33 mini alınmış məmuru niyə güllələyiblər? –MƏHKƏMƏ
Bərdə Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi olmuş Hüseyn Qasımovun güllələnməsinə görə, biri qadın,beş nəfər həbs olunub.
Yenixeber.org: Qadının adı olayın sifarişçisi kimi keçir. Günel Süleymanova adlı bu qadının atası Rasim Süleymanov da onunla birlikdə mühakimə olunur.
Hüseyn Qasımov ağır xəsarət almasa da, həbs olunanlara qəsdən adamöldürməyə cəhd, dələduzluq kimi maddələrlə ittihamlar irəli sürülüb.
Bu olayla bağlı istintaq belə nəticəyə gəlib ki, Günel Süleymanova həbsdə olan oğlunun azadlığa buraxılmasına kömək adı ilə ondan 33 min manat pul alıb və ardından məmurun özünü öldürtdürmək qərarına gəlib. O bu məsələni əvvəllər adam oğurluğuna görə 12 il həbsdə olmuş Ramil Hüseynli ilə 40 min manata razılaşdırıb. Əvvəlcədən 1200 manat verilib, qalan pul iş başa çatandan sonra ödənilməliymiş.
Günel Süleymanova Hüseyn Qasımovu öldürtmək fikrinin olmadığını iddia edir, deyir ki, sadəcə, müəyyən hərəkətlərinə görə Qasımovu döydürüb, onun “dərsini vermək” istəyirmiş. Elə Ramil Hüseynli ilə də döydürməkdən ötrü razılığa gəlib, aralarında güllələnmə söhbəti olmayıb. Hansı səbəbdən cəzalandırmaq istəməsinə gəlincə, Günel Süleymanova məhkəmədə bildirib ki, keçmiş məmur intim görüntüləri olan video ilə onu şantaj edirmiş.
“33 mini qaytarmamaqdan ötrü 40 minə adam güllələtdirərlər?”
Hüseyn Qasımovun özü məhkəmədə dindirilərkən deyib ki, intim video ilə kimisə şantaj etməsi haqda deyilənlər yalandır.
“Mənim oğlum həbsdədir. Günel Süleymanova bizdən şikayətçi olan tərəflə barışıq ərizəsi alacağını deyib, məndən 33 min manat aldı. Şikayətçi olan tərəf Bərdədən olan Xaləddin müəllimdir. Günel dedi ki, Xaləddin müəllimlə görüşüb və danışıb. Günel deyirdi ki, təhsil naziri Mikayıl Cabbarovun qardaşı onların qohumlarının qudasıdır. Xaləddinin nömrəsini də məndən aldı. Guya aramızda barışıq edəcəkdi. Amma mənim yanımda onunla danışmayıb”, – Hüseyn Qasımovun məhkəmədəki ifadəsində belə yazılıb.
Hüseyn Qasımovun oğlu 2015-ci ilin yayında bir nəfərin ölümü ilə nəticələnmiş yol qəzası üzündən həbsdədir. Həmin dövrdə Qasımov vəzifədə olub.
Məmurun güllələnməsinə dair cinayət işini Bakı Ağır Cinayətlər Məhkəməsində Samir Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası araşdırır. Samir Əliyev zərərçəkən Hüseyn Qasımovdan soruşub ki, Günel Süleymanova 33 min borca görə 40 min verib niyə adamı güllələtdirməliydi?
Onun cavabı belə olub: “Düzdür, çox maraqlıdır. Pulumu qaytarmadığına görə onu sıxışdırdım, pulumu tələb edirdim”.
“AST Telman, Abramoviç-zad deyil ki…”
Hakim Günel Süleymanovanın özündən elə zərərçəkmişin yanındaca bir daha olayın səbəbini soruşub. Hüseyn Qasımovu öldürtmək niyyətinin olmadığını təkrarlayan qadın bu dəfə deyib ki, aralarında söz-söhbət, söyüş olmuşdu, ona görə cəzalandırmaq istəyib. Amma “söz-söhbət”in nədən ibarət olduğunu danışmaqdan imtina edib: “Deyə bilmərəm”.
Keçmiş məmur da danışmasını istəsə də, təqsirləndirilən qadın susub.
Günel Süleymanova istintaqda da, məhkəmədə də bir neçə dəfə ifadələrini dəyişib, fərqli səbəblər göstərib.
Məmura güllə atan Ramil Hüseynlinin sözlərinə görə, Günel ona sifariş verəndə, o, adamı intim videoya görə cəzalandırmaq istədiyini söyləmişdi: “Günel mənə dedi ki, bir söhbət var, onu yoluna qoya bilərəm? Dedi ki, bir nəfəri döymək lazımdır. Razılaşdım. Soruşdum niyə? Cavab verdi ki, bərdəli bir nəfər var, oğlunun işini həll eləmişəm, pulu vermək əvəzinə məni aldadıb, sonra da intim görüntüləri videoya çəkib, ondan qisas almaq istəyirəm. Mən bu işi görmək üçün Güneldən əvvəl 50 min manta istədim, sonra 40 minə razılaşdıq. Günel deyirdi ki, ondan diski alım. O ərəfədə uşaq xəstə idi, ona görə əvvəlcədən Güneldən 1200 manat aldım. Mən 2 min 500 istədim, o bu qədər verdi. Günel mənə demişdi ki, Xəzər İsayev qohumudur, lazım gəlsə, o da kömək edəcək. Silahı götürüb Hüseynin evinin qarşısına getdim. Telefonla danışa-danışa gedəndə atdım. Qorxutmaq istəyirdim. Yoxsa 8 metrdən adam vura bilmərəm ki?! O, AST Telman, Abramoviç-zad deyil ki…”.
Hüseyn Qasımovsa deyib ki, həmin vaxt ağacın arxasında gizlənməsəydi, nəticə faciəvi ola bilərdi.
Məhkəmə davam edir.
azadliq.org