Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Vidadi Zeynalova hər ay 500 min manat vermişik”

vidadi zeynalov

“Aztelekom” İstehsal Birliyinin sabiq baş direktoru Məhəmməd Məmmədovun istintaqa verdiyi ifadə məlum olub. 

Xeberinfo.com:   İttiham aktına əsasən, Məhəmməd Məmmədov ifadəsində bildirib ki, 2004-cü ildən “Aztelekom” İstehsalat Birliyinin baş direktoru vəzifəsində işləyib: “2015-ci ildə “Aztelekom” İstehsalat Birliyinin bazasında “Aztelekom” MMC təsis edildi. Cəmiyyət Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur qrumu olduğundan MMC-nin fəaliyyətinə nazirliyin rəhbərliyi, yəni nazir Əli Abbasov, nazir müavinləri İltimas Məmmədov və Elmir Vəlizadə, aparat rəhbəri Vidadi Zeynalov nəzarət edirdi. İltimas Məmmədov texniki məsələlərə, Elmir Vəlizadə informasiya texnologiyalarına, Vidadi Zeynalov isə maliyyə məsələlərinə nəzarət edirdi. “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov nazirliyin nomenklaturası olduğuna görə o, birbaşa Vidadi Zeynalovla hesablaşırdı. Baş mühasibin işə qəbulu, işdən azad olunması, məzuniyyət və ezamiyyə əmrləri birbaşa nazirlik tərəfindən verilirdi. Vidadi Zeynalov Oktay Rüstəmovun özünə göstəriş vermişdi ki, aylıq olaraq pul toplayıb ona təqdim etsin. Oktay Rüstəmov tərəfindən Vidadi Zeynalova 2009-2013-cü illərdə hər ay stabil olaraq 500.000 manat, 2014-2015-ci illərdə isə aylıq 200.000 manat pul verilib. Qeyd edilən vəsaitlər Oktay Rüstəmov tərəfindən nağd olaraq toplanıb, həmin proseslərə  müdaxilə etmək, qarşısını almaq səlahiyyətlərim yox idi. Sadəcə olaraq, cəmiyyətin baş direktoru kimi gedən proseslərdən məlumatım olurdu”.

Sabiq baş direktor ifadəsində bildirib ki, RYTN-nə tabe olan struktur qurumlardan beynəlxalq trafik mübadiləsini təşkil edən “Azintelekom” MMC olub: “Beynəlxalq telefon danışıqlarının mübadiləsi “Azintelekom” MMC ilə “Aztelekom” MMC-nin arasında bağlanmış qarşılıqlı hesablaşma müqaviləsi əsasında həyata keçirilib. Müqavilənin şərtlərinə görə xarici dövlətlərdən Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən “Aztelekom” MMC-nin abunəçilərinə daxil olan telefon zənglərinə görə “Azintelekom” MMC “Aztelekom” MMC-yə, “Aztelekom” MMC-nin telefon abunəçilərindən xarici dövlətlərə edilən zənglərə görə isə “Aztelekom” MMC “Azintelekom” MMC-yə ödənişləri həyata keçirib. Beynəlxaq danışıq trafikinə görə xidmət göstərdiyi üçün “Azintelekom” MMC-dən “Aztelekom” MMC-nin hesabına aylıq 1.000.000-2.000.000 manat arası vəsait köçürülüb. “Azintelekom” MMC-nin hesabından köçürülən vəsait birbaşa və ya dolayı yolla Vidadi Zeynalova ödənilib. Belə ki, Vidadi Zeynalov baş mühasib Oktay Rüstəmova göstəriş verdiyi üçün “Azintelekom” MMC-dən daxil olan vəsait onun dediyi müəssisələrə köçürülüb. Podratçı təşkilatların hesabına köçürülmüş vəsaitlərin müəyyən hissəsi, vəsaitlərin əsas hissəsi isə “Optik Rabitə Montaj”, “Optik Rabitə Tikinti və Quraşdırma”, “Rabitəçi İstirahət Bazası”, “Qafqaz-S İnşaat” və “Komplas” MMC-lərin hesablarına köçürülməklə, müxtəlif müqavilələr əsasında nağdılaşdırılaraq Oktay Rüstəmovun vasitəsi ilə Vidadi Zeynalova verilib. Bütün ödənişlər bank hesabları vasitəsi ilə köçürülürdü. “Aztelekom” MMC-nin bank hesabı “Kapitalbank” ASC-nin Rabitə filialında olub. “Aztelekom” MMC kimi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeçiliyinə olan digər struktur qurumlarının rəhbərləri tərəfindən aparat rəhbəri Vidadi Zeynalova aylıq vəsait vermələrini eşidirdim,  həmin ödənişlərin hansı məbləğ təşkil etməsini bilmirdim.

Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru M.Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi A.Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru C.Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Q.Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi S.Hümbətov, həmçinin E.Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru B.Vəliyev, “Optik Qurğular” İdarəsinin rəisi N.Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmov da saxlanılıb. Daha sonra məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.

RYTN-in mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 40 milyon manat pulu mənimsəməkdə ittiham olunurlar. İittiham aktına əsasən, A.Mustafayev 567 min, E.Məmmədov 7 milyon 700 min, O.Rüstəmov 250 min, S.Hümbətov 600 min, Q.Bəybalayev 2 milyon, C.Cəfərov 1,5 milyon, B.Vəliyev 204 min, V.Zeynalov 8 milyon, B.Hüseynov 10 milyon və N.Məmmədov isə 4 milyon manat mənimsəməkdə təqsirli bilinirlər.

V.Zeynalov, B.Hüseynov, A.Mustafayev, E.Məmmədov, M.Məmmədov, O.Rüstəmov, N.Məmmədov, S.Hümbətov, Q.Bəybalayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd),308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), C.Cəfərov 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və B.Vəliyev isə 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar. (lent.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam