CƏBHƏDƏ DÖYÜŞLƏR:Ermənistan itki verdi
Xeberinfo.com: Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb.
Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.
Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.
Son zamanlar cəbhə xəttində nisbi sakitliyin hökm sürməsi, görünür Ermənistanı qane etmir və qarşı tərəf məqsədyönlü şəkildə, vaxtaşırı bu kimi təxribatlara əl atır.
Müdafiə Nazirliyi bildirir ki, əgər bundan sonra da düşmənin bu cür fəaliyyəti davam edərsə o, daha böyük və ağır itkilərlə üzləşəcəkdir.
* * *
Bu gün səhər saatlarından etibarən Azərbaycan–Ermənistan təmas xəttinin Talış kəndi istiqamətində döyüşlər gedir.
Azərbaycanın işğal olunmuş Ağdam rayonunun təmas xəttində yerləşən Əhmədağalı kəndi Ermənistan silahlı qüvvələrinin atəşinə məruz qalıb.
“Report”un Qarabağ bürosu xəbər verir ki, ermənilərin atdığı mərmilərdən biri kənd sakini Mətləb Əliyevə məxsus iki mərtəbəli evə düşüb.
Nəticədə yanğın baş verib və 8 otaqlı 338 kv.m-lik evin 318 kv.m-i əşyaları ilə birgə tamamilə yanıb.
Kənd sakinlərinin sözlərinə görə, qarşı tərəf əsasən yandırıcı güllələrdən və mərmilərdən istifadə edib. Atılan güllələrdən biri evin dam örtüyünə düşüb.
Yanğın zamanı ev sahibləri mənzildə olublar. Xəsarət alan olmayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağdam rayon Yanğından Mühafizə hissəsinin əməkdaşları cəlb olunublar. Alovun qonşu evlərə keçməsinin qarşısı alınıb.
Erməni saytlarında olan məlumatlara görə, qarşıdurma nəticəsində Ermənistan tərəfi yüksək rütbəli zabitlər də daxil olmaqla ciddi itki verib. Baş leytenant Şavarş Melikyan, əsgərlər Edqar Narayan və Erik Abovyan həlak olublar.