida məhsullarının yerli məhsullarla əvəzlənməsi müəyyən səmərə yaradıb. Mart ayında istehlak indeksi keçən ilkinə nisbətdə 2,4 faiz təşkil edib. Keçən il bu indeks çox aşağı səviyyədə qeydə alınmışdı. Amerikan sanksiyaları üzündən rublun məzənnəsinin düşməsinə baxmayaraq, Mərkəzi Bank güman edir ki, onlar inflyasiyanı nəzərdə tutulan səviyyədə saxlaya biləcəklər.
Ukraynanın Krım yarımadasına hərbi təcavüzüylə əlaqədar Rusiyaya tətbiq olunan sanksiyaların nəticəsində 2015-ci ildə rublun düşüşü baş verdi və istehlak qiymətləri 20 faiz artdı. Ekspertlər hesab edirlər ki, siyasi və maliyyə dairələrinin təzyiqinə baxmayaraq, Rusiya Mərkəzi Bankının mühafizəkar maliyyə siyasətinə üstünlük verməsinin səbəbi onların rusiyalıların narazılığından ehtiyat edən Putin tərəfindən dəstəklənməsinə bağlıdır. Rusiya hakimiyyəti həmçinin maliyyələşdirmənin balanslaşdırılması siyasətini həyata keçirir. Belə ki, 2018-ci il üçün hərbi xərclər azaldılıb ki, bu artıq iki ildir ki, baş verir.
Amerikan sanksiyalarından zərbə almamaqdan ötrü Rusiya hakimiyyəti Putinlə bağlı olan müəssisələrin xilasına başlayıb. Kalininqrad və Vladivastokda daxili ofşor zona yaradılıb. Hakimiyyət xaricdəki şirkətləri və kapitalı bu zonalara köçürməyin və həmçinin də xaricdə əldə olunan gəlirlərə tətbiq edilən verginin ləğv olunmasının mümkünlüyünü müzakirə edir. Rusiya hakimiyyəti xaricdəki aktivlərin dondurulmasından qorxur və ona görə də Amerikan istiqrazlarının sayını azaldır.
Bu anti-sanksiya tədbirləri Putin administrasiyasının Rusiya pullarının xaricdən geri qaytarmaq niyyətinə uyğun gəlir. Məlum olub ki, prezident seçkilərindən öncə Putin amnistiya şərti altında Rusiyaya qayıtmaq istəyən və Böyük Britaniyaya mühacirət etmiş varlıların siyahısını hazırlamağı göstəriş verib.
İndi baş verənlər sanki elə təsəvvür yaradır ki, Tramp administrasiyasının varlı adamlara qarşı tətbiq etdiyi sanksiya Putinin niyyətləri ilə üst-üstə düşür.
Rusiya lideri yeni strateji silah nümayiş etdirərək, açıq şəkildə Qərbə qarşı dayandığını nümayiş etdirir. O, həm də öz gücləri hesabına texnoloji innovasiyalar həyata keçirmək qərarında olduğunu ifadə edib. Bəzi ekspertlər hesab edirlər ki, texnoloji innovasiyalara sərf ediləcək kapitalın mənbəyi xaricdə yerləşdirilmiş Rusiya pulları olmalıdır.
Hazırda dövlət şirkətlərinin Ümumi Daxili Məhsuldakı payı 60 faizə çatıb. Maliyyələşmənin 70% dövlət bankları tərəfindən həyata keçirilir. İqtisadi sferada güclənən izolyasinizm fonunda özəl sektor hesabına iqtisadi böyümənin təmin edilməsi imkanları getdikcə azalır.
(“Nihon Keidzay”-Yaponiya)