"Hazırda bizim transfer danışıqlarımız davam edir, avqustun 31-ə kimi vaxtımız var".

Yenixeber.org: Bu sözləri "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov klubun yeni transferləri haqda axar.az-a danışarkən deyib.

“Danışıq apardığımız futbolçuların komandaları ilə müqavilələri bitmədiyinə görə hələ ki, ad çəkməyimiz düzgün olmaz. Ümumiyyətlə, adla bağlı mənim açıqlama verməyim yaxşı olmaz. Çünki dediyim kimi, oyunçunun klubla müqaviləsi olduğuna görə məsələ başqa bir rəng alır və oyunçunun qiyməti də qalxır”.

Nurlan İbrahimov uelsli yarımmüdafiəçi haqqında da danışıb:

“Co Ledley haqda olan məlumatları mən özüm də sadəcə mətbuatdan oxumuşam, yəni “Qarabağ” klubu olaraq bizim belə bir rəsmi açıqlamamız olmayıb”.

Danışıqların davam etdiyini deyən mətbuat katibi bu gün və ya sabah artıq yeni bir transferin kimliyini açıqlayacaqlarını bildirib:

“Avqust ayının 31-dən sonra isə bir azad agentlə müqavilə imzalayacığıq”.

Transferlərin mövqeyi haqda danışarkən Nurlan İbrahimov bunları qeyd edib:

“Daha çox ön xətt üçün futbolçu axtarırıq, amma təbii ki, başqa mövqelər üçün də danışıqlarımız davam edir”.