Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

İdman Jurnalistlərinin Respublika Toplantısı keçirildi -FOTOLAR

 

 

Bu gün Bulvar otelində İdman Jurnalistlərinin Respublika Toplantısı keçirilib.

Yenixeber.org: Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) təşkilatçılığı ilə gerçəkləşən tədbirə qurumun İdarə Heyətinin üzvləri ilə yanaşı, ölkənin bu sahədə çalışan KİV nümayəndələri, ayrı-ayrı idman qurumlarının mətbuat katibləri və veteran yazarlar qatılıblar.

Dövlət himninin səsləndirilməsi ilə başlanan mərasim AİJF sədri Qabil Mehdiyevin salamlama nitqi ilə davam etdirilib. Q.Mehdiyev İdarə Heyətinin ictimai əsaslarla və təmənnasız çalışdığını xatırladıb. O, idman mediasının ümumi maliyyələşmədən kənarda qalmasına diqqət çəkərək, bu düşüncənin dəyişməsinə çalışacaqlarını açıqlayıb. Sədr idman jurnalistikasının stimullaşdırılması üçün müxtəlif seminarlar və yazı müsabiqələri keçirəcəklərini söyləyib.

 

 

Veteran jurnalistlər adından çıxış edən Oqtay Bayramov bu günü idman yazarları üçün xüsusi gün adlandırıb. AİJF-nin xoş təşəbbüs göstərdiyini bildirən O.Bayramov Azərbaycanda idman jurnalistikası ənənələrini gənc jurnalistlərin uğurla davam etdirdiklərini vurğulayıb. O, ümid etdiyini bildirib ki, Respublika toplantısından sonra bu fəaliyyət daha da güclənəcək. Toplantının Tokio-2020 Yay Olimpiya Oyunlarının keçirildiyi ilə təsadüf etdiyini deyən O.Bayramov bütün həmkarlarına idmanın tərəqqisi naminə uğurlar arzulayıb.

Daha sonra dünyasını dəyişmiş idman jurnalistlərinin xatirələri bir dəqiqəlik sükutla yad olunub.

 

 

Tədbirə fəxri qonaq qismində qatılan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magist proqramının rəhbəri Den Meyson bildirib ki, əvvəllər jurnalistlərin səsini bu qədər eşitmək mümkün deyildi: "Artıq onların səsi tez-tez eşidiləcək. Magistr proqramımızın meneceri Ellada Mustafayeva AİJF İdarə Heyətinin üzvüdür. Şəxsən özüm də idman mediasının inkişafına lazımi dəstəyi göstərməyə hazıram".

Ardından medianı narahat edən məsələlərin müzakirəsi başlanılıb. Çıxış edən KİV nümayəndələri, mətbuat katibləri və veteran jurnalistlər bu sahədə mövcud olan bir çox problemləri qaldırıblar. Onlar müxtəlif təkliflər də səsləndiriblər. Jurnalistlər çıxışları zamanı belə toplantının təşkilini çoxdan gözlədiklərini deyərək, buna görə AİJF-yə təşəkkürlərini bildiriblər. 

 

 

Qol.az saytının baş redaktoru Aydın Bağırov bildirib ki, Azərbaycanın iqtisadi cəhətdən gücləndiyi bir şəraitdə idman mediasında maddi problemlər var. Eyni zamanda KİV-in özünü maliyyələşdirməsi və gəlir əldə etməsi üçün azad reklam bazarı mövcud deyil. O, idman jurnalistikasının inkişafına dair Dövlət Proqramının qəbul olunmasının zəruriliyini vurğulayıb. A.Bağırov mətbuat xidmətlərini də media ilə normal əməkdaşlığa, hər hansı tənqidə görə uçurum yaratmamağa çağırıb. A.Bağırov 20 fevralın Azərbaycanın İdman Jurnalistləri günü kimi qeyd olunmasını təklif edib.

Futbolpress.az saytının baş redaktoru Elçin Cəlilov elektron KİV-in inkişafı üçün şəraitin yaradılması və idman saytlarının redaksiyalarla təmin edilməsinin vacibliyini söyləyib. Sport24.az saytının rəhbəri Ceyhun Əliyev isə idman jurnalistlərinin attestasiyadan keçirilməsini və akkreditasiya ilə bağlı məsələlərə yenidən baxılmasını təklif edib. Onun sözlərinə görə, yerli çempionat oyunlarını işıqlandıranların sayı xeyli az olduğu halda, beynəlxalq matçlarda jurnalistlər azarkeş kimi iştirak edirlər. Baş redaktor onu da bildirib ki, KİV vasitəsilə təhqirlərə yol verilməsinin qarşısı alınmalıdır.

 

 

Atv.az-ı təmsil edən Vüqar Vüqarlı qeyri-futbol növlərindən yazan jurnalistlərin azlığına diqqət çəkərək, AFFA-dan başqa heç bir federasiyanın media üçün treninq təşkil etmədiyini vurğulayıb.

İTV-nin idman şöbəsinin rəhbəri, Azərbaycan Badminton və Qılıncoynatma federasiyalarının mətbuat katibi Kənan Hakimov idman sahəsində çalışan 100-dək media nümayəndəsinin bir araya gətirilməsini böyük uğur adlandırıb. Ötən il Bakıda keçirilmiş UEFA Avropa Liqasının final oyunu ərəfəsində erməni futbolçu Henrix Mxitaryanla bağlı məsələdə idman mediasının informasiya müharibəsində önə çıxa bilmədiyini deyən K.Hakimov AVRO-2020-nin qarşılaşmaları ərəfəsində media seminarlarının və dil kurslarının təşkilini vacib sayıb.

 

 

Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Aslan Şahgəldiyev bildirib ki, təmsil olunduğu qurumda çempionat oyunlarını işıqlandırmaq üçün 250-dək media nümayəndəsi qeydiyyatdan keçdiyi halda, stadionlarda bir neçə media nümayəndəsinə rast gəlinir.

Digər çıxış edənlər də maraqlı fikir mübadiləsinin getdiyini və toplantının təşkilindən razılıqlarını dilə gətiriblər. 

Qaldırılan məsələlərlə səsləndirilən təkliflərə münasibət bildirən AİJF sədri və İdarə Heyətinin üzvləri bütün bunların qeydə alındığını və həlli yolunda müvafiq addımların atılacağını vurğulayıblar. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam