Azərbaycana unikal “Skif” raketləri gətirildi
Azərbaycan silahlı qüvvələrinin ən müasir silah və hərbi texnika ilə təchizatının ötən il də gücləndirilmiş templə davam etdirildiyi məlum olur. Azərbaycana Rusiyadan yeni hərbi texnika və döyüş sursatının növbəti iri partiyasının gətirildiyinə dair ötən gün Müdafiə Nazirliyinin yaydığı məlumatın ardınca daha bir silah sövdələşməsinin həyata keçirildiyi məlum olub.
Yenixeber.org: Ukraynanın “Ekonomiçeskie izvestiya” (“İqtisadi xəbərlər”) nəşrinin məlumatına görə ötən il bu ölkənin “Luç” Konstruktor Bürosu Azərbaycana Belarusla birgə işlənib hazırlanmış 50 vahid “Skif” tank əleyhinə daşınan raket kompleksini çatdırıb. Raket kompleksləri RK-2S tandem-kumulyativ başlıqlı və RK-20F qəlpəli-fuqas başlıqlı raketlərlə təchiz olunub. (http://news.eizvestia.com/news_politics/full/1901-azerbajdzhan-zapasaetsya-ukrainskimi-ptrk-skif-zloj-odessit)
“Skif” tank əleyhinə daşına raket kompleksi “Luç” Konstruktor Bürosu ilə Belarusun “Pelenq” şirkətinin birgə işləyib hazırladığı silahdır. Ukrayna tərəfi kompleksin təchiz olunduğu raketin işlənib hazırlanmasına cavabdeh olub. Belarus isə kompleksi “PH-S” tuşlama-idarəetmə cihazı ilə təchiz edib.
Nəşr bildirir ki, bu silahların Azərbaycana satılması ilk dəfə üzə çıxır. “Necə olsa da Dağlıq Qarabağ ətrafında qarşıdurma bu gün də davam edir və belə bir vaxtda tank əleyhinə raket kompleksinin bir az da çox olması heç kimə artıqlıq eləmir”-xəbərdə deyilir. Bildirilir ki, raketlərin hərəsi Azərbaycana 48 min dollara başa gəlib.
Qeyd etmək lazımdır ki, Ukrayna ordusunun özünün tank əleyhinə silahlara hazırda ciddi ehtiyacı var. Bu yaxınlarda ABŞ Ukraynaya “Javelin” tank əleyhinə raket komplekslərinin satılmasına icazə verib. O, dünyanın ən dəqiq tank əleyhinə raketlərindən biri hesab olunur. O zaman sual yarana bilər ki, nədən Ukraynanın özü unikal göstəricilərə malik olan “Skif” tank əleyhinə raketlərini istehsal etdiyi halda ABŞ-dan dəfələrlə baha qiymətə “Javelin” raketləri alır? Bu suala birmənalı cavab vermək çətindir, lakin görünür əsas səbəb budur ki, “Skif” komplekslərində əsas söz sahibi Belarusun “Pelenq” şirkətidir. Çünki bu şirkətin işləyib hazırladığı nişangah-idarəetmə sistemi kompleksin əsas özəlliyini təşkil edir. Azərbaycanın isə Belarusla hərbi-sənaye sahəsində kifayət qədər dərin, uğurlu tərəfdaşlıq münasibətləri var.
“Skif” komplekslərinin “Stuqna-P” adlanan variantı Ukrayna silahlı qüvvələrinin silahlanmasına qəbul olunub. Lakin bu variant Belarusun istehal etdiyi idarəetm-nişangah sistemi ilə deyil, Ukraynanın özünün işləyib hazırladığı nişangah sistemləri ilə təchiz olunub.
Açıq mənbələrdə yer alan informasiyalara görə “Skif” tank əleyhinə raket kompleksində isə “Pelenq” şirkətinin işləyib hazırladığı cihaz sayəsində raketin hədəfə lazer şüası ilə yarımavtomatik rejimdə yönləndirilməsi metodu tətbiq edilib. Hədəfin aşkarlanması və raketin hədəfə tuşlanması Belarus müəssəsisinin istehsalı olan nişangah-idarəetmə sistemi vasitəsilə həyata keçirilir. Bu sistem imkan verir ki, mürəkkəb hava şərtlərində də hədəf aşkarlansın və vurulsun.
“Skif” kompleksinin özəlliyi bundan ibarətdir ki, bu silah hədəfə qapalı mövqelərdən və möhkəmləndirilmiş döyüş postlarından zərbə endirə bilir. Digər fərqli cəhəti isə raketin özünün uçuş trayektoriyasıdır: startdan sonra raket hədəfə görmə xəttinin 10 metrə yaxın üstündə uçur və ancaq uçuşun sonunda hədəfin səviyyəsinə enir. Bu zaman lazer şüası raketin quyruq hissəsini işıqlandırır və ancaq zərbədən əvvəlki saniyədə hədəfə yönəlir. Bu da imkan verir ki, raketin mühərrikindən çıxan tüstü operatora mane olmasın və əgər hədəf raketin buraxıldığını görüb manevr etməyə çalışsa da onun yayınmaq şansı qalmasın.
Kompleksin digər mühüm özəlliyi bundan ibarətdir ki, məsafədən idarəetmə pultu ilə təchiz edilib. Bu pult operatora kompleksi 50 metr məsafədən, yəni təhlükəsiz mövqedən idarə etməyə, hədəfi aşkarlamağa və zərbə endirməyə imkan verir. Çünki döyüş meydanında tank əleyhinə raket kompleksinin tətbiqi mütləq iz buraxır və düşmənə bu kompleksin yerini qısa zamanda müəyyən etməyə imkan verir. Məsafədən idarəetmə pultu isə “Skif” kompleksinin operatoruna düşmənin cavab zərbəsindən yayınmağa imkan yaradır.
“Skif” hədəfə 7 min metrdən aşkarlaya, 100 metrdən 5500 metrə qədər məsafədə hədəflərə zərbə endirə (gecə vaxtı 3000 metrə qədər) bilir. Raket tankın dinamik müdafiə sistemini dəlib keçir və içəridə partlayır. Başqa sözlə, tank və digər zirehli texnika üçün praktiki olaraq şans buraxmır. Kompleks termobarik başlıqlı raketlərlə də təchiz oluna bilir ki, bu da düşmənin möhkəmləndirilmiş döyüş mövqeyini də məhv etməyə imkan verir.
“Skif” kompleksinin baza modifikasiyası ilk dəfə 2005-ci ildə nümayiş etdirilib. 2013-cü ildə isə kompleksin döyüş sınaqları başa çatıb və ilk dəfə İDEX-2013 sərgisinə çıxarılıb.
Qeyd etmək lazımdır ki, Azərbaycan ordusu dünyanın ən müasir tank əleyhinə silahlarının geniş çeşidi ilə silahlanıb. Bura İsrail istehsalı olan və həm daşınan, həm “Sandcat” zirehli maşınlarının üstündə quraşdırılmış “Spike” raketləri, döyüş vertolyotlarında quraşdırılmış LAHAT tank əleyhinə raketləri, ötən il Rusiyadan iri partiyada alınan, BMP zirehli döyüş maşınları üzərində yerləşdirilmiş “Xrizantema-S” kompleksləri də daxildir.
İndi bu arsenalın Belarus-Ukrayna birgə istehsalı olan “Skif” kompleksləri ilə genişləndirilməsi belə möhkəm qənaətə gəlməyə əsas verir ki, Qarabağda mümkün irimiqyaslı hərbi əməliyyatlar zamanı Ermənista ordusunun müasir müdafiə sistemləri ilə təchiz olunmamış köhnə tank və digər zirehli maşınlarının praktiki olraq heç bir şansı qalmayacaq. Hansı ki, 2016-cı ilin aprelində cərəyan etmiş dördgünlük müharibə zamanı Azərbaycan ordusunun “Spike” raketlərini tətbiq etməsi kifayət elədi ki, Ermənistan ordusunun tankların kütləvi tətbiqi ilə əks hücuma keçib itirilmiş mövqeləri geri almaq cəhdi tam uğursuzluqla nəticələnsin. Bu silahların tətbiqindən sonra erməni tərəfi tankların tətbiqini demək olar ki, dayandırmağa məcbur oldu...(virtualaz)
F.Məmmədov