Rövnəq Abdullayevin estakada yalanı ifşa oldu
Bu gün səhər saat 5 radələrində Xəzər dənizində “Azneft” İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsində baş verən qəzada daha 10 nəfər neftçinin taleyinə qaranlıq çökdü.
Xeberinfo.com: Ötən il baş verən və 30-dan çox neftçinin öldüyü qəzanın bir ilinin tamamından az keçməmiş daha 10 neftçi ailəsinə od düşdü. Və görünür, bu, elə belə də davam edəcək.
Bəs, SOCAR-ın tabeliyində olan bütün bu platformalarda baş verən qəzaların məsuliyyətini kimlər daşıyır? Qəzalı olan və ölkədə ən kiçik hava hadisəsindən sonra uçub dağılan bu platformalarda işləyən neftçilərin həyatlarına kim cavabdehdir?
Bütün bu suallar illərdir, cavabsız qalır. SOCAR prezidenti Rövnəq Abdullayev isə müdrikcə susur. Normal işləyən qurumun rəhbəri belə bir faciədən dərhal sonra jurnalistlərin qarşısına çıxmalı və hesabat verməli idi. Lakin qəzadan yarım sutka keçməsinə baxmayaraq, SOCAR rəhbəri Rövnəq Abdullayev ortalığa çıxmayıb, faciə ilə bağlı bir cümlə danışmayıb.
BakiPost.az-ın əldə etdiyi məlumata görə, ötən ilin dekabrında 30-dan çox neftçinin həlak olduğu qəzalardan sonra R.Abdullayev qəzalı və sovet dövründən qalmış bütün platforma və estakadaların təmir edilməsi barədə ölkə rəhbərliyindən konkret tapşırıq alıb. Bu tapşırıqdan bir neçə ay sonra – bu ilin yayında isə SOCAR prezidenti ölkə rəhbərliyinə müsbət yönlü hesabat verib və qəzalı platformaların təmir edildiyi, artıq belə ağır faciələrin yaşanmayacağı və küləkli havalarda dənizdə işləyən neftçilərin həyatlarının qorunması üçün hər cür önləmin alındığı barədə məruzə ilə çıxış edib.
Təbii ki, SOCAR rəhbəri bütün bu “təmir və quruculuq işləri”nə “xərclədiyi” məbləğ barədə də ölkə rəhbərliyinə hesabat verib. Bu məbləğlər isə təxmin edildiyi kimi milyonlarla manatı ehtiva edir. Ötən ilki faciədən 1 ildən çox, Rövnəq Abdullayevin ölkə rəhbərliyinə “hər şey qaydasındadır” hesabatından aylar keçməsinin ardından isə məlum oldu ki, qəzalı vəziyyətdə olan platformalar elə qəzalı vəziyyətdə də qalıb və onlarda heç bir təmirdən söhbət gedə bilməz.
Bu barədə Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlının yazdıqlarına diqqət edəndə məsələnin nə qədər faciəvi olduğu ortaya çıxır: “Bu gün uçan estakada 1970-ci illərdə tikilib və indiyə kimi xırda təmir işlərini istisna etsək, heç bir əsaslı təmir işi aparılmayıb”.
M.Qəhrəmanlının yazdıqlarından məlum olur ki, məsələnin daha dəhşətli tərəfi başqadır. Belə ki, qəza baş verən estakada SOCAR-ın balansında da “qəzalı və işlək olmayan” estakada kimi göstərilib: “Estakada uçarkən özünə bitişik işlək meydançanın bir hissəsini də çəkib, hansı ki orada işçilərin olduğu budka yerləşirdi. Bu işdə tikinti, keyfiyyət yox, birbaşa təhlükəsiz istismar sorğulanmalıdır”.
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban da bu gün Xəzərdə 10 neftçinin qəzaya düşməsi ilə bağlı maraqlı məlumat paylaşıb.
Mütəxəssis qəzanın baş verdiyi Nərimanov NQÇİ-də işlərin necə aparıldığını yazıb. Onun sözlərinə görə, Nərimanov NQÇİ hasilatı platformalar üzərindən həyata keçirmir, yataqlar dənizin dayaz hissəsində yerləşdiyi (10-30 metr) üçün onların istismarı estakada üsulu və qazma prosesi isə meydançalardan (ploşadka) həyata keçirilir: “Meydançalar nədir? Onların qalıqlarını Pirallahı adasına gedənlər daha yaxından görüblər. Təyyarə ilə Bakıya gələnlər isə çox zaman məhz Nərimanov NQÇİ-nin meydançaları üzərindən eniş edirlər. Görünür ki, onların nə qədəri artıq ömrünü başa vurub. Əlbəttə, 40-50 il istismarda olub və laylardan karbohidrohen ehtiyatları çıxartdıqdan sonra ömürlərini başa vurublar. Sovet zamanı ekologiyaya ümumiyyətlə heç fikir vermirdilər və heç maddə də yox idi ki, bu meydançaları, estakadaları sonra ləğv etsinlər”.
Hər iki şəxsin yazdıqlarından aydın olur ki, SOCAR-a məxsus və sovet dövründə istismara verilmiş platformalarda işləyən neftçilər Allahın ümidinə qalıb. Bu platforma və estakadalarda heç bir təmirdən söhbət getmədiyi üçün oradakı hər kəs hər an ölüm təhlükəsi ilə üzə-üzə qalıb.
Platformalarda işləyən neftçilərdən saytımıza daxil olan məlumatda isə R.Abdullayevin “təmir oyunu”nun detalları da üzə çıxır. Məlum olur ki, SOCAR prezidenti doğrudan da ötən il ölkə rəhbərliyinin qəti tapşırığından sonra qəzalı platformalarda təmir işləri apartdırıb. Lakin bu təmir işləri platformaların yeni rəngə boyanmasından o yana keçməyib. Qəzalı platformalarda işləyən neftçi yazır: “Bizim platforma da 70-ci illərdə tikilib. Kənardan baxanda tam təmirli görünür. Vertolyotla platformaya baxsan, fikirləşərsən ki, yəqin, bura ötən il tikilib. Lakin platformaya enib üstündə işləyəndə görürsən ki, bura Allah ümidinə ayaqda qalıb. Heç bir təmirdən söhbət gedə bilməz. Bir neçə aydan bir gəlib budkaları, platformaları “kraskalayıb” gedirlər. Adını da qoyurlar təmir”.
…və bu “təmir”dən sonra yenə də neftçilərimizi Xəzərin udması prosesi davam edir. Rövnəq Abdullayev isə bu qədər insanın qanı və bu qədər ailənin göz yaşlarının arxasında hələ də susur. SOCAR rəhbərinin “təmir” yalanının üstünün açılmasına isə 10 can qurban oldu. Ümid edək ki, R.Abdullayevin səriştəsizliyinə daha heç bir neftçi ömrü fəda olmayacaq.
…və çox ümid edirik ki, itkin düşən neftçilərimiz sağ-salamat tapılacaq və ailələrinə qovuşacaq.
Onu da qeyd edək ki, bu gün baş verən faciənin ardından Azərbaycan prezidenti İlham Əliyev dərhal müvafiq qurumlara göstəriş verdi. Prezidentin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir:
“Dekabrın 15-də səhər saat 05.00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. Bunun nəticəsində ilkin məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 10 nəfər işçisi itkin düşüb. Vəziyyət barədə məlumat dərhal Azərbaycan Respublikasının Prezidentinə məruzə edilib. Dövlətimizin başçısı təcili olaraq itkin düşmüş neftçilərin axtarışı ilə bağlı bütün müvafiq qurumların rəhbərlərinə göstəriş verib.
Hazırda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin helikopter və gəmiləri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əməkdaşları, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmiləri itkin düşmüş neftçilərin axtarışı ilə bağlı operativ xilasetmə işlərini həyata keçirirlər. Bu saata kimi 1 nəfərin cəsədi tapılıb.
İtkin düşmüş şəxslərin axtarışı ilə bağlı tədbirlər davam etdirilir. Vəziyyətlə bağlı məlumatlar mütəmadi olaraq dövlət başçısına məruzə edilir”.