Sentyabrın 12-dən Milli Məclisin payız sessiyasının komitə iclasları başlayıb. İlk iş günü Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib. İclasda “Müdafiə haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihələri müzakirə edilib. 

Yenixeber.org:Sentyabrın 14-də isə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək.

Payız sessiyasında Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) seçkisi də keçiriləcək. Bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Tahir Kərimli bildirib.

Qeyd edək ki, Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il mart ayının 5-də başa çatıb. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Qanuna əsasən, müvəkkilin səlahiyyət müddəti bitdiyi gün yeni müvəkkil seçilmədikdə, o, səlahiyyətlərinin icrasını davam etdirir. Yeni ombudsman seçilmədiyindən Elmira Süleymanova fəaliyyətini hələ də davam etdirir.

Xatırladaq ki, Elmira Süleymanova iki dəfə - 2002 və 2010-cu illərdə ombudsman seçilib. Qanunvericiliyə görə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisə yeni ombudsmanın seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində yeni müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.

Qanuna görə, iki dəfə ombudsman seçildiyi üçün E.Süleymanovanın üçüncü dəfə müvəkkil olmaq hüququ yoxdur. Bu baxımdan, yeni ombudsmanın kim olacağı maraq doğurur. İndiyə qədər daha çox Prezident Yanında Əfv Komissiyasının üzvü Əlməmməd Nuriyevin, deputatlar Əli Hüseynov və Elmira Axundovanın adı yeni ombudsman olacaq şəxslər kimi mediada hallanıb.

Deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirib ki, qanunvericilikdə dəyişiklik olmasa, Elmira Süleymanovanın səlahiyyət müddəti artırıla bilməz: “Əvvəllər ombudsman bir dəfə seçilə bilərdi. Sonradan isə qanunvercilikdə dəyişiklik oldu və ”bir dəfə" sözü götürüldü. İndi isə qanuna görə, iki dəfədən artıq ola bilməz. Eyni şəxsin iki dəfədən artıq ombudsman olması ancaq qanunda dəyişiklik edilərsə mümkündür". 

Bəs ombudsmanın səlahiyyətləri nələrdir? Ombudsman əfv, vətəndaşlıq, siyasi sığınacaq verilməsi məsələlərinin həlli ilə bağlı ölkə prezidentinə təkliflər verə bilər. İşgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısını almaq məqsədilə o, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda baş çəkə bilər. 2015-ci ildə qanuna edilən dəyişiklikdən sonra Ombudsman Aparatının səlahiyyəti artırılıb. Belə ki, dəyişikliyə görə, aparatda milli preventiv qrup yaradılıb və bu qrup istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən polis bölmələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, qanunsuz miqrantların saxlanılması mərkəzlərinə və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə daxil ola bilər. Qanuna görə, müvəkkil müstəqildir və yalnız Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına tabedir.

“Ombudsman haqqında” Konstitusiya Qanununun 19-cu maddəsinə əsasən, müvəkkilin, onun aparatının və regional mərkəzlərinin fəaliyyəti dövlət büdcəsi hesabına maliyyələşdirilir. Həmçinin müvəkkilin fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan illik vəsaitin tərkibində cari xərclərin məbləği əvvəlki maliyyə ilində bu məqsəd üçün nəzərdə tutulmuş məbləğdən az ola bilməz. Məlumat üçün bildirək ki, Ombudsman Aparatının rəhbəri 2025 manat maaş alır.

Bundan əlavə, Ombudsman Aparatına qadağan olunan hallar da var. Belə ki, İnsan hüquqları üzrə müvəkkil ölkə prezidentinin, Milli Məclisin deputatlarının və məhkəmə hakimlərinin fəaliyyətini yoxlaya bilməz. Şəxsin ikili vətəndaşlığı, başqa dövlətlər qarşısında öhdəliyi varsa, qanunvericilik, icra və məhkəmə hakimiyyəti sistemlərində qulluq edirsə, ödənişli fəaliyyəti varsa, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilibsə, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunubsa, yaşı 30-dan aşağıdırsa, o, ombudsman ola bilməz. Ombudsman siyasi fəaliyyətlə məşğul ola və siyasi partiya üzvü ola, hər hansı qeyri-hökumət təşkilatının rəhbərliyində təmsil oluna bilməz. Əgər sadalanan namizəd kimi təqdim edilən şəxs bu vəzifələrdən hər hansı birini tutursa, müvəkkil seçildiyi təqdirdə həmin vəzifələrdən istefa verməlidir.