Azərbaycanlı deputat həbs olundu
Hücum edənlər onu armaturla döyməyə başlayıblar.
Rusiyanın Buryatiya muxtar vilayətində azərbaycanlı deputat qətlə görə həbs edilib.
"Xeberinfo.com" Virtualaz.org-a istinadən xəbər verir ki, Ulan-Ude şəhərinin İvoqlinsk rayon sovetinin deputatı olan 44 yaşlı Rasim Abbasov iki qardaşı ilə 26 yaşlı azərbaycanlıya hücum etməkdə, onun mühafizəçisini öldürməkdə ittiham olunur.
Xəbər verdiyimiz kimi Ulan-Udedə bu səs-küylü qətl hadisəsi iyulun 23-də baş verib. Həmin axşam işdən yaşadığı evə qayıdan azərbaycanlı binanın qarşısında üç maskalı şəxsin hücumuna məruz qalıb. Hücum edənlər onu armaturla döyməyə başlayıblar. Əlbəyaxa davada azərbaycanlı maskalılardan birinin maskasını çıxarıb və məlum olub ki, hücum edən də azərbaycanlıdır və onun çoxdankı tanışıdır.
Bundan sonra maskalılardan biri silah çəkərək atəş açıb. Azərbaycanlı gənc yaralanıb, onun yanındakı şəxs isə sinəsindən aldığı güllə yarasından ölüb. Məlum olub ki, hücum edənlərin hər üçü azərbaycanlıdır və qardaşdır. Onların 26 yaşlı azərbaycanlı ilə çoxdandır ədavətdə olduqları, bu üzdən azərbaycanlının iki mühafizəçi ilə gəzdiyi məlum olub. Davada ölən də mühafizəçidir. Hadisə ilə bağlı azərbaycanlı qardaşların hər üçü saxlanılıb. Onlar Rusiya vətəndaşlarıdır və Ulan-Udedə çoxdan yaşayırlar. Qardaşlardan biri rayon sovetinin deputatıdır və diş həkimidir.
Bildirilir ki, cinayətdən sonra R.Abbasov hadisə yerindən qaçıb gizlənib. Onun yerini polis əməkdaşları müəyyən ediblər. Cinayətdə istifadə olunan silah tapılmayıb, polis ehtimal edir ki, R.Abbasov silahı məhv edə, yaxud gizlədə bilər. Zərərçəkən tərəfin şahidləri-azərbaycanlılar məhkəmədə ifadə verərək onun həbsini istəyiblər. Şahidlər bildiriblər ki, R.Abbasov azadlıqda qalsa onlardan qisas ala bilər.