“İcra Hakimiyyətinin işçiləri hədələdi, torpaqdan imtina etdik” -"MTN İŞİ"
Xeberinfo.com: Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarənin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.
Proses Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsinin binasında keçirilir.
Proses haqqında Çovdarovun vəkili Kamandar Nəsibov məlumat verib.
Məhkəmə Kürdəmir rayonunda yerləşən “Xatirə” restoranı epizodu üzrə davam edib.
Xatırladaq ki, ittiham aktına görə, Kürdəmir rayon Mollakənd rayonunda yerləşən Şeyman İmanova məxsus “Xatirə” restoranı Akif Çovdarov və adamları tərəfindən zorla ələ keçirilib.
Çovdarov isə həmin epizodu qəbul etmir. Hətta ötən proses müstəntiqin həmin epizodu cinayət işindən çıxartması müqabilində ondan və oğlundan 100 min manat rüşvət tələb etdiyini demişdi.
Prosesdə Kürdəmir rayon sabiq icra hakiminin aqrar məsələlər üzrə müavini olmuş Əşrəf Rzayev ifadə verib.
Əşrəf Rzayev istintaqa verdiyi ifadəni təsdiqləyib. Bildirib ki, icra başçısı onu yanına çağıraraq torpaqla bağlı sənədləşmə aparmasını tapşırıb: “Yanına getdim, dedi, torpaq var onu sənədləşdirmək lazımdır. Mən də torpaq komitəsi ilə baxdım ki, həmin yer boşdur. Biz də sənədləşdirdik”.
Daha sonra prosesdə şahid qismində Kürdəmir rayon bələdiyyə sədri olmuş, hazırda müəllim işləyən Mətləb Rzayev dindirilib. O da istintaqa verdiyi ifadəsini təsdiqləyib. Bildirib ki, həmin torpaq onlara məxsus olub: “Torpaq bizim idi. İcra Hakimiyyətinin Əşrəf və Gülbala adlı işçisi gəlib bildirdi ki, həmin torpağı vermək lazımdır. İlk öncə razılaşmadıq. Daha sonra icra hakimiyyətinin işçiləri hədə-qorxuya keçdilər. Məcbur olub həmin torpaqdan imtina etdik”.
Hər iki şahid Çovdarovu görmədiklərini bildiriblər.
Proses davam edir (lent.az).