Akif Çovdarov başqa bir generala qarşı…
Xeberinfo.com: Hələ bir müddət əvvəl məlumat yayılmışdı ki, həbsdəki MTN-çilər arasında toqquşma var, onların bəziləri bir-birinin əleyhinə ifadələr veriblər. Yuxarı vəzifəli şəxslərə qarşı çıxanlar təkcə tabeliklərində çalışan işçilər deyil. Belə görünür ki, generallar da bir-biri ilə qarşıdurmaya gedib. Məsələn, MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş general-mayor Akif Çovdarovla MTN-nin Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinə rəhbərlik etmiş general-mayor Sübahir Qurbanov.
Akif Çovdarovun vəkili Kamandar Nəsibov Sübahir Qurbanovun işində zərərçəkmiş tərəfin hüquqlarını müdafiə edir. Başqa sözlə, eyni adam həbsdəki MTN generallarından birinə qarşı talançılıq, mənimsəmə ittihamlarının əsassız olduğunu sübuta yetirmək üçün əlindən gələni elədiyi halda, başqa bir generalın eyni əməlləri törətdiyini təsdiqləməyə çalışır.
Dünən mətbuatda məlumat yayıldı ki, Sübahir Qurbanov Cəmşid Novruzov adlı şəxsin 4,5 milyon manatlıq üçmərtəbəli obyekti cəmi 305 min manata əlindən alıb, oğlu Erkin Qurbanzadənin adına keçirib. MTN ətrafında məlum olaylardan, generalların həbsindən sonra Cəmşid Novruzov prokurorluğa müraciət edərək, obyektinin Sübahir Qurbanov tərəfindən ələ keçirildiyini göstərib. Bundan sonra Novruzov da sabiq idarə rəisinin işi üzrə zərərçəkmiş qismində tanınıb.
“Azadlıq”a daxil olan məlumata görə, həmin zərərçəkmiş Cəmşid Novruzovun hüquqlarını Akif Çovdarovun vəkili Kamandar Nəsibov müdafiə edir.
Xatırladaq ki, MTN ətrafında baş verənlərdən sonra bu qurumun 20-dən artıq yüksək vəzifəli əməkdaşı cinayət məsuliyyətinə cəlb olundu, xeyli general həbs edildi. Amma onların barələrindəki cinayət işi bir neçə qrupa bölündü. Hər bir idarənin rəisi və onun tabeliyində çalışmış şəxslərin işi ayrıca qrup şəklində araşdırılır. Məsələn, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik etmiş Akif Çovdarov və bu idarədə onun tabeliyində işləmiş Akif Əliyev, Səlim Məmmədov və Orxan Osmanovun cinayət işi bir qrup şəklində ayrılaraq məhkəməyə göndərilib. Adları çəkilən dörd nəfərin işi üzrə məhkəmə prosesi gedir. Sabiq MTN-çilərin işinə Bakı Hərbi Məhkəməsinin hakimləri baxır.
Digər MTN-çilərin işi üzrə hələlik ibtidai istintaq yekunlaşmayıb.