AFFA-dan 3 futbolçuya 1 illik cəza
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Xeberinfo.com: Məlumata görə, birinci divizionun 18-ci turunda keçirilən “Neftçala” – “Turan Tovuz” , “Şahdağ” – “Ağsu” və “Mil-Muğan” – “Şəmkir” matçlarında baş vermiş dava ilə əlaqədar qərarlar açıqlanıb.
"Neftçala" klubunun futbolçusu Aqşin Həşimov rəqibə qarşı sərt davranışa və baş vermiş hadisənin əsas səbəbkarı olmasına görə, 12 aylıq yarışlardan kənarlaşdırılıb, klub 1500 manat cərimə olunub.
Baş vermiş davada aktiv iştirak etdiyinə görə " Turan Tovuz " klubunun futbolçu Afin Bağırov və "Neftçala" klubunun futbolçu Cəmil Rəhimli 5 oyunluq cəzalanıb və hər iki klub 300 manat cərimə olunub.
I Divizionun XVIII turunun “Şahdağ” – “Ağsu” matçının 83-cü dəqiqəsində hakim "Ağsu" klubunun qapısına 11 metrlik cərimə zərbəsi təyin edib və klubun futbolçusu Ruslan Həsənovu sonuncu ümid fouluna görə meydandan kənarlaşdırır. Hakim cəzalanan futbolçu meydanı tərk etməmiş rəqib komandaya 11 metrlik cərimə zərbəsini vurmağa icazə verib və rəqib qol vurub. Bundan sonra "Ağsu" klubunun inzibatçısı Ənvər Hacıyev tribunadan meydana daxil olaraq hakimə etirazını bildirib, hakim isə öz növbəsində 11 metrlik cərimə zərbəsininin təkrar vurulması qərarını qəbul edib. "Şahdağ" klubunun futbolçusu ikinci cəhddə topu qapıdan keçirə bilməyib və "Ağsu" klubunun futbolçusu Bəhram Bəhramzadə əllərini havaya qaldıraraq sevinib (hərəkətdə heç bir qeyri-etik jest yoxdur). "Şahdağ" klubunun futbolçusu Şıxqayıb Şıxqayıbov "Ağsu" klubunun futbolçusuna hücum çəkib və bu hərəkəti ilə azarkeşlərin meydana daxil olmasına və oyunda fasilə yaranmasına səbəb olub. Matç sona kimi oynanılıb. İntizam Komitəsi oyunun videoyazısını izləyib və aşağıdakı qərarları qəbul edib:
"Şahdağ" klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat məbləğində cərimə olunub.
Oyunun 83-cü dəqiqəsində "Ağsu" klubunun futbolçusu Ruslan Həsənov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
Oyunun 87-ci dəqiqəsində "Ağsu" klubunun futbolçusu Bəhram Bəhramzadəyə qeyri-etik jestə görə göstərilən qırmızı vərəqə ləğv edilib.
"Şahdağ" klubunun futbolçusu Şıxqayıb rəqibə qarşı sərt davranışa və baş vermiş hadisənin əsas səbəbkarı olmasına görə, 12 aylıq yarışlardan kənarlaşdırılıb, klub 1500 manat cərimə olunub.
"Ağsu" klubunun inzibatçısı Ənvər Hacıyev (oyunun hakim səhvən protokolda texniki zonada əyləşən klubun digər inzibatçısı Aqil Sarıyevin adını yazmışdır) baş vermiş hadisənin əsas səbəbkarlarından biri olmasına görə, 12 aylıq yarışlardan kənarlaşdırılıb, klub 1500 manat cərimə olunub.
Oyun zamanı təhlükəsizlik tam təmin olunmadığına görə meydan sahibi klub 500 manat cərimə olunub.
I Divizionun XVIII turunun “Mil-Muğan” – “Şəmkir” matçı başa çatdıqdan sonra "Mil-Muğan" klubunun futbolçusu Elxan Məmmədov "Şəmkir" klubunun texniki zonasına yaxınlaşaraq "Şəmkir" klubunun futbolçusu Qeyrət Qənbərova hücum çəkib, ona xəsarət yetirib, azarkeşlərin meydana daxil olmasına və hər iki klub arasında qarşıdurmaya səbəb olub. Baş vermiş insident qısa zamanda aradan qaldırılıb.
İntizam Komitəsi baş vermiş hadisəyə uyğun olaraq aşağıdakı qərarları qəbul edib;
Hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 100 manat məbləğində cərimə olunub.
Oyunun 88-ci dəqiqəsində "Şəmkir" klubunun futbolçusu Bəhruz Teymurov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
"Mil-Muğan" klubunun futbolçusu Elxan Məmmədov rəqibə qarşı sərt davranışa və baş vermiş hadisənin əsas səbəbkarı olmasına görə, 12 aylıq yarışlardan kənarlaşdırılıb, klub 1500 manat cərimə olunub. Oyun zamanı təhlükəsizlik tam təmin olunmadığına görə meydan sahibi klub 500 manat cərimə olunub.