DəmirBank-da ROMAN olacaq olaylar: ÖZƏL
Akif Çovdarovla qohumunun iş birliyi DəmirBank-ı ifşa edə bilər
Xeberinfo.com: Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbsdə olan generalı Akif Çovdarovun DəmirBank-da əməliyyatları ilə bağlı məlumat yayılıb. Ayın 17-də mətbuatda yayılan məlumata görə “Respublika Prokurorluğunda artıq məlumat var ki, Akif Çovdarovun bandası, kürəkəni Rəşad Əmircanov və DəmirBank İdarə Heyətinin (İH) sədri Roman Əmircanov külli miqdarda maliyyə vəsaitini məhz qudası vasitəsi ilə adıçəkilən bankda leqallaşdırıb.
Həmçinin külli miqdarda maliyyəni DəmirBank vasitəsi ilə Qafqaz İnkişaf Bankının Tiflis filialına köçürüb”.
Akif Çovdarovun qudası DəmirBank İH-nin sədri Roman Əmircanovun fəaliyyəti ilə bağlı xeberinfo.com-a yeni məlumatlar daxil olub. Xatırladaq ki, Roman Əmircanov 1991-ci ildən 1994-cü ilədək DəmirBank İH-nin sədr müavini, 1994-cü ildən indiyədək isə İH-nin sədri vəzifəsindədir. Peşəkar bank işçisi kimi tanınır. Məhz bu təcrübəsindən və peşəkarlığındandır ki, necə deyərlər “bankın cikini də bilir, bikini də”. Cənab Əmircanovun Akif Çovdarovun iştirakı və “krışa”lığı ilə saysız bank əməliyyatlarına imza atdığı deyilir... Elə əməliyyatlara ki, bankı ifşa edə biləcək dərəcədə əhəmiyyətlidir. DəmirBank-da hesabı olan iri təşkilatlarla Roman Əmircanovun “iş birliyi”ndən bəzən Müşahidə Şurasının da xəbərsiz olduğu deyilir...
Bank hesabı DəmirBank-da olan Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin maliyyə əməliyyatları ilə bağlı məlumatlar almışıq. Məlumatlarda Təfəkkür Universitetinin 10 il əvvəldən başlamış bank əməliyyatlarından bəhs olunur. Bu sırada təhsil haqlarının ödənişindən tutmuş universitet rəhbərliyinin yüksək məbləğlərlə ölçülən əməliyyatları yer alır...
Ən diqqətçəkəni isə, bütün bu əməliyyatların baş tutmasında universitet rəhbərliyi ilə DəmirBank İH-nin sədri Roman Əmircanovun şəxsi münasibətlərinin baş rol alması haqqında məlumatlardır.
Göründüyü kimi, hələlik konkret faktları aça bilməsək də, məlumatlarda iri məbləğlərdən bəhs olunur. Məlumatların ciddiliyini nəzərə alıb, hörmətli Roman Əmircanovu da dinləmək istədik. Dinlədik də, dinləməyinə. Amma, suallarımıza cavab ala bilmədik. Roman müəllim suallarımızı cavablandırmaq əvəzində, bizi mətbu cameədə tanınmış nüfuzlu bir şəxsin adı ilə təhdid etdi. (Hələlik adının çəkilməsini uyğun bilmirik.) Olsun, bizlər bu sayaq cavablara öyrəncəliyik. Təəssüf doğuran böyük bir təşkilata rəhbərlik edən şəxsin mətbuata münasibətdə bu mövqedə olmasıdır.
Mövzunun davamı olacaq.
Anar