Artur Rasi-zadə yaddaşlarda necə qaldı?

Artur Rasi-zadə aradakı bir neçə aylıq Baş nazirin müavini vəzifəsinə keçidi nəzərə alınmazsa, düz 22 il Azərbaycanın baş naziri olub. 
Yenixeber.org: Prezident İlham Əliyev bu gün onunla görüşərək, bu illər ərzində Azərbaycan üçün gördüyü işlərə görə ona təşəkkürünü bildirib.
Bəs, Artur Rasi-zadə Azərbaycan xalqının yaddaşında və yeni Azərbaycan tarixində necə qaldı?
Hökumətdə təmsil olunan ən yaşlı iri ranqlı məmur medianın gündəminə tez-tez məhz bu məqamla gəlirdi. Azərbaycan hökumətinə daha gənc, çevik, işləmək həvəsi böyük olan şəxsin gəlməli olduğu, az qala, sosial sifariş kimi təqdim olunurdu, ahıl Baş nazirdən istefa verməsi umulurdu. Lakin o, öz təmkinli rəftarları, haqqında yazılanlara demək olar ki, reaksiya verməməsi ilə hamını təəccübləndirirdi.

O, haqqında yazılan tənqidlərə reaksiya verməməklə yanaşı, həm də tutulan iradlara də eyni ahəngdə soyuqqanlılıqla yanaşırdı. Sanki bu tənqidlər heç ona aid deyil. Məsələn, Baş nazir bu 22 ildə daim Azərbaycan dilini bilməməsiylə bağlı “şişə çəkilib”. Amma o, özünə əziyyət verib, leksikonuna 22 Azərbaycan sözü əlavə etməyib.

Hər dəfə Milli Məclisdəki çıxışından sonra (Baş Nazirin çıxışını demək olar ki, ildə yalnız bir dəfə hökumətin Milli Məclisdəki hesabatında görmək olurdu) onun qeyri-səlis nitqi ilə bağlı video sosial şəbəkələrdə və saytlarda gündəm olurdu və kəskin tənqidə məruz qalırdı. O, hər zaman çıxışını vərəqdən oxuyur, hətta bəzən sözləri belə dəyişik salırdı. Nazirlər Kabinetinin mətbuat katibi Akif Əli onun Azərbaycan  dilini mükəmməl bildiyinə dair bir neçə dəfə açıqlamalar versə də, A. Rasi-zadə hər dəfə yeni çıxışında onun bu açıqlamalarını darmadağın etməyi mükəmməlcə bacarırdı.
Bütün bunlarla yanaşı, A. Rasi-zadə ziyalı imici və fərqli məmur obrazıyla da seçilirdi. O, bəlkə də yeganə məmur idi ki, adı heç bir siyasi intriqalarda hallanmadı. Heç bir çəkişmədə tərəf olmadı. Rasi-zadə sona kimi bunu bacardı və vəzifəsiylə də elə vidalaşdı.
Əsas məsələlərdən biri, o, oliqarx nazir kimi yadda qalmadı. Gəlib-keçmiş digər nazirlərin mal-mülkü, maşınları, övladlarının bahalı həyatı, yaxtaları tez-tez mətbuat səhifələrində tirajlansa da, keçmiş baş nazirin bu sahədə heç vaxt adı çəkilmədi.

Əlbəttə, Artur Rasi-Zadə təcrübəli dövlət xadimiydi, Azərbaycan dilini yaxşı bilməsə də, hökumətin idarə olunması sahəsində xidmətləri olan siyasət adamı idi. Ona görə də, uzun illər bu yüksək post da qalmağa layiq bilinmişdi.(BakuPost)