Yenixeber.org: Saxlanılanlar arasında “Bibi” ləqəbli qoca qadının da olması ictimai sferada maraqla qarşılandı. Sosial şəbəkələrdə “bibi”nin şəklini paylaşaraq “Bundan narkotacir olar?” - deyə, fikirlər səsləndirildi. Hətta məsxərəyə qoyub gülənlər də oldu. Özü də “Kriminal aləm”də “Bibi”, “Xala”, “Əmi”, “Qoca”, “Cavan” kimi ləqəblərə ara-sıra rast gəlinir. Əlbəttə, belə bir “bibi”ni də küçədə kim görsə, onun hər hansı bir cinayət əməli ilə məşğul olduğunu zənn etməz. Lakin yazılmamış qanunlara görə, kirli işlər elə məhz diqqət çəkməyən yerlər və əllərlə görülür.

Təsadüfi deyil ki, bu gün dünya həbsxanalarında qatı cinayətkarlar sırasında ən gözəl qızlar, modellər və “bibilər” var. Dünyada qadın həbsxanası olmayan ölkə də yoxdur. Bu həbsxanalarda müxtəlif təbəqədən olan qadınlar öz cəzasını çəkir. Çox təəssüf ki, sivilizasiyalar inkişaf etdikcə dünyanın hər yerində günü-gündən zərif cinsin nümayəndələri arasında cinayət əməlləri də artır.

Amma xoşbəxtlikdən bu göstərici Azərbaycanda yaxşıya doğru dəyişir. Daxili İşlər Nazirliyinin məlumatına əsasən əgər 2010-cü ildə 2 318 qadın cinayət törətmişdisə, 2017-ci ildə belə qadınların sayı 1036 nəfər olub. Bu dövr arasındakı illərə baxdıqda prosesin azalmağa doğru getdiyi görünür. Qeydə alınan cinayətlərin 60 faizi iqtisadi sahə üzrə, 26,4 faizi ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 17,4 faizi isə şəxsiyyət əleyhinə törədilib.

Haqqında bəhs etdiyimiz “Bibi” də məhz ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə cinayət törətməklə təsnifatlandırılır. Belə olduğu təqdirdə, onun törətdiyi cinayət əməlinin də ictimai yükü olur. Ona görə də bu kimi cinayətkarların ictimai şəkildə qınanması təqdirəlayiq haldır. Bu mənada cəmiyyət özü-özünü tərbiyələndirmiş olur və nəticə etibarilə ildən-ilə cinayətkar xanımların sayı azalmış olur.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, paytaxt sakini, əvvəllər məhkum olunmuş İmran İsgəndərovun üzərinə baxış keçirilən zaman iki büküm heroin və psixotrop maddə olan “midraks-tropikamin” aşkar olunaraq götürülüb. Saxlanılan şəxs heroini Nəsimi rayon “Kubinka” adlanan ərazidə narkotik vasitələrin satışı ilə məşğul olan “bibi” ləqəbli şəxsdən aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq polis əməkdaşları tərəfindən İ.İsgəndərova narkotik vasitələri satmaqda şübhəli bilinən Nəsimi rayon sakini Sənubər Lütfəliyeva də saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman ümumi çəkisi 14,275 qram olan 43 büküm heroin aşkar edilərək götürülüb. S.Lütfəliyeva ifadəsində bir müddətdir ki, narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Müxtəlif səviyyəli cinayətlər törətmiş dünya gözəllərinin fotolarını təqdim edirik: