Dünyanın ən təhlükəli terror təşkilatları
PKK
Yenixeber.org: Kürdüstan Fəhlə Partiyası ( Partiya Karkerên Kurdistan , türk dilində Kürdistan İşçi Partisi, həmçinin KADEK, Kongra-Gel və KCK) — Abdullah Öcalan tərəfindən 27 noyabr 1978-ci ildə yaradılan ilk illərdə milli təmayüllü marksist-leninist əsaslı olmuş, sonradan isə marksizmdən rəsmi şəkildə uzaqlaşmış terror təşkilatıdır.
Təşkilat kürdlərin sıx məskunlaşdığı Türkiyənin cənub-şərqində müstəqil kürd dövləti yaratmağı qarşısına məqsəd qoymuş və 1984-cü ildən etibarən türk dövlətinə qarşı hərbi əməliyyatlar təşkil etməyə başlayıb. Təşkilatın ümumi büdcəsinin 30 milyon dollara yaxın olduğu iddia edilir. 2017-ci ildə PKK rəsmi olaraq ordusunda 14 min əsgərin xidmət göstərdiyini bildirib. Təşkilat yarandığı ildən başlayaraq Türkiyənin müxtəlif bölgələrində qanlı terror aktları törədib. Xüsusilə, ölkənin cənub-şərq bölgələrində təşkilatın yol kəsməsi, yoldan keçənlərdən pul tələb etməsi tez-tez görülən hadisələrdir. Hazırda türk hökuməti bütün diqqətini bu terror təşkilatının məhv edilməsinə ayırıb.
Təşkilatın büdcəsi 30 milyon dollardır.
RİRA
Hər nə qədər biz Avropanı sülhün və əmin-amanlığın vətəni kimi görsək də, bu günlərdə Avropa da belə terror hadisələri baş verə bilir. “REAL İRA” təşkilatı İrlandiya adasında 1997-ci ildə yaradılıb. Bu təşkilatın yaradılış məqsədi birləşmiş İrlandiya dövlətini qurmaqdır. Təşkilat yarandıqdan sonra Şimali İrlandiyada bir çox terror aktı törətmiş, terror aktlarının hədəfi isə hökumət qüvvələri olub. 15 Avqust 1998-ci ildə təşkilatın Omaq şəhərində törətdiyi terror aktı nəticəsində 29 nəfər həyatını itirib. Bu terror qrupunun ümumi büdcəsinin 50 milyon dollar olduğu iddia edilir.
BOKO HARAM
2002-ci ildə Nigeriyanın Borno əyalətində Məhəmməd Yusif tərəfindən əsası qoyulub. Təşkilatın məqsədi şəriət qanunları ilə idarə olunan dövlət yaratmaqdır. Ölkənin şimal hissəsində ağalıq edən təşkilat minlərlə insanın ölümünə səbəb olub. Təşkilat xüsusilə qız uşaqlarına qarşı amansızlıqlarına görə tanınır. Hökumətin bəzi terrorçuları ələ keçirməsinə qarşılıq olaraq 2014-cü ildə təşkilat 300 dən çox qız uşağını qaçırıb və bir çoxunu bazarlarda satıb. 2010-cu ildə ABŞ bu qrupu terror təşkilatı kimi tanıyıb. Bu terror qrupunun ümumi büdcəsinin 53 milyon dollar olduğu iddia edilir.
ƏŞ-ŞƏBAB
Terror təşkilatı 2006-cı ildə Somalidə yaranıb. Əl-Qaidənin bir qolu olan bu terror təşkilatı Somalidəki fəaliyyəti ilə ABŞ-ın yeni baş ağrısına çevrilməyi bacarıb. Ölkənin zəif hökumətin əlində olduğunu görən qruplaşma, özünü “İslam dövlətləri”nin tərkib hissəsi adlandıraraq Efiopiya qüvvələrinə qarşı vuruşmağa başlayıb. Terrorçular ələ keçirdikləri torpaqları “İslamın şəriət qaydaları” ilə quracaqları iddiası ilə digər ölkələrdən də öz aralarına cihad adı altında insanları cəlb edir. Somalidəki fəaliyyəti ilə kifayətlənməyən qrup, digər ölkələrdə də bir çox terror aktı törədir. 2 aprel 2015-ci ildə Kenyanın Qarissa universitetinə terror aktı törədən qrup, 148 tələbənin ölümünə səbəb olub. Bu terror qrupunun ümumi büdcəsi 70 milyon dollardır.
ƏL-QAİDƏ
Əl-Qaidə 1989-cu ildə Usama Bin Laden tərəfindən yaradılıb. Təşkilat SSRİ-nin Əfqanıstana hücumu zamanı ölkəni qorumağa müvəffəq olub. Təşkilat 2 sentyabr 2011-ci ildə dünya ticarət mərkəzinə terror aktı həyata keçirməklə dünyaya səs salıb.
Yerli vaxtla saat 08:46-da “American Airlines” (Amerika hava yolları) şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən dünya ticarət mərkəzinin şimal qülləsinə çırpılıb. 09:03 radələrində isə Cənub qülləsi bənzər hücuma məruz qaldı. Binaların aşmasına səbəb baş vermiş güclü yanğınlar idi. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi — Pentaqonun binası da intiharçıların idarə etdikləri təyyarə tərəfindən vurulub. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlanıb. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirilib.
2001-ci ildəki ABŞ hücumlarından sonra Əfqanıstanı tərk edən Üsamə bin Laden 2011-ci ildə Pakistanın Abbotabad şəhərində tapılıb qətlə yetirilmişdi. Terror qrupunun ümumi büdcəsi 150 milyon dollardır.
TALİBAN
Taliban (ərəbcə طالبان — “tələbələr”) — 1994-cü ildə yaranan və 1996-2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır.
Hərəkat Qəndəhar şəhərindəki mədrəsədə, Şeyx Məhəmməd Ömərin başçılığı altında, 30 tələbə ilə birgə yaradılıb. Bəzi mənbələrə görə, təşkilat Pakistan xüsusi xidmət orqanları tərəfindən Türkmənistan ilə ticarət yolunun müdafiəsi üçün yaradıb. Talibanları digərlərindən zahirən fərqləndirən xüsusiyyət onların qara çalma və ağ paltar geyinmələridir. Talibanlar qadınların təhsil almasının qadağan olunması tərəfdarları kimi çıxış edirlər. Hücum obyektləri bir çox hallarda qadınların oxuduğu qərb yönümlü məktəblərə olurdu. Yalnız 2008-ci ildə Pakistanın şimal-qərb regionunda talibanlar tərəfindən 150 qadın məktəbi məhv edilib. 2007-ci ildə Əfqanıstanda 1500 dən çox polis Taliban tərəfindən öldürülüb.
2001-ci ildə Usama Bin Ladeni qoruduğu gərəkçəsi ilə ABŞ təşkilata müharibə elan edib. Terror qrupunun ümumi büdcəsi 400 milyon dollardır.
İŞİD
İraq Şam İslam Dövlətinin qısaltması olan bu terror qrupu 2004-cü ildə İraq Əl-Qaidəsi adı ilə fəaliyyətə başlayıb. Əvvəlcə İraqın şimalında, zəngin neft ehtiyatlarına malik ərazilərdə fəaliyyət göstərən qrup 10 ilə yaxın heç kimin diqqətini çəkməyərək gələcək üçün tədarüklə məşğul olub. Xüsusilə neftdən əldə olunan gəlirlə müasir silahlara yiyələnən təşkilat 2014-cü ildə İraq hökumətinə müharibə elan edir. Bundan bir il əvvəl isə Əbu Bəkr Əl-Bağdadi İslam xilafətini yaratdığını və özünün bu xilafətin ilk xəlifəsi olduğunu elan edir. Bu təşkilatın törətdiyi qanlı terror aktları haqda demək olar ki hər gün eşidirik. İŞİD-i digər terror təşkilatlarından fərqləndirən əsas xüsusiyyət isə törətdiyi cinayətləri, edamları xüsusi film studiyalarında qeydə almasıdır. Bundan başqa təşkilat xüsusi işgəncə növlərini tətbiq etməsi ilə də məşhurdur. Büdcəsinin isə 1.2 milyard dollar olduğu təxmin edilir.
Tamerlan Mehdi