4 hektarlıq yaşıllığı alıb, ağacları qıran iş adamı - FOTOLAR
Xətai rayonunda “yaşıl soyqırım” davam edir.
Xeberinfo.com: Yenə də yaşıllıqlar məhv edilir, yerində biznes obyektləri tikilir. Bu dəfə “Heydər Əliyev parkı”nın ətrafında, yol kənarına yaxın ərazilər hasarlanaraq yüksək məbləğdə iş adamlarına satılır, bir sotunun qiyməti isə 100 min manatdır.
Məsələ ilə bağlı musavat.com-un müxbiri adıçəkilən ərazidə olub, vəziyyətlə maraqlanıb. “Heydər Əliyev parkı”nın ətrafındakı ərazidə ağaclar qırılır, 40-50 illik yaşıllıqlar məhv edilir. Yol kənarı boyunca tikinti işləri aparılır. Bir neçə yerdə ərazi dəmir və daş hasarlarla əhatələnib. Ərazidə çalışan fəhlələrin dediyinə görə, burada restoran və ictimai hamam tikiləcəyi nəzərdə tutulub. Digər yerlərdə isə iaşə obyektlərinin olması nəzərdə tutulur.
Sakinlər magistral yolun bir addımlığındakı ikimərtəbəli tikilinin Sabir adlı şəxsə məxsus olduğunu bildirdilər. Bir neçə il öncə həmin şəxs bu ərazini Soltan adlı varlı bir iş adamından alıb. Bir sotu 100 min manatdan olmaqla 10 sota yaxın torpaq alıb, oradakı ağacları kəsib, indi də yerində obyekt tikir. Hazırda da həmin ərazidə tikinti işləri davam etdirilir. Deyilənə görə, bu ərazi əvvəllər “Heydər Əliyev parkı”nın bir hissəsi olub, sonradan Soltan adlı iş adamı tərəfindən özəlləşdirilib. Satılan ərazilər əvvəl sıx meşəlik olsa belə, zaman-zaman adı çəkilən iş adamı həmin yaşıllıqları məhv edib. Həm də yolkənarına, ən görkəmli yerdə aidiyyatı qurumların gözü önündə, açıq-aşkar yaşıllığı yoxa çıxarıb.
Musavat.com-un Soltan adlı şəxs haqqında məlumat toplamağa nail olsa da, soyadını dəqiqləşdirmək mümkün olmayıb. Sakinlərin sözlərindən məlum olub ki, həmin şəxs 4 hektara yaxın ərazinin sahibidir. İş adamı illər öncə bu əraziləri özəlləşdirərək şəxsi mülkinə çevirib. Alqı-satqı əməliyyatının dəqiq tarixi bəlli olmasa da, Xətai Rayon İcra Hakimiyyətindən satın aldığı məlumdur. Adı çəkilən iş adamının həmin torpaqların özəl mülkiyyətində olduğuna dair sənədləri də var.
İş adamı 4 hektar ərazini nəzarətsiz də qoymayıb. Ərazidə kiçik bir ev tikdirərək bir ailəni nəzarətçi kimi həmin evə yerləşdirib. Nəzarətçini orada saxlamaqda məqsədi isə ərazinin başqalarının zəbt etməsindən qorumaqdır. Orxan adlı nəzarətçi ilə də həmsöhbət olduq. Müştəri kimi yaxınlaşıb, torpaq alacağımızı bildirdik. Söhbət əsnasında bəlli oldu ki, ərazinin ən ucuz hissəsində torpağın bir sotu 80-100 min manat civarındadır, torpaq almaq istəyən istənilən şəxs də gəlib ala bilər. Yaşıllıqlar arasında nə istəsən tikə bilərsən. Təbii ki, puluna minnət...
Bu ərazinin isə kimə məxsus olduğunu soruşduqda isə nəzrətçi belə cavab verdi: “Tanımamış olmazsan, Soltan müəllim böyük adamdır, arada qara “Cip”də gəlir” dedi.
Diqqət çəkən məqam odur ki, yaşıllıq ərazi lent ilə bir neçə hissəyə ayrılıb. İş adamı satılan əraziləri satılmamış hissədən ayırma üçün əraziləri lentlə hasarlayır. Elə nəzarətçinin də işi bu lentlərə baxmaqdır. Onun dediyinə görə, bunun üstündə nazirliklə də mübahisələri olub. Çox güman ki, söhbət Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gedir.
Magistral yola yaxın ərazidə ağacları yenicə qırılan başqa bir yaşıllıq ərazi də diqqətimizi cəlb etdi. Hasara alınmış təxminən 10-12 sot ərazidə tikinti işləri dayandırılıb.
Ətrafdakıların dediyinə görə, tikinti aparan şəxs işə başlayarkən problemlə üzləşib. Səbəb isə odur ki, Soltan adlı torpaq sahibi həmin ərazini eyni vaxtda iki adama satıb. Bu səbəbdən də illərdir ki, tikili yarımçıq qalıb. Tikinti aparılarkən ərazidə olan onlarla ağac da kəsilib.
Təəssüflər olsun ki, ər kəsin gözü önündə baş verənlər nə ictimaiyyətdə bir reaksiya doğurur, nə də aidiyyatı qurumları hərəkətə gətirir.
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.
Fotolar mü