Gələn il Neft Fondu hərracda 4-5 ay dollar sata bilər
Gələn il Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər azalacaq.
Xeberinfo.com: Bu, hərraclarda Neft Fondunun satacağı dolların da azalacağı deməkdir.
2017-ci ilin büdcə layihəsində ARDNF-dən transfertlərin 6 milyard 100 milyon manat və ya bu günkü rəsmi məzənnə ilə ifadədə 3,75 milyard dollar olması nəzərdə tutulub. Bu, 2016-cı illə müqayisədə 1 milyard 515 milyon manat (950 milyon dollar) və ya 19,9% azalır. Bu il ARDNF-in dövlət büdcəsinə 7 milyard 615 milyon manat və ya 4,7 milyard dollar köçürülməsi nəzərdə tutulmuşdur.
Qısası, Dövlət Neft Fondunun hərracda sata biləcəyi dollar 4,7 milyard dollardan 3,75 milyard dollara düşəcəkdir.
“ÇƏTİNLİKLƏR MEYDANA GƏLƏ BİLƏR”
2017-ci ildə dövlət büdcəsinin xarici valyutada nominasiya olunan xərcləri həcmi 3 milyard 61 milyon manat və ya 1 milyard 850 milyon dollar səviyyəsində proqnozlaşdırır.
“İlkin hesablamalara əsasən, 2017-ci ildə dövlət büdcəsinin xarci valyuta xərclərinin həcmi 3 mlrd. 60,9 mln. səviyyəsində proqnozlaşdırır. Xarici valyutada ifadə olunan dövlət büdcəsinin öhdəliklərinin icrası zamanı çətinliklər meydana gələ bilər. Onların aradan qaldırılması üçün müvafiq ehtiyatlar nəzərdə tutulur. Əgər həmin ehtiyatlar kifayət olmasa və digər maddələr üzrə qənaət bu kəsiri ödəməsə, o zaman büdcənin təkrar baxılmasına zərurət yarana bilər”, – deyə Maliyyə Nazirliyinin saytında dərc olunan büdcə materiallarında deyilir.
MƏZƏNNƏYƏ TƏSİR EDƏ BİLƏR
İqtisadçılar hesab edirlər ki, iqtisadiyyatın xarici valyutaya tələbatının yüksək olaraq qalması manatın kövrək mövqedə qalmasını şərtləndirəcək. Neft Fondunun büdcəyə köçürməsi nəzərdə tutulan 3,75 milyard dolların 1,85 milyard dolları büdcəsinin xarici valyutada nominasiya olunan xərclərinə yönəldilərsə, Fondun hərracda banklara sata bilməsi üçün 1,9 milyard dolları qalacaqdır. Bu ilin təcrübəsi göstərir ki, bu qədər valyuta bankların 4-5 aylıq təlabatını ödəyə bilər. (Marja)