MTN polkovniki öz dəstəsi ilə mağazaya basqın edib:"Gümüşü rəngli silahını hamıya göstərdi"
“Özlərini çox aqressiv aparırdılar. Fizuli Əliyev gümüşü rəngli silahını hamıya göstərdi. İşçilər haqda soruşub, mağazada axtarış apardılar. 5-6 noutbuk və 15-20 ədəd planşet götürdülər. Kassadakı 2 min manatı, seyfdə olan 80 min dolları və 20 min manatı götürdülər”.
Xeberinfo.com: Bu sözləri “MTN çetesi”nin zərərçəkmişlərindən olan sahibkar Bəxtiyar Musayev İstintaqa ifadəsində deyib.
Musavat.com-un verdiyi məlumata görə, B.Musayev Bakıda fəaliyyət göstərən “Star GSM” mağazasını çalışdırıb. Mağazada telefon, kompüter və məişət avadanlıqlarının satışı həyata keçirilib.
Bəxtiyar Musayev MTN-nin Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin sabiq rəis müavini, 1-ci idarənin sabiq rəisi Fizuli Əliyev, 2-ci idarənin 3-cü şöbəsinin sabiq rəisi Natiq Alıyev və digərlərinin zərərçəkmişi kimi tanınıb.
İstintaq zamanı məlum olub ki, MTN əməkdaşları sahibkarlıqla məşğul olan Bəxtiyar Musayev və onun işçiləri Gəray Mantaşov, Tural Qafarov və Elnur Abbasova qarşı qanunsuz əməllər törədərək onlara hədə-qorxu gəliblər.
“MTN mafiyası”nın növbəti əməlləri barədə zərərçəkmiş şəxs qismində tanınmış sahibkar Bəxtiyar Musayev istintaqa məlumat verib. O, ifadəsində göstərib ki, Bakıda, 28 May küçəsi 64 ünvanında yerləşən “Star GSM” mağazasını 2013-cü ilin axırlarından icarə müqaviləsi ilə işlədib. 2014-cü ilin noyabrından mağazanın Gəray Mantaşov, Tural Qafarov, Elnur Abbasov, Rüfət Aydəmirov, Günay Məmmədova adlı işçiləri olub. Sahibkar deyib ki, mobil telefonları bir qayda olaraq Bakıdakı “İnteqral”, “Mobitel” və “Caspian” şirkətlərindən, kompüter avadanlıqlarını və məişət texnikasını isə ayrı şirkətlərdən alaraq mağazada pərakəndə satışını təşkil edib.
Bəxtiyar Musayev ifadəsində qeyd edib ki, 2014-cü ilin noyabrında əvvəllər tanımadığı qadın müştəri kimi satıcısı Gəray Mantaşova 50-dən çox telefon sifariş verib. Elə olanlar da bundan sonra olub. Həmin qadının sifarişini G.Mantaşov və Elnur Abbasov adlı işçilərinin icra etdiyini və “İphone 6” markalı telefonları alaraq mağazada topladıqlarını deyən sahibkar söyləyib ki, işçiləri Gəray və Tural telefonları xanım müştərinin maşınına yerləşdirmək üçün mağazadan çıxıblar.
Mağazanı və seyfi yağmalayıblar
Digər satıcıları ilə mağazada olduğu zaman qəflətən 7-8 nəfər tanımadığı şəxs mağazaya gəlib, müştəriləri çölə çıxararaq qapıları bağlayıblar.
“Onlar 2 qara “Cip” maşını ilə gəldilər. İçəri girənlərdən biri özünü MTN-nin polkovniki Fizuli Əliyev kimi təqdim etdi. Özlərini çox aqressiv aparırdılar. Fizuli Əliyev gümüşü rəngli silahını hamıya göstərdi. Işçilər haqda soruşdu. Mağazada axtarış aparıb, 5-6 noutbuk və 15-20 ədəd planşet götürdülər. “İphone 6” telefonlarının aparatlarını da axtardılar, amma yox idi. Kassada olan 2 min manatı və seyfdə olan 80 min dolları və 20 min manatı götürdülər. 1 saatdan sonra Gəray Mantaşovu, Elnur Abbasovu və Tural Qafarovu MTN-ə apardılar. Bizi də mağazadan çıxarıb, qapıları bağladılar. Fizuli Əliyev hədə-qorxu gələrək heç yerə şikayət etməməyi tapşırdı” - deyə sahibkar başverənləri danışarkən deyib.
Bütün bu yaşananlardan sonra vəkil tutan sahibkar Baş Prokurorluğa teleqram vurub, işçilərinin MTN-ə aparıldığını deyib. 1 gün sonra Baş Prokurorluqdan ona cavab gəlib ki, adıçəkilən işçilərinin MTN-də saxlanılması təsdiq olunmayıb. 2 gün sonra işçilərindən Elnur Abbasov onunla əlaqə saxlayaraq deyib ki, MTN əməkdaşlarından Natiq Alıyev onunla danışmaq istəyir.
MTN hərracı günün kursu ilə alırmış...
“Elnur kassadan götürülən pulları mənə qaytardı. Elnurun telefonu MTN-də qalmışdı. Kompüterimdə Elnurun telefonu ilə “Skayp”la Natiq Alıyevlə danışdım. Mənə hədə-qorxu gələrək işçilərimin tutulması və onlar tərəfindən 50 ədəd telefonun satılması faktı ilə bağlı cinayət işinin qaldırılacağını dedi. Götürülən malların qaytarılması şərti ilə 100 min manat istədi. Məbləğin endirilməsini xahiş etsəm də nəzərə almadı” - deyə zərərçəkmiş əlavə edib.
Tələb onun məbləğin MTN-də şəxsən özünə çatdırılması istənilsə də, Bəxtiyar Musayev qorxduğundan MTN-ə getməyib. O, dostu Rəşad İsmayılovdan pulları MTN-ə aparmasını xahiş edib.
Bəxtiyar Musayev: “Rəşad pulları Natiq Alıyevə verəndə o, həmin günün kursundan aşağı olduğu üçün məbləğdən narazılıq edib və əlavə 22 min manat tələb edib. Sonra Rəşadla “28 May”da görüşdük. Əlavə olaraq 22 min manatı da MTN-ə çatdırması üçün ona verdim. Ancaq onlar mağazadan götürülən kompüter avadanlıqları və planşetləri qaytarsalar da, dəyəri 30.500 manat təşkil edən 50 ədəd telefonu qaytarmadılar”.
Mağzada satıcı işləyən Gəray Mantaşov da istintaqa ifadə verib. O da zərərçəkmiş kimi tanınıb. O, deyib ki, heç vaxt mağazaya xaricdən telefon gətirilməsi ilə məşğul olmayıb, yalnız Bakıdan alınan telefonların satışını həyata keçiriblər.
Xanım müştəri MTN-lə işbirliyində olub?
G.Mantaşov deyib ki, Vüsalə adlı xanım mağazaya müraciət edərək 15-20 ədəd “İhone 6” markalı telefon alıb. Bir neçə gün sonra isə yenidən müraciət edərək 50 ədəd eyni model telefonu sifariş verib.
Elə MTN əməkdaşları ilə görüş də həmin telefonların təhvil verilməsi zamanı olub: “Vüsalə xanım telefonları onun dediyi yerə aparmağımızı istədi. Görüş yerinə digər iş yoldaşımızın maşını ilə getdik. Vüsalə xanımın maşınında oturanda pulları saymağa başladı. Ancaq pulları təkrar-təkrar sayaraq vaxtı uzadırdı. Bir neçə dəqiqə sonra iki maşın gəldi. Bir nəfər mənə yaxınlaşaraq özünü MTN əməkdaşı Füzuli kimi təqdim etdi və üstümə qışqırdı. Pulu və telefonları təhvil verməyimi istədi”.
Daha sonra MTN-ə aparıldıqlarını deyən G.Mantaşov müştəri xanım Vüsaləni də orada gördüyünü söyləyib.
Bir gün MTN binasında saxlanılan G.Mantaşovu və iş yoldaşını səhəri gün nazirliyin binası yaxınlığındakı “Sultan” kafesinə aparıblar. MTN əməkdaşları burada onlara yemək alıb.
Digər zərərçəkmiş, həmin mağazanın satıcısı Tural Qafarov da eyni məzmunlu ifadə verib. T.Qafarov ifadəsində əlavə edib ki, MTN-lə birlikdə onlara bu oyunu özünü müştəri kimi təqdim edən Vüsalə adlı qadın təşkil edib.
MTN polkovnikinin “Vertu”su
Şahid qismində dindirilmiş Rüfət Aydəmirovun ifadəsində isə maraqlı bir məqam diqqəti çəkir. Belə ki, mağazada telefon ustası kimi çalışan R.Aydəmirov deyib ki, silahlı şəxslər mağazaya girərkən hər kəs qorxub.
Mağazada axtarış aparılan zaman əlində silah olan polkovnik Füzuli Əliyev ona yaxınlaşıb: “Əlindəki Çin istehsalı olan “Vertu” markalı telefonu göstərib dedi ki, “telefonun işığı niyə sönmür?” Soruşdu, amma telefonu düzəltməyə vermədi”.
İstintaq zamanı şahid qismində sahibkar Bəxtiyar Musayevin dostu Rəşadət İsmayılov da dindirilib. Rəşadət İsmayılovun ifadəsindən aydın olur ki, ona da “MTN mafiyası”nın əməllərindən az da olsa, “pay” düşüb. O, deyib ki, dostu qorxduğu üçün MTN-ə getmək istəməyib və ondan xahiş edib ki, 100 min manatı nazirliyə o çatdırsın. Pulu MTN əməkdaşlarına aparan R.İsmayılov hədə-qorxu ilə qarşılaşıb. Onun üstünə qışqıraraq deyiblər ki, dostu Bəxtiyara çatdırsın ki, başqa dövlət qurumlarına etdikləri şikayəti geri götürsün.
Bu işdə adı keçən xanım müştəri Vüsalə haqda da DTX istintaqa məlumat verib. Məlumata görə, Vüsalə Quliyeva aldığı telefonların qiymətinin bazar qiymətlərindən aşağı olmasından şübhələnərək, satılan telefonların qaçaq yolla ölkəyə gətirilməsini və müvafiq rüsumların ödənilməməsinə görə bu faktın araşdırılmasını MTN-dən xahiş edib.
İstintaq zamanı məlum olub ki, MTN-nin Monitorunq Mərkəzi “Star GSM” mağazasının ölkəyə qaçaq yolla telefon gətirdiyini əsas gətirərək, əməliyyat keçirib. Amma sonda bu, sübut edilməyib.