Nərimanov rayonunda Xocalı soyqırımı anıldı
Bu gün Nərimanov Rayon İcra Hakimiyyətində Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib
"Xeberinfo.com": Mərasimdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları Adil Əliyev və Aqiyə Naxçıvanlı, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin və rayon ərazisində məskunlaşmış Xocalıdan olan məcburi köçkün və şəhid ailələri iştirak ediblər.
Əvvəlcə, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş tarixi cinayət olan Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Xocalı faciəsi barədə ətraflı məlumat verərək Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olan, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayət hadisəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını qeyd edib.
A.Fərzəliyev Xocalı kimi tarixi bir məkanın yer üzündən silinməsində keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının yaxından iştirakı ilə görünməmiş vəhşiliklərin törədilməsi nəticəsində 613 nəfərin qətlə yetirilərək meyitlərinin təhqir olunduğunu, 1275 nəfərin girov götürüldüyünü, onlardan 150 nəfərinin taleyinin hələ də məlum olmadığını, qətlə yetirilənlərin 63 nəfərinin uşaq, 106 nəfərinin qadın, 70 nəfərinin ahıl və qoca olduğunu, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini, 130 nəfərin isə valideynlərindən birini itirdiyini xüsusilə diqqətə çatdırıb.
Natiq, çıxışında Xocalı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün dövlətimizin bütün zəruri addımları atdığını qeyd edərək, bu sahədə məqsədyönlü fəaliyyətin xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra başlandığını, onun təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyini, fevralın 26-sının “Xocalı soyqırımı günü” elan edildiyini və Ulu Öndərin hər il faciənin ildönümündə bu qanlı qətliamın bütün azərbaycanlıların qan yaddaşına çevrildiyini daim vurğuladığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Həmçinin bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasət, erməni qəsbkarlığının ifşası üzrə yönəlmiş uğurlu addımlar bəhrəsini verməkdədir. Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymətini alması məsələsi dövlət siyasətinin mühüm istiqamətini təşkil edir.
Mərasimdə çıxış edən Milli Məclisin deputatları Adil Əliyev və Aqiyə Naxçıvanlı Azərbaycanın haqq səsinin eşidiləcəyinə, ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcəyinə, Xocalı qətliamının təqsirkarlarının haqlı cəzalarına çatacağına, Azərbaycan xalqının işğal altındakı bütün torpaqlarını yağı düşməndən tezliklə azad edəcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə ediblər.
Daha sonra Xocalıdan olan məcburi köçkün, şəhid ailəsi Mehriban Əliyeva çıxış edərək Xocalıda erməni vandallarının törətdiyi qətliamı tarixdə ən dəhşətli faciə kimi qiymətləndirərək, cinayətkarların gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcəklərini qeyd edib. O, eyni zamanda, bütün qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə əlillərinin, o cümlədən də Xocalı sakinlərinin ötən müddətdə hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını, onların bu və ya digər problemlərinin həlli istiqamətində böyük işlərin görüldüyünü vurğulayıb.
Anım mərasimi C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının hazırladığı Xocalı soyqırımına həsr olunmuş və burada törədilən dəhşətləri əks etdirən ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
Tədbirdən sonra rayonda yaşayan Xocalıdan olan şəhid ailələrinə maddi yardım göstərilib.