18 MİLYARD SƏRVƏTİ OLAN ŞAHZADƏ NİYƏ HƏBS EDİLDİ?- 32 yaşlı varisə alternativlik, Rusiya və İranla isti əlaqələr, Trampa düşmənçilik... - TƏHLİ
Yenixeber.org: Ötən bazar günü Səudiyyə Ərəbistanı kral ailəsi üzvlərinin və ailəyə bağlı bir qrup vəzifəli şəxsin həbsi ilə çalxalandı. Saxlanılan şəxslər əsasən korrupsiyada ittiham olunurlar. Onların arasında dünyanın ən zəngin adamlarından olan şahzadə Əl-Valid də var.
"Şəxsi maraqları ictimai maraqlardan üstün tutublar"
Salman ibn Abdul-Əziz Əl Səud
Noyabrın 4-ü axşam Səudiyyə kralı Salman ibn Abdul-Əziz Əl Səud Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin yaradılması barədə sərəncam verdi. Və bəyan etdi ki, dövlət strukturlarında sui-istifadə hallarına tamamən son qoymaq fikrindədir.
Kralın sözlərinə görə, yüksək dairələrdə qanunsuz yollarla varlanmaq üçün öz maraqlarını ictimai maraqlardan üstün tutanlar var. Bu bəyanatın ardınca "Al Arabiya" telekanalı kütləvi həbslərlə bağlı məlumat yaydı. Kral ailəsinin 11 üzvü, 4 nazir və onlarla keçmiş nazir korrupsiyada ittiham olunaraq saxlanıldı.
Onların arasında Ərəbistanın ən varlı adamı Əl-Valid bin Təlal bin Əbduləziz, Ərəbistan milli qvardiyasının rəisi və əvvəlki kralın oğlu Mutəəb bin Abdullah bin Əbudləziz Əl-Səud, Ciddə şəhərinin sabiq meri və keçmiş səhiyyə naziri Adil Fəqih, keçmiş maliyyə naziri İbrahim əl-Assaf, Yaxın Şərq Mediası Mərkəzinin direktoru Valid Əl-İbrahim, Kral Məhkəməsinin keçmiş sədri Xalid Tuycəri də var.
Yüksək vəzifəli səudiyyəli məmur bu gün açıqlama verərək saxlanılanlara irəli sürülən ittihamlardan danışıb. Bildirib ki, milyarder Əl-Valid çirkli pulların yuyulmasında, rüşvət almaqda, şahzadə Mutəəb bin Abdullah bin Əbudləziz Əl-Səud dövlət müqavilələrini (aralarında 10 milyard dollarlıq müqavilə də var) öz şirkətlərinə ötürməkdə, keçmiş maliyyə naziri İbrahim əl-Assaf Məkkədəki məscidin genişləndirilməsinə ayrılan vəsaitin bir hissəsini mənimsəməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadədə, Ər-Riyadın keçmiş qubernatoru, şahzadə Turki ibn Abdulla metronun inşası zamanı qanunsuzluğa yol verməkdə, dövlət müqavilələrini öz şirkətinə yönəltməkdə ittiham olunur.
Şahzadə şahzadəyə qarşı
Məhəmməd ibn Salman Əl-Səud
81 yaşlı monarxın bu addımının arxasında hansı səbəblərin durduğuna dair müxtəlif versiyalar səslənir.
"Bloomberg" agentliyi yazır ki, son həbslər kral Salmanın 32 yaşlı oğlu Məhəmməd ibn Salman Əl-Səudun taxta gedən yolunu təmizləmək məqsədi daşıdığını bir qədər də möhkəmləndirdi.
Yaxın Şərq üzrə ekspert Xani Sabra "Bloomberg"ə bildirib ki, Məhəmməd ibn Salmanın mövqelərinin möhkəmlənməsi nufuzlu ərəblər arasında narazılıqyaratmışdı. Məlum həbslər həm də bundan qaynaqlana bilər.
Ekspertlər Əl-Validin həbsini xüsusi təəccüblə qarşılayırlar. Belə ki, o, həm kral Salmana, həm də onun oğluna loyal münasibətilə tanınırdı. Məsələn, bu ilin sentyabrında Əl-Validin sahibi olduğu "Alwaleed Kingdom Tower" göydələnində monarxın nəhəng portreti nümayiş etdirilmişdi.
Lakin bir məqam da var ki, Əl-Validdən fərqli olaraq, atası Təlal bin Əbduləziz dövlət idarəçiliyində yüksək posta iddialı idi, üstəlik, şahzadə Məhəmmədə qarşı aktiv çıxış edirdi. Ola bilsin ki, Əl-Valid məhz atasının bu mövqeyinə görə cəzalandırılıb.
Ekspertlər hakim dairədə bu cür "sürətli təmizləməni" kral Salmanın bu ilin sonu və ya gələn ilin əvvəlində hakimiyyətdən getməyi planlaşdırması ilə də əlaqələndirirlər.
İrana doğru, Trampa qarşı…
Əl-Validin həbsi onun biznes tərəfdaşları arasında da təəccüblə qarşılanıb.
"The New York Times" yazır ki, 18 milyard dollarlıq sərvəti ("Forbes"in məlumatı) olan Əl-Valid Yaxın Şərqin Uorren Baffeti hesab olunurdu. Və o, planetin zənginləri siyahısında 45-ci yerdə idi.
Əl-Valid "Kingdom Holding"in səhmlərinin 95 faizinə, "Citigroup"un səhmlərinin 6 faizinə sahibdir. Onun həmçinin "Four Seasons" otellər şəbəkəsində (Bill Geytslə birgə səhmlərin 95 faizinə sahibdir), "Twitter"də, "21st Century Fox"da və "Disney" də səhm payı var. Parisdəki "George V", Nyu-Yorkdakı "Plaza" oteli də ona məxsusdur.
Şahzadə Məhəmmədlə Donald Trampın görüşü
"The New York Times"ın yazdığına görə, Əl-Validin həbsi şahzadə Məhəmmədlə ABŞ prezidenti Donald Trampın dostluğunun möhkəmlənməsi fonunda baş verib.
O da məlum olur ki, bir neçə il əvvəl Əl-Valid Ər-Riyadla Tehran arasında soyuq münasibətlərə baxmayaraq, İran iqtisadiyyatına sərmayə yatırmaq istəyib. Lakin kral Salmanın sərt reaksiyasından sonra fikrindən daşınıb.
Şahzadə Məhəmmədin Tehrana münasibətində isə Trampa zidd gedəcək hər hansı məqam yoxdur.
Trampla Əl-Valid arasında münasibətlər heç cür isinməyib. Hələ seçkiöncəsi kampaniya zamanı Əl-Valid Respublikaçılar Partiyasının namizədi olan Trampı "ABŞ üçün rüsvayçılıq" adlandırmışdı.
Tramp isə Əl-Validi atasının pulları hesabına amerikalı siyasətçiləri idarə etməyə çalışmaqda suçlamışdı. Buna cavab olaraq Əl-Valid bəyan etmişdi ki, sərvətini atasının yox, öz hesabına toplayıb. Dediyinə görə, atası ona cəmi bir ev və 30 min dollar pul verib. Bir də təhsilinə 300 min dollar xərcləyib.
Əl-Valid sərvətini hansı yolla topladığını heç vaxt açıqlamayıb. "Business Insider" iddia edir ki, bu sərvət onun əmlak biznesi hesabına ərsəyə gəlib.
Əl-Validin sərmayə qoymağı planlaşdırdığı yerlərdən biri isə Çeçenistan idi. Bu ilin sentyabrında o, Çeçenistana gələrək çeçen lider Ramzan Kadırovla görüşmüşdü. Görüşdən sonra Kadırov "Instagram" hesabında yazmışdı ki, şahzadə Çeçenistana sərmayə yatırmaq istəyir. Lakin göründüyü kimi, qəfil həbs Əl-Validin bu planının da reallaşmasına imkan vermədi.
Yeri gəlmişkən, Əl-Valid ölkəsi ilə Rusiya arasında münasibətləri yoluna qoymağı hədəfləmişdi. Bu məqamın onun həbsilə nə dərəcə bağlı olduğu, ümumiyyətlə, şahzadənin hansı səbəblərdən kralın "qara siyahısına" düşdüyü zamanla tam ortaya çıxacaq.(strateq)