Türkiyə ilə vizasız rejimin iqtisadiyyatımıza hansı təsirləri olacaq? -Eskpertdən proqnozlar
Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasına 30 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilir. Bu qərar 1 sentyabr 2019-cu il tarixindən etibarən qüvvədə olacaq.
Yenixeber.org: Mövzu ilə bağlı saytımıza danışan iqtisadçı ekspert Natiq Cəfərli bu qərarın çoxdan qəbul edilməli olduğunu deyib:
“Çünki Türkiyə bizimlə viza rejmini səhv etmirəmsə, 15-16 il bundan əvvəl ləğv edib. Türkiyə tərəfdən də bu kifayət qədər tez-tez dilə gətirilirdi. Türkiyə ilə Azərbaycanın özəl dost və qardaş münasibətlərini, tarixi ənənələrini nəzərə alsaq, bu addımın atılması çox sevindirici xəbər oldu. Bu həm də siyasi cəhətdən Türkiyə ilə daha sıx birlik olmağımızın da işarəsidir".
Ekspert deyir ki, bu iqtisadi cəhətdən də Azərbaycana kifayət qədər xeyir gətirə biləcək bir addımdır:
"Türkiyə vətəndaşları vizaya müraciət, onun ödənişini etmək - ümumiyyətlə, bu prosesə görə çox vaxt Azərbaycana gəlməkdən imtina edirdilər. Gürcüstan çoxdandır ki, Türkiyə ilə vizasız rejimdədir. İndi Türkiyədən Gürcüstana gələn Türkiyə vətəndaşları çox sərbəst şəkildə öz avtomobilləri ilə belə Azərbaycan tərəfə keçə biləcəklər. Türkiyədən gələn turist sayında da ciddi yüksəliş müşahidə olunacaq. Ən azı 30-40 faiz artım müşahidə edilə bilər. Bu da Azərbaycan turist obyektlərinin gəlirlərinin artmasına xidmət edəcək”.
Onun sözlərinə görə, vizanın ləğvindən sonra Azərbaycana investisiya qoymaq istəyən türkiyəli iş adamlarının da sayı artacaq:
“Məsələnin iş adamları tərəfi də var. Çünki türk iş adamları da hər dəfə Azərbaycana gələndə viza ilə məşğul olmalı, hər dəfə vizanı yeniləməli idi. Azərbaycan uzun müddətli viza vermirdi. Bu rejim tamamilə ləğv olunduqdan sonra türkiyəli iş adamlarının Azərbaycana tez-tez səfər etməsi, burada iş qurması daha da asanlaşacaq. Bu da kifayət qədər Azərbaycan iqtisadiyyatına pozitiv təsir göstərə biləcək amilə çevriləcək”.(yenisabah)
Elnarə İlham